İstifadəçilərin kriptovalyutalara marağı artır

Respondentlər kriptovalyutaların yaxın 5 ildə qlobal maliyyə sistemində əsas yer tuta biləcəyinə inanır

Kriptovalyutalara investisiya yatırmaq istəyənlərin sayı 2023-cü ildə daha da artacaq. Dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçılarından biri olan “Binance” şirkətinin MDB ölkələrindən olan istifadəçilər arasında apardığı sorğunun nəticələrinə görə, bu il “Binance” istifadəçilərinin 88%-dən çoxu kriptovalyutalara investisiya yatırmağa davam edəcək.

2022-ci ilin oktyabr və noyabr aylarında keçirilən sorğunun əsas məqsədi kriptovalyuta birjasının istifadəçilərinin kriptovalyuta sənayesinin əsas trendləri, proqnozları və perspektivləri haqqında müstəqil və anonim şəkildə fikirlərini öyrənmək olub. Sorğuda Qazaxıstan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Azərbaycan və digər ölkələrdən 11150 respondent iştirak edib.

Maraqlıdır ki, respondentlərin yalnız 3,3 %-i 2023-cü ildə rəqəmsal aktivlərə investisiya qoymağı planlaşdırmadıqlarını bildirib. 79,7 % istifadəçi kriptovalyutaların qlobal iqtisadiyyatın inkişafı baxımından zəruriliyinə əminlik ifadə edib.

«2022-ci il kriptovalyuta sənayesi üçün sınaq ili olsa da, qeyd etmək lazımdır ki, bu, eyni zamanda bizə nikbinlik üçün daha çox səbəb verib: sənaye dayanıqlıq və davamlılıq nümayiş etdirib. Bunu sorğunun nəticələri də təsdiqləyir. Respondentlərin, demək olar, yarısı kriptovalyutaların yaxın 5 ildə qlobal maliyyə sistemində əsas yer tuta biləcəyini hesab edir, 52%-i isə hesab edir ki, onların kriptovalyuta sənayesinin tənzimlənməsində 2022-ci ildə şahid olduqları tərəqqi sənayenin daha da inkişafına, həmçinin kriptovalyuta bazarının daha şəffaf və təhlükəsiz olacağına imkan verəcək», deyə «Binance»in regional direktoru Vladimir Smerkis bildirib.

Sorğuda iştirak edən respondentlərin 49%-i kriptovalyuta sərmayələri üçün platforma seçimində ən vacib meyar kimi təhlükəsizlik və etibarlılığı, 15,2% faizi istifadəçi dostu olan interfeysi, 12,8 % isə aşağı komissiyaları göstərib.

Respondentlərin 40%-dən çoxu 2022-ci ildə kriptovalyuta alışının səbəbini investisiya perspektivini görməsi ilə əsaslandırıb. Həmçinin alış üçün təkan bitkoinin qiymətinin aşağı düşməsi və ümumi ayı trendi olub. Respondentlərin 8 %-i alışa səbəb kimi dünyadakı geosiyasi vəziyyəti vurğulayıb, 11,5 %-i isə ənənəvi maliyyə və iqtisadi sistemə etimadsızlığı ifadə edib.

Bitkoin (BTC) əvvəlkitək sorğuda iştirak edən «Binance» istifadəçilərinin sahib olduqları dominant kriptovalyutadır. İlk kriptovalyutaya sahib olma payı 21,7 % təşkil edir.

Onu da qeyd edək ki, son illərdə Bitcoin sahiblərinin faizi xeyli aşağı düşüb. 2021-ci ildə Bitcoin sahiblərinin göstəricisi 60,5 % təşkil edib. Tether (17,8 %) və BUSD (10,3%) də ilk üçlükdə qərarlaşıb.

Sorğuda iştirak edənlərin 59,4%-i hesab edir ki, bir müddətdən sonra  kriptovalyutada depozitlər ənənəvi bank depozitlərini əvəz edə biləcək.

Respondentlərin 40,8%-i ənənəvi investisiya imkanlarından (səhm almaq, daşınmaz əmlaka investisiya yatırmaq, pay fondları) istifadə etmədiyini, 32,4% isə ənənəvi investisiya üsullarına müraciət etdiklərini bildiriblər.  


Share: