KƏND QADINLARI “PIÇILTILARDAN SƏSLƏRƏ” NECƏ KEÇDİLƏR?

 

Azərbaycandakı Qadın İnkişaf və Müəssisə Qruplarının “Pıçıltılardan səslərə” adlı kataloqu hazırlanıb. Bu maraqlı ad altında ərsəyə gələn kitab Azərbaycan Kənd Qadınları Assosiasiyası və ABŞ-ın USAID təşkilatının birgə layihəsidir.

Kataloqda 23 rayon üzrə 700 qadını əhatə edən 50 qrupun fəaliyyət sahəsi, motivasiyaedici uğur hekayəsi, ictimai təmsilçiliyi, yerli və beynəlxalq səviyyədə əməkdaşlığı, diqqətçəkən fotolar yer alıb. Bu qrupların çoxu ölkədə yetərincə populyardır, hətta qrup üzvləri regionlarında rol-model olaraq, tanınırlar. Lakin yeni inkişaf mərhələsində olan qruplar var. Onların biznesini genişləndirməsi, şaxələndirməsi üçün kataloq vasitəsilə tanıtıma ehtiyacları var.
Bəs niyə “Pıçıltılardan səslərə”? AQKA sədri Gülbəniz Qənbərova bu suala belə cavab verir: “Ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsini yaratmaq asan olmadı. Çünki kəndlərdəki qadınlarımız inanılmaz dərəcədə bacarıqlı, zəhmətkeş, təşəbbüskar olsalar da, bəzən səslərini duyurmaqda çətinlik çəkirdilər. Biz bu kövrək pıçıltıları ailə, kənd, icma, rayon səviyyəsindən inamlı səslərə yüksəltməyə müvəffəq olduq.”
Kataloqa ön sözü Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova , USAID-in Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas yazıblar.
H.Hüseynova: “Əziz xanımlar, sizin zəhmətiniz, yorulmadan çalışmağınız, qabiliyyətiniz həyatda özünüzü görmək istədiyiniz yerə aparacaq. Bu, sadəcə başlanğıcdır! ”
M.Nirbas: ”Bu nəşr biznes ictimaiyyətinə Azərbaycan kənd qadınlarının mövcud sahibkarlıq potensialını daha yaxşı anlamağa imkan verəcək.”
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, USAID təşkilatının Özəl Sektorun İnkişafına Dəstək layihəsinin rəhbəri Matt Veber qadın qruplarının həm yerli, həm də xarici müştərilərlə daha səmərəli əlaqə qurması, geniş bazarlara çıxışı baxımından kataloqun verəcəyi faydadan danışıblar.
Kataloqun regional təqdimatı fevralın 22-də Bərdə şəhərində olacaq.

Share: