Uşaq yaşlarında ayda heç olmazsa bir dəfə balıq yemək gələcəkdə təhlükəli xəstəliklərin çoxunun inkişaf riskini azaldır.
AZƏRTAC xəbər verir ki, İsveçin Höteborq Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri bu faktı təsdiq edib.
İsveçli diyetoloqlar uşaq yaşlarında yeyilən balıq və balıq məhsullarının potensial faydasını üzə çıxarıblar. Məlum olub ki, böyüməkdə olan orqanizmin rasionuna daxil olan balıq ot qızdırmasının (pollinoz) inkişaf riskini xeyli azaldır.
Tədqiqatçılar bir yaşınadək olan uşaqların qidalanması və həyat tərzi ilə bağlı 4 min valideyn arasında sorğu aparıblar, uşaqlar bir az böyüyəndən sonra onların sağlamlıq durumunu yoxlayıblar. Onlar belə qənaətə gəliblər ki, ayda heç olmazsa bir dəfə balıq yeyən uşaqlar 12 yaşına çatanda allergiyanın inkişaf riskinə təqribən 30 faiz az məruz qalırlar. Balıq məhsulları sonralar astma və ekzemanın inkişaf riskini də azaldır.
Tədqiqatçıların sözlərinə görə, balığın faydalı xüsusiyyətləri tərkibində antihistamin xassələrə malik omeqa-3 yağ turşusunun miqdarının yüksək olması ilə bağlıdır. Alimlər bildirirlər ki, hazırda rasionumuzda belə xüsusiyyətləri olmayan omeqa-6 yağ turşusu daha çoxdur. Balığın tərkibində isə omeqa-3 ilə bərabər, çoxlu faydalı maddələr, məsələn, vitamin D, müdafiə funksiyalarına malik külli miqdarda zülal var.
Müstəqil.Az