İTLƏRİN SONUNCU  ŞOUSU

İtlər haqqında  bu  yazını   İT İLİNDƏ – yəni  ötən il yazmaq istəyirdim.  Amma elə  oldu ki,   DONUZ ilində bu mövzu mənim diqqətimi  yenidən cəlb etdi. Deyilənə görə  donuz ilində doğulanlar üçün ən yaxşı dövr payız, xüsusilə noyabr ayıdır! Həm də  şərq ulduz falına görə  bu vədələrdə donuzlar   itlərə də qəyyumluq edirlər…

 

  …Hər gün səhər işə gələndə və axşamüstü  işdən çıxıb  evə  gedəndə Qazaxstanın və Belarus səfirliklərinin qarşısından ötüb keçirəm.  Bu  iki səfirliyin iqamətgahı ilə üzbəüz  “Salam Aleykum”   ailəvi restoranı, ondan   da  irəlidə  Müqəddəs Bakirə Məryəm kilsəsi  yerləşir…

Səfirlikləri görəndə   adam qeyri-ixtiyari  siyasət, diplomatiya,  restoranı görəndə  yeyib-içmək,  kilsə-məbəd görəndə  təbii ki, Tanrı  barədə düşünür.   Amma burada  diqqəti  cəlb edən və adamı  ötəri  də  olsa düşündürən   təkcə bu  dörd yaraşıqlı  və müasir  memarlıq   üslubunda  tikilmiş  binalar  deyil ,  həm də payızda bar verən  zümrüd rəngli  zeytun ağacları  və  bu  MÜBARƏK  ağacların arasında gəzib-dolaşan  sahibsiz  itlərdir…

Bir dəfə eləmədim tənbəllik,  dayanıb  bu  ərazidəki   yiyəsiz küçə  itlərini   saydım. İyirmidən  çox olardı .  İtlərin  beş-altısı   zeytun ağaclarının  dibində  uzanıb, başlarını  biləklərinin üstünə qoyub   mürgüləyirdi.  Elə bil  bütün  gecəni  oyaq qalıb    “öz ərazilərinin”  keşiyni  çəkib   yorulmuşdular.   Yeddi-səkkiz  it isə   restoran tərəfdə   dəmir  zibil  qutularının ətrafında səssiz- səmirsiz   gəzib -dolaşırdı.  Sanki qida  tapmaq üçün  kəşfiyyata çıxmışdılar.  Bir  neçə  it də  göyənəklikdə   quyruğu üstə  şöngüyüb  gözlərini yoldan  ötən  maşınlara, səkilərdə ora-bura  gedən   insanlara   zilləmişdi…

***

Bir azdan  “kəşfiyyatçı”  İtlərdən biri  astadan  hürdü.  Sonra  iki –üç it də  ona qoşulub  bərkən  hürdü. Əvvəlcə   mənə  elə gəldi ki,  onlar  zeytun ağaclarının altında  uzanan  dördayaqlı  dostlarını  zibil qutularının ətrafından tapdığı  sür-sümüyü yeməyə çağırırlar…

Sən  demə,  bu  hürüşmə   məhəlləyə   gələn  zibildaşıyan  maşına  hücum etmək  barədə  “işarə”  imiş . İtlər   bir araya gəlib    hürə-hürə  zibildaşıyan maşını  mühasirəyə   aldılar.  Zibildaşıyan cavanlardan biri   yerdən iri  daş parçası götürüb  itlərə atmaq istədi. O biri  ona  acıqlanıb:

– Atma, -dedi,  –  bəyəm   bilmirsən,  indi  İtlərin də  toxunulmazlıq hüququ var.

-Zarafat edirsən?

-Zarafat-zad etmirəm.  Hətta   itin qulağını, quyruğunu kəsmək, onları  bir-biri ilə boğuşdurmaq  qadağan olunub…

Nəhayət  zibildaşıyan maşın yola düşdü. İtlər maşını   gözdən  itənəcən izlədilər.  Sanki   hürə-hürə  deyinir,   zibildaşıyanlara  “ bizə  çatası  sür-sümüyü hara  aparırsınız” deyə  etiraz edirdilər.

Küçə və ya sahibsiz  itlərin  “sür-sümük” uğrunda  belə əlbir mübarzəsi  heyrət  doğurur.   Üstəlik onlar  “öz  ərazilərini”   özgə  məhəllədən  gələn  itlərdən  qoruyurlar.  Yad   itləri  qabaqlarına qatıb  özlərinin meydan suladığı  ərazidən qovub çıxarırlar…

***

Sahibsiz  itlərin   ərazi uğrunda meydan   savaşına  səhərlər  idman  yürüşünə  çıxdığımız  Zığ  yolu üzərində yerləşən  Meşə Parkında  tez- tez  şahid  oluruq.  Getdikcə  ətəklərində ağacları  seyrələn  hündür  təbiət güşəsinin bir parçası  uğrunda  sahibsiz  itlər əsl  nüfuz   savaşı aparırlar.  Onu  da deyim  ki, bu itlər   burda   sahibləri  ilə gəzən   müxtəlif cins itlərə çox  qısqanc lıqla  yanaşırlar, bəzən də  onlarla boğuşmaq istəyirlər.

Son illər  itlərin qısırlaşdırılması və sterilizasiyası  onların nəsil artırmaq    “hüququnu  əllərindən”  alsa da,  hürmə  hüquqları, aqressivliyi  özlərində  qalıb.   Bir çox  heyvan hüquqları müdafiəçisi  küçə itlərinin aqressivliyini  elə  onlara    aqressivcəsinə  yanaşan  adamlarda   görür.

Hərdən  adama  elə gəlir ki,  sahibsiz  itlər  dəbdəbəli villlalarda bəslənən,  geniş və rahat mənzillərdə  yaşayan, bahalı maşınlarda gəzən  müxtəlif  cinsli itlərin paxıllığını çəkirlər…  Amma  Bakıda küçə itləri arasında sahibləri tərəfindən atılmış xeyli sayda cins itlərə də rast gəlmək olur.

Buruntaqla  gəzdirilən  itlərlə  sahibləri   çox  vaxt  rus dilində danışırlar. Bir dəfə  bahalı  cip maşınla  bu təbii  parkı  xatırladan guşəyə gəzməyə gətirdiyi cins   itlə   azərbaycanlı  kişinin ingiliscə danışması məni çox  təəccübləndirdi. Öyrəndim  it  dənizdən  neft çıxaran ingilis iş adamına məxsusdur  və  kişiyə  bu itə qulluq etmək üçün  mənim aylıq maaşımdan  da çox   pul verir.  Hətta  neft məcnunu olan o  ingilis təbiət qoynuna aparmaq üçün  itinə  xüsusi manşın da ayırıb…

Bir dəfə  necə  oldusa  bir rus qadının  gəzdirdiyi  tulalarla  ingilisin  iti  üz-üzə gəlib bir-birinə  bərkdən mırıldaşdılar.  Elə bil onlar da ərazi uğrunda  dalaşmaq  istəyir: “bura mənimdi” deyirdilər. Bu müşahidələrimi  sonralar “Mavi prezidentin iti” hekayəmdə  ətraflı qələmə aldım.

Hərdən  şəhərdə   gəzdirdikləri  iti  əzizləyən adamları   görəndə (mənə elə gəlir ki, onların arasında başqa xalqların nümayəndələri çoxluq təşkil edir)  düşünürəm:  “Bəxtəvərlər  gör nə qədər  PUL  qazanır ki, hələ evlərində it-pişik də bəsləyirlər!..”

Amma yox,  deyirəm bəlkə ingilisin, fransızın,  almanın, rusun iti bizim  yerli –  milli itlərimizdən daha  ağıllıdır?  Axı  bizim  milli itlər ağıllı  olsaydı,  şəhərin müxtəlif  yerlərində,  yaşayış massivlərinin həyət-bacasında   İT günündə yaşamazdı!..

Elə  bu fikrə paralel olaraq  dünyada  hər kəs üçün arzuolunan ölkə  sayılan Amerikanı düşünürəm. Görəsən  orda Nyu-Yorkun   Çin  məhəllərində  itlər  Bakıdakı kimi belə asudə, sürü halında  gəzb-dolaşa bilirlərmi?  Axı  çinlilərin it əti  yeməsi dünyaya məlumdur…

Dünya demişkən,   itlər haqqında  dünya  kinematoqrafları  bir-birindən  maralı filmlər çəkib.  “Qaraqulaq ağ Bim” (SSRİ-Rusiya) ,  “Lessi” ( Böyük  Britaniya) “Bethoven” (ABŞ)  “Haçiko, bir itin taleyi” (ABŞ) və s.

Mərhum  yazıçımız  İsmayıl Şıxlının son romanı  –  “Ölən dünyam”dakı   Alan adlı  it  heç   də həmin  “adlı-sanlı”  itlərdən geri  qalmır.  Hətta  onlardan da üstün və bənzərsizdir.  Çünki  “qaçqın” Alanın   canavarla cütləşməndən  əmələ gələn törəməsi  belə öz   adını və  yaddaş kodunu  itirmir, uzun illərdən sonra yurduna dönən  Həsən ağanı tanıyır…

Məgər çörəyini  yediyi  ailəyə   dönük çıxan Keçəl  Xondulu kimi zalım hökümət  adamını  boğan  ALAN   almanın, ya  da  ingilisin iti idi?   Türkcə   Alan sözünün bir mənası da  meydan  deməkdir. Məsələn, savaş alanı  – hərb meydanı anlamındadır…

Nə  isə …  Görünür, ədəbiyyatda yaranan it obrazını  kinoda  olduğu  kimi  canlandırmaq bizdə çox  qəliz məsələdir. Elə  Elçinin  “Dolça” povestinin əsasında   ekranlaşdırılmış “Bağ mövsümü” filmindəki   Toplanın  adı da, özü də rejissorun  milliləşdirmək istədiyi  yad  itdir.  Belə təlim görmüş  itlər  bir  yana qalsın  hətta “Babək” filmindəki   atların  bir qismi  də o zaman Moskvadakı At qarnizonundan gətirilirdi.

Bu gün  Bakının küçələrində  it günündə  gəzib-dolaşan  sahibsiz  itləri görəndə sərhəd zastavalarında,  gömrük xidmətində   və başqa sahələrdə   istifadə olunan itlər yada düşür.  Yüksək  iyduyma qabiliyyəti olan  itlər   narkotik vasitələri  tapır,  qaçaqmalçıların izinə düşür və s. və i…

 

Müqayisə  yerinə düşməsə də  qeyd edim  ki,   Qraf,  Bobi,Çarli, Cessi  və s.   populyar  əcnəbi itlərin adından və cinsindən bəlli olur ki,  bir çox   idmançılar –xüsusilə də  futbol    klublarının   oyunçuları xaricdən  baha  qiymətə   gətirildiyi  kimi,  belə cins  itləri də  almağa  dövlət büdcəsindən xeyli  vəsait  xərclənir…

Bəs  hazırda   çox az sayda qalan  Azərbaycanın  milli  it cinsi  olan  Qurdbacar və başqa itlərə  qayğı  göstərmək ,  onları bu və ya digər sahələrdə çalışdırmaq belə çətindi?   Qurdun iyini yüz metrlərlə məsafədən ala bilən bu itlər o  qədər güclü və iri olurlar ki, arabanı at kimi darta bilirlər. Qurdbasar çoban olmadan belə sürünü tək başına  qoruya bilir.

Hələ  ki,  İt ömrü yaşaya-yaşaya küçələrdə,  parklarda  sülənən  sahibsiz  İtlər                                                 “it şousu”  göstərib,  öz aralarında meydan savaşı aparırlar. Bu itləri hər dəfə görəndə  Çarli  Çaplinin  yüz  il  əvvəl çəkdiyi  “İt həyatı”  filmindəki  epizodlar yada düşür.

Düzdü,  IDEA  Heyvanlara Qayğı Mərkəzi   tərəfindən Bakıda sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və müalicəsi üzrə beynəlxalq norma və tələblərə uyğun aksiyalar  keçirir. “Toplan ” Sahibsiz İtlərə Qayğı Mərkəzinin də gələn il istifadəyə verəcəyi  sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkana  dönəcək …

Lakin bu gün Xətai rayonunun ən gözəl yerində, Xəzər dənizinə  panoraması  olan “Meşə Parkı”nda  atılmış  uşaqıar  kimi qayğıya  möhtac çoxlu syada sahibsiz  itlər  gəzib-dolaşır.   Yəqin  ki,  yuxarıda  adı çəkilən QAYĞI  mərkəzləri  yaxın günlərdə  parkda abadlıq işlərinin  aparılması  ilə əlaqədar  bu itlərin  “ərazi iddialarına ”  xitam verəcəklər.

…Həmin  gün tarixə  sahibsiz itlərin son meydan savaşı  – SONUNCU  ŞOUSU kimi düşəcək!

AzərNUR 

7  noyabr 2019-cu il

Share: