İtaliyada növbədənkənar ümumi seçkilər keçirilir

Bu gün İtaliyada növbədənkənar ümumi seçkilər keçiriləcək.

Builki seçkilərdə ölkə tarixində 19-cu qanunverici orqana – parlamentin yuxarı palatası olan Senata 200 senator, aşağı palata – Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və 23:00-dək davam edəcək. Seçkilərdə 50,8 milyondan çox italiyalı səsvermə hüququna malikdir.

Qanunvericiliyə əsasən, seçkilərə 15 gün qalmış ölkədə heç bir rəy sorğusu dərc olunmur. Sentyabrın 10-da açıqlanan rəy sorğularına əsasən, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci, Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans – “Demokrat Partiya” isə ikinci yerdədir. Baş nazir postu uğrunda yarışda G.Meloni qarşısında E.Lettanın şansı daha az görünür.

Sonrakı yerlərdə “Liqa” Partiyasının lideri Matteo Salvini, “Beş Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte, İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni qərarlaşıb.

Rəy sorğularına görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi alyans hökumət qurmaq üçün çoxluğu qazanacaq.

G.Meloni seçki kampaniyası dövründə bildirib ki, ölkədə ən mühüm problem əhalinin sayının azalması və ailələrin daha az uşaqlı olmasıdır. O, bəyan edib ki, hakimiyyətə gəlsələr ailə məsələləri onlar üçün prioritet olacaq. 45 yaşlı Meloni seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin o seçkidən qalib çıxsa, sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gələcəklər.

Enriko Letta isə 2013-cü ilin aprelindən 2014-cü ilin fevralınadək Baş nazir vəzifəsində çalışıb. Belə ki, 2013-cü ilin fevralında İtaliyada keçirilən ümumi seçkilərdən sonra həftələrlə hökumət qurula bilməyib, o vaxtı Prezident Giorgio Napolitano E.Lettaya ölkədə barışıq hökuməti qurmağı tapşırıb. E.Letta seçki kampaniyası zamanı iş və iş həyatının prioritet olduğunu bildirib, bu sahədə vergiləri azaldacağı ilə bağlı söz verib.

Qeyd edək ki, bu, İtaliya tarixində keçiriləcək 9-cu növbədənkənar seçkilərdir. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilib.

Xatırladaq ki, İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa ərizəsini Prezident Sercio Mattarellaya təqdim edib. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan ümumi seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar verib.

Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 pandemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulub. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləyib.

Mənbə: TASS

Share: