İtburnu –     Uluqbey Xamdam mini romanı

 

Müdriklər deyib ki, insan dünyaya hansı gözlərlə baxırsa, elə də görür.

I

(birinci nəsil)

Bir zamanlar iki qonşu bağ evini bir-birindən ayıran bir sahənin sərt toprağında bir kol yetişmişdi. Onu heç kim əkməmişdi, özü yetişmişdi, sanki qədərin sehrli çubuğu ilə iki qonşunun həyat yolunda anidən görünmüşdü… Bəlkə də bu insanlar onun yolunda qarşılaşmışdılar, kim bilir….

Kol illər ərzində yuxarıya, göy üzünə doğru yüksəldi, eyni zamanda dörd tərəfə qol-budaq atdı. Uzaqdan baxıldığı zaman bu kolu ağacla qarışdırmaq olurdu. Qonşular onunla heç maraqlanmırdılar. Nə oğlanın ailəsi, nə də qızın ailəsi kola ev sahipi gözüylə baxmırdı. Hər payız onlar bağlarındakı müxtəlif ağacların bütün meyvələrini yığardılar, lakin itburnunun meyvələri toplanmamış qalardı.

Oğlan qonşusunu məzəmmət etdi: – Niyə itburnunun meyvələrini yığmırsınız? Yaxın vaxtlarda qar yağacaq. Bu qədər gözəl giləmeyvənin zay olması günahdır!

Qız isə cilvəli bir şəkildə cavab verdi: – Siz nə danışırsınız? Kolun budaqlarının çoxu sizə tərəf əyilib, buna görə də kol, şübhəsiz sizə aiddir. Yaxşı, tələsin, meyvələr zay olmadan onları yığın.

Beləcə iki tərəfin boş mübahisəsi nəticəsində itburnunun meyvələri toplanmamış qaldı…..

İllər bir-birinin arxasınca keçib getdi…

Bir gün oğlan şəhərdən təkbaşına bağ evinə gəldi. Əlinə bir kətmən alaraq bağa getdi və birdən gözəl çiçəkləmiş kolun dibində dayanan qonşu qızı gördü. O, anidən yüyəni dartılan bir at kimi dayandı. Öncə dalğın qızı ürkütməmək üçün öskürdü, sonra fərqində olmadan qıza tərəf iki-üç addım atdı. Fikrini toplayan qız bir az geri çəkildi, salam verdi və vəziyyətdən rahat şəkildə sıyrılmaq istəyərək coşquyla dedi: – Bir baxın, necə də gözəl çiçək açıb!

Amma birdən dayandı. Oğlan ona yaxınlaşmaya davam edir, bir yandan da gözlərini kollarda açan dəstə-dəstə açılmış çiçəklərdən ayırmırdı. Kol tamamilə çiçək açmışdı, qoxusu bütün məhəlləyə yayılmışdı. Bu ətir bir budaqdan digərinə uçan arıları da özünə çəkirdi. Kola doğru çətinliklə əyilən gənc oğlan, açıq bənövşəyi çiçəklərdən birini xəfifcə qoxladı. Fərqli qoxunu hiss etdi. Bəlkə də bitkinin nektarının qoxusuydu. Amma bu qoxu fərqliydi: daha zərifdi, qəribə cazibədarlığı vardı…

O, dikəldi, gərnəşdi və təkrar, bu dəfə daha dərindən, gözəl qoxulu havanı içinə çəkdi və sonra itburnunun qoxusuyla birlikdə, düz önündə dayanan başqa bir çiçəyin – bütün çiçəklərin ən gözəlinin, qızın saçlarının ətrini hiss etdi. Bir anlıq başı fırlandı. Bu, onun sonrakı taleyini də müəyyənləşdirdi…

-Bir baxın, keçən ilki meyvələr hələ də kolun üstündədir, sanki onlar yarpaqların və çiçəklərin altında giziləniblər, – qız bu sehrli dünyadan ayılmaq üçün dedi. Bilirsiniz bunun səbəbi nədir?

-Əlbəttə, qonşuların tənbəlliyi! Başqa nə ola bilər ki? Qızlar belə tənbəl olmamalıdırlar.

– Sən özün tənbəlsən! – qız cilvəli şəkildə cavab verdi. Amma söhbətimizi belə bitirək: payızda iki ilin məhsulunu bir dəfədə toplayacağam və öz əllərimlə sizə təqdim edəcəyəm!…

– Ha-ha-ha! Oğlan razı halda güldü. Qız da ona qoşulub güldü…..

Bu arada zamanın çarxı növbəti dəfə döndü. Nəhayət payız gəldi. Payız!… Təbiətin qızıllarının toplanıldığı vaxt…

…Oğlan, hər iki ailənin heç bir üzvünün evdə olmayacağı həftə içi günlərin birində axşam tərəfi bağa gəldi. Əlində bir vedrə tutaraq kola yaxınlaşdı və ona doğru əyilən budaqlardan yetişmiş meyvələri toplamaya başladı. Sonra dolu vedrəni kolun altına qoyaraq şəhərə qayıtdı….

Hər zamankı kimi, həftə sonunda hər iki ailənin bütün üzvləri bağ evlərinə yığışdılar. Gənc, üzündə müzəffər bir ifadəylə, bir gün əvvəl kolların altına qoyduğu giləmeyvə dolu vedrəni götürdü və qıza dərs vermək üçün qonşu bağa gedən cığırdan aşağı enərkən, birdən qızı əlində eyni plastik vedrəylə ona tərəf gələn gördü.

– Əssəlamu-aleyküm, deyə gənc oğlan salam verdi.

– Və alayküm-salam! Xoş gəldin, qonşum. O tənbəl qızın sözü bax! Bunu deyib, qız əlindəki vedrəni çaşqın oğlana uzatdı. Vedrənin içində giləmeyvələr vardı! Qızın baxışları bir anda oğlanın əlindəki vedrəyə sataşdı və o da çaşıb qaldı. Sonra vedrələri yerə qoyaraq ikisi də itburnu koluna tərəf qaçdılar…

Kola yaxınlaşdıqları zaman, gənclər kolun üzərində giləmeyvə qalmadığını gördülər. Qızın oğlan üçün öz bağları tərəfdən, oğlanın da qız üçün öz bağları tərəfdən giləmeyvələri yığdığı məlum oldu. Sadəcə qız bunu səhər, oğlan isə axşam tərəfi etmişdi. Bu səbəbdən də digər tərəfdəki giləmeyvələrinin çoxdan yığıldığının fərqində belə olmamışdılar…

…İtburnu kolunun ətrafında olanları öyrənən və gizlicə qohum olmaq istəyən hər iki ana da, ailələrin böyüklərinə bunları bəzəyib-düzəyib danışdılar… Planın gerçəkləşməsini gecikdirməyin mənası yox idi, çünkü ailənin böyüklərinin razılığı olarsa, Allah da razı olar.

Toy baharda, itburnu kollarının çiçəklədiyi vaxtda oldu…

***

Müdriklər deyib ki, insan dünyaya hansı gözlərlə baxırsa, elə də görür.

 

II

(ikinci nəsil)

Bundan sonra itburnu yenidən çiçək açdı və dəfələrlə yapraqlarını tökdü. Bir ailə olan oğlan və qız, kol kimi yaşadılar, budaqlarını həyatın genişliyinə yaydılar və öz “meyvələrini” verdilər. Amma vaxt keçdikcə kolun əksinə onlar yaşlandılar, iki oğul və iki qızları, onlardan da on bir nəvələri oldu. Övladlarına xeyir-dua verən valideynlər bu dünyanı tərk ediblər. Artıq qocalmış bu cütlük isə, uzun illərdir şəhərə heç getmədən bağ evlərində yaşıyırdılar. Qısası, bu torpaqlara aşiq olmuşdular, burada  həyatın mənasını tapmışdılar. O yaşlı insanlar bu dünyadakı son günlərini yaşayarkən doğma topraqlarda yan-yana dəfn olunmalarını vəsiyyət etdilər.

Bu zaman kol böyüməyə davam edirdi. Yaşlı kişi və qadın ömürlərinin sonuna qədər onunla maraqlandılar. Köhnə budaqlarını kəsdilər, yeni fidanlara xüsusi maraq göstərdilər, kolu bir körpə kimi qorudular, valideyn şəfqəti və mərhəməti göstərdilər. Bu diqqətin təzahürü olaraq, itburnu iki evin arasında əzəmətli bir şəkildə dayanıb yeni nəsillərə köhnə gözəl günləri xatırladırdı. Sanki zaman dayanmış və bir dəqiqə sonra o oğlan və o qız çiçəkli kolluqların qoxusunun dadını çıxarmaq üçün qaçaraq buraya gələcəkdilər və keçən ilin meyvələrini toplayacaqdılar və sonra xoşbəxt bir toy edəcəkdilər….

…Amma, xeyr. İndi geriyə dönüb baxsanız, zamanın pəncəsində – bir oğlan və bir qız, həyat yollarından keçib getmiş və uzun zaman sonra yaşlı bir qocaya və yaşlı bir qarıya dönmüş və o biri dünyaya köçmüşdülər. Onların yerlərini sonrakı nəsillər almışdılar. Kolun bir tərəfində yaşlı kişi və yaşlı qadının ən kiçik oğlu və qonşu evdə yaşlı qadının qohumunun da eyni yaşda gənc bir varisinin olduğunu görmək mümkündür! Yeni nəsillər bizim köhnə kolumuzu ziyarət etməyə başlayıblar. Mənim üçün maraqlıdır, görəsən bu nəsil ona necə xitap edəcəkdir: “sənmi”, “sizmi”…?

– İtburnu mənə aiddir. Uşaqlarınıza deyin ki, ona yaxınlaşmasınlar.  Bütün meyvələri özüm yığacağam!, – bir “tərəf” təhdidli formada deyir.

– Cibinizin ağzını açıq tutun! İtburnu budaqlarının çoxu baxçama tərəf əyilib, yəni mənim əmlakımdır. Əgər bir dənəsini belə qopartsanız, qonşu, söz verirəm bağını darmadağın edəcəyəm, o biri “tərəf” hücumu davam etdirir…

Beləcə qonşular arasında mübahisə yarandı.  Nə “bu tərəf”, nə də digər “tərəf” bir-birlərinə güzəştə getmək istəmirdilər. Bu mübahisə gedərək böyüdü və zamanla soyuq münasibətə, soyuq münasibətsə ədavətə çevrildi. Sonda qonşular, əqrabalar qatı düşmən oldular. İş elə bir nöqtəyə gəldi ki, nəhs bir gündə qarşı tərəflər iki ev arasında bir divar hörməyə qərar verdilər. Ancaq bu məsələdə də sərhəd mövzusunda ortaq dil tapa bilmədilər. Hər iki qonşu sərhədi kolun öz tərəfində qalacağı şəklində müəyyənləşdirmək istəyirdi.

Bir gün qonşulardan biri bağdakı ağacların yarpaqlarının quruduğunu gördü. Qonşu başa düşmədi ki, ağaclar sulanıb gübrələndiyi, tamamilə sağlam olduqları halda niyə belə olmuşdular? Qonşusunun ağaclarına baxdı. Hamısı böyüyüb meyvə verirdi. Sonra öz ağaclarının altındakı toprağa diqqətlə baxdı və əhəng məhlulunun izlərini gördü. Hər şey gün kimi aydındı. Qiyamət günü gəlmişdi…

Qonşusunu belə bir alçaqlıq üçün cəzalandırmaq niyyəti ilə iki oğlunu çağırdı və onları baltalarla silahlandırdı, bağa girdi və hirslə bir zamanlar bağ evlərinin arasında qəfildən peyda olan və təbii bir sərhəd funksiyası rolunu oynayan itburnunun budaqlarını kəsməyə başladı. Budaqlar kəsildikdən sonra itburnunun gövdəsini kəsdi. İntiqam almaq – ən azından həmin qonşunun ruhunda hökm sürən duyğu bu idi…

Ev sahibi balta səslərinə qaçaraq gəldiyi zaman, bağındakı ağacların yarısının üç adam tərəfindən çoxdan kəsilmiş olduğunu gördü. Çarəsizlik içində vandalları dayandırmaq istədi və əlibaltalı zalımın qolundan tutdu. O da sərt bir şəkildə qonşusunu özündən qopartmaq istədi. Baxışları qarşılaşdığı zaman illərdir damarlarında dolaşan qan bir vulkan kimi hərəkətə keçdi. Boğuşma nəticəsində az əvvəl sərt ağac gövdələrini kəsməkdə olan baltanın ucu adamın yumşaq boynuna düşdü…

Həbs edilən qatil qonşu da bir neçə il sonra hənsxanada vərəmdən öldü…

 Müdriklər deyib ki, insan dünyaya hansı gözlərlə baxırsa, elə də görür.

 

III

(üçüncü nəsil)

Qanlı mübahisəyə qarışan qonşu öldüyü zaman, itburnu həmin bahar köklərindən yeni fidanlar verdi. İllər keçdikcə böyüdü və yavaş-yavaş yenidən görünməyə başladı… Bahar yenidən gəlmişdi, torpaq oyanmışdı! Quşlar nəşəylə civildəyir, arılar vızıldayır, külək belə öz dilində insan hekayələri pıçıldayırdı. Bu ahəngi düşünən hər insanın ruhu təzələnirdi… Amma küləyin dilindən anlayan haradadır?… Yapraqların xışıltısından yer üzünün sirrlərini anlayanlar hələ doğulmayıb ki?!… Tanrının əlinin yazısı torpağın dərinliklərindədir…

 Birinci gün

Burada Adəmoğlu dünyanın gözəlliyini mədh etmək üçün öz yerini tərk etdi… Gənc bir qız evdən bayıra çıxdı və bağa doğru qaçarkən itburnu koluna toxunub səndələdi. Orada eləcə dayanıb çiçək açmış gənc fidanlara maraqla baxdı. Eyni anda, bağın digər tərəfində, onunla təxminən eyni yaşda, bəlkə də ondan bir-iki yaş böyük bir oğlan dayanmışdı. Eyni istiqamətdə irəlilədi və qıza yaxınlaşaraq ondan soruşdu:

– Nəyə baxırsan?

– Adının nə olduğunu bilmirəm. Amma baxın, nə qədər gözəl çiçəklər açıb. Adını bilmirsənmi?, – deyə suala sualla cavab verdi. Gənc oğlan başını “yox” mənasında yellədi:

-Həqiqətən çox gözəldir, dedi və əyilərək çiçəyin qoxusunu ciyərlərinə çəkdi…

– Gözəldir, gözəldir, amma onun üzündən, onun üzündən… Qız davam edə bilmədi. Kəlimələr yad bir düyün kimi boğazına ilişdi. Ayağa qalxdı, sonra anidən arxasına döndü və yüksək səslə hıçqıraraq evə qaçdı …

İkinci gün

Ertəsi sabah gənc oğlan gözlərini erkəndən açdı. Çox yatmamışdı. Yataqdan qalxmadan uzun müddət uzandı, amma düşüncələrini bitirə bilmədi. Sonunda ağır-ağır qalxaraq həyətə çıxdı, üzünü buz kimi suyla yudu, amma bu, belə işə yaramadı. Dərin düşüncələr ruhuna ağırlıq edirdi. Nədənsə ayaqları onu yenidən kolluqlara doğru çəkib aparırdı. Dözə bilməyib könülsüz şəkildə ona tərəf yeridi. Gəldi və kolluqların yanında diz çökdü….

Zamanın çarxı döndü…

Anası onu nahar üçün səslədi, amma oğlan yerindən tərpənmədi. Dizlərini qucaqlayarq hələ də dünənki qızı gözləyirdi. Sanki içindən bir səs ona pıçıldayırdı: “Gözlə, o mütləq gələcək”.

O, qəlbinin səsini dinləyərək gözlədi, hərəkət etmədi. Birdən, günün batışı zamanı qızın tanış paltarı ağacların arasında parladı. “Nəhayət!”, – oğlan dərindən nəfəs aldı.

– Ağlayırdınmı?

Qız səssizdi.

– Ağladım, çox ağladım, deyə gənc qız davam etdi.

– Dünən anam mənə hər şeyi anlatdı. Daha öncə bilmirdim. Atalarımızdan əvvəl, babalarımız sevib evlənibmiş… Bilirdinizmi?

Qız heç bir cavab vermədi.

– Səbəbi də bu kol olub, deyə oğlan davam etdi.

Qız səssizcə dinlədi. Deyəsən, o da babasının və nənəsinin taleyini bilirdi. Bir müddət heç bir söz demədən dayandı və sonra anidən ağacların arxasında qeyb oldu…

Üçüncü gün

Eyni kolluğun yanında təkrar qarşılaşdılar.

– Kolun adını anandan soruşdunmu?

– Xeyr, bəs sən?

– Unutdum.

Bir dəqiqə ərzində səssiz qaldılar. Amma hələ düşünürdülər….

– Bu vacibdirmi?, – deyə oğlan səssizliyi pozaraq soruşdu.

– Nə bilim?… Məncə önəmlidir, – qız düşüncəli bir şəkildə cavabladı.

Beləcə adını bilmədikləri kolun yanında uzun müddət dayandılar. Bayırdan baxan bir müşahidəçi elə düşünərdi ki, bu iki yeniyetmə – bir qız və bir oğlan sanki itburnuyla necə davranacaqlarını bilmirlər, lakin elə görünürlər ki, sanki öyrənmək istəyirlər. Onlar kolun ətrafında fırlandılar, əl-qol hərəkətləri etdilər, bir-birlərinə nəsə anlatdılar… Və kim bilir, bəlkə də babalarını xatırlayırdılar, ya da ağıllarında başqa bir şey vardı…

 ***

Müdriklər deyib ki, insan dünyaya hansı gözlərlə baxırsa, elə də görür.

Tərcümə edən: Rəsmiyyə Sabir

Share: