“İsveç və Finlandiya verdikləri sözlərə əməl etməlidirlər”

“Madrid zirvəsi çəçivəsində imzalanan üçtərəfli memorandumla Türkiyə Finlandiya və İsveçin NATO-ya dəvət edilməsinə etirazını geri götürüb, lakin proses hələ tamamlanmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin aparıcı qəzetlərindən olan “Aftenposten”in suallarını cavablandırarkən deyib.

“İsveç və Finlandiya Madriddə verdikləri sözlərə əməl etməlidirlər. Verilən vədlərin tutulduğuna əmin olsaq, üzvlükləri təsdiqlənəcək. Hazırda Türkiyə Böyük Millət Məclisi işləmir. Ona görə də bu gün konkret bir tarixdən danışa bilmərik. Türkiyənin Finlandiya və İsveçdən iki əsas gözləntisi var. İlk növbədə, NATO-nun təmsil etdiyi müttəfiqlik ruhuna zidd olduğunu əsas gətirərək, müdafiə sektoru ilə bağlı sanksiyaları ləğv etmələrini istədik. İkinci məsələ isə Türkiyəni təhdid edən terror təşkilatlarına qarşı konkret addımlar atmaları idi. Bu çərçivədə həm PKK-YPG, həm də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edərək 251 nəfəri qətlə yetirən FETÖ üzvlərinə sığınacaq verməmələrini tələb etdik. İsveç və Finlandiya bu tələbləri yerinə yetirəcəklərini bəyan etdilər. Hazırda vəziyyəti qiymətləndiririk”, – deyə Altun söyləyib.

O, Türkiyənin Finlandiya və İsveçlə bağlanmış müqavilə çərçivəsində İsveçə təqdim etdiyi, ekstradisiya etmək istədiyi şəxslərin siyahısında neçə nəfər olduğu sualı ilə bağlı qeyd edib ki, məsələyə kəmiyyət deyil, keyfiyyət baxımından baxılır: “Madriddə imzalanan memorandum əsasında Ədliyyə Nazirliyi hər iki ölkəyə lazımi rəsmi tələblər göndərib. Bu tələblər arasında daha əvvəl rədd edilən ekstradisiya tələblərinin bəzilərinin yenidən araşdırılması da var. Keçmişdə rədd edilən tələblər də ölkələr arasındakı mövcud razılaşmalara ziddir. Gözləntimiz İsveç və Finlandiyanın Türkiyəni müttəfiq olaraq gördüklərini və bunun üçün lazım olan addımları atacaqlarını sübut etmələridir”.

 


Share: