“Kəlbəcərin məxfi müdafiə xəritəsi öldürülmüş erməni polkovnikin üzərindən tapılıb…”

Bu il Kəlbəcərin 25-ci “qara yubileyi”ni də keçirdik… Bu dilbər, bənzərsiz guşəmizin ermənilərə işğal etdirilməsindən (!) artıq bir qərinə ötdü… Amma işğal altındakı digər bölgələrimiz kimi Kəlbəcər rayonu da yalnız işğal günlərində deyil, hər gün, hər saat Azərbaycan vətəndaşının yadından  çıxmamalıdır… Xəbər verdiyimiz kimi, 1991-1994-cü illərdə Qarabağda gedən qanlı savaşlar zamanı Azərbaycan  parlamentində baş vermiş əksər hadisələrin şahidi olmuş sabiq deputat Maksim Musayev Kəlbəcərin işğalından  5 il sonra – 1998-ci ilin aprelində bu haqda yazdığı  maraqlı bir məqaləsini Moderator.az-a təqdim edib. Tarixi-siyasi aktuallığını nəzərə alaraq  keçmiş parlament üzvünün  1993-cü ilin mart, aprel və may aylarında  Milli Məclisdə Kəlbəcərin işğalı ilə bağlı müzakirələr haqda gündəlik qeydləri, şahidi olduqları və iclasların stenoqramları əsasında hazırladığı məqaləsinin ən maraqlı məqamlarını  dəyərli oxucuların mühakiməsinə buraxırıq:
(Milli Məclisin 1993-cü il aprelin 6-da Kəlbəcərin işğalı ilə bağlı keçirilmiş qapalı iclasında baş verənlər. Davamı.)
 
“Əsgərlər Kəlbəcərdən Murovdağın başına kimi qaçıblar…”
“Respublika Çağırış Komissiyasının sədri, respublika Hərbi komissarı polkovnik Şakir Nağıyev öz çıxışında maraqlı rəqəmlər açıqladı:
“Son 10 ay müddətində ehtiyatda olan 123 min 885 nəfəri hərbi xidmətə yollamışıq. Onlardan 5885-i ehtiyatda olan zabitlərdir. 65 min 165 nəfəri əsgər və serjantlardır. 53 min nəfər 18 yaşı tamam olan çağırışçılardır…”
General dediyi rəqəm əsasında hesabladım ki, deməli, Kəlbəcərin işğalı ərəfəsində Azərbaycanda  Dağlıq Qarabağdakı ermənilərin o vaxtkı sayına yaxın sayda  hərbçi rəsmən səfərbər olunub.
Hərbi komissar onu da qeyd etdi ki, həmin qeyd olunan saydan əlavə, müxtəlif rayonlardan minlərlə gənc könüllü şəkildə, hərbi komissarlıqdan qeydiyyatdan keçməmiş döyüş bölgələrinə yollanıb.
“Onların sayını dəqiq bilmirik. Amma o da var ki, bu qədər adamı yenicə formalaşan hərbi hissələrdə saxlaya bilmirik. Həmin 123 mindən çox səfərbər olunmuş hərbçilərin 60 faizi hələ bu günədək hərbi hissələrə yerləşdirilməyib. Hərbi hissələrə göndərilənlərin yarısı 10-15 gündən sonra bəzi çatışmazlıqlar səbəbindən evlərinə qayıtmağa məcbur olurlar. Bunun qarşısı alınmır, təkliflər vermişik, ancaq ciddi məşğul olan yoxdur. Səfərbərliyin təşkil olunması haqda Prezidentin fərmanı da var. Lakin yerlərdə ona ciddi əməl etmirlər. İctimai nəqliyyatda, qatar və təyyarələrdə yoxlamalar aparırıq. Bakı-Moskva qatarında fərarilik etmək istəyən bir sıra vətəndaşlar aşkar edilərək yenidən hərbi komisssarlıqlara qaytarılıb.
Müharibə olan ölkədə hər bir cavabdeh vəzifəli şəxs öz işinə məsuliyyətlə yanaşmalıdır. Deputatlarımız da bu işdə bizə dəstək verməlidir. Təəssüf ki, yerlərdə icra hakimiyyətləri də səfərbərlik işində bizə lazımi dəstək vermir. Onu da qeyd edim ki, biz  öz əməkdaşlarımızı səhlənkarlıqlarına görə ciddi cəzalandırırıq. Son aylarda 30-a yaxın rayon hərbi komissarını işdən azad etmişik. Bizə digər qurumlar ciddi kömək göstərsə, biz öz işimizi daha yaxşıgörə bilərik.
Onu da xatırladım ki, hazırda Azərbaycanda hələ 335 min nəfərdən çox ehtiyatda olan hərbi qulluqçumuz var. Görün, bu nə dədr böyük qüvvədir və bundan düzgün istifadə etməyi bacarmalıyıq. Vətəni sevən gənclərimiz çoxdur, sadəcə onları düzgün təşkil etmək lazımdır. Bu günlərdə Pereküşküldəki təlim mərkəzində 1800-ə yaxın çağırışçını hazırlayıb yola saldıq. Onlar çox böyük həvəslə, yüyürə-yüyürə avtobuslara minir, hamısı cəbhəyə yollanmaq üçün biri-birini qabaqlamağa çalışırdı…”
Sonra BMT-yə Kəlbəcərin işğalı ilə əlaqədar prezidentin  göndərdiyi məktubun mətni gətirildi və çoxaldılıb Milli Məclis üzvlərinə paylandı.  Deputatlar məktubun zəif yazıldığını, diplomatik yazı səviyyəsindən aşağı olduğunu, parlamentin bundan xəbəri olmadığını qeyd etdilər. Belə bir məlumat da verildi ki, Kəlbəcərdəki briqada komandirinin əmri ilə qoşun geri çəkilib. Tunelə qədər heç bir hərbi əməliyyat keçirilməyib. Qoşun düşmənə heç bir müqavimət göstərməyib, əsgərlər Kəlbəcərdən Murovdağın başına kimi qaçıblar. Kəlbəcərin bir neçə məxfi  müdafiə xəritəsi necə olubsa, öldürülmüş erməni polkovnikin üzərindən tapılıb. Kəlbəcərə Basarkeçər tərəfdən hücumların olması və qubadlıların kəlbcərlilərə köməyə gəlməsi faktı da aşkarlandı…”
(Davamı var)
Maksim Musayev, sabiq deputat
Share: