“İstəyirəm ki, oyun xoş təəssüratlarla başa çatsın” — Qurban Qurbanov

“Stadionda çox gözəl ab-hava gördüm. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Təşkilatçılara təşəkkür edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la keçirəcəkləri xeyriyyə oyunundan öncə təşkil olunmuş brifinqdə deyib. 

Mütəxəssis görüşün xoş təəssüratlarla başa çatmasını istədiyini deyib:

“Bilirik ki, Bakıda “Qalatasaray” azarkeşləri çoxdur. Bütün azarkeşlər üçün maraqlı oyun olacaq. Sabah tamaşaçılar üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, onlar futboldan zövq alsınlar. Bu, çox önəmli matçdır. Ən vacibi odur ki, Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün bu görüş təşkil olunub. Çox istəyirəm ki, görüş xoş təəssüratlarla başa çatsın. Klub, ölkə olaraq Türkiyəyə nə dəstək lazımdırsa, biz etməyə hazırıq. Allah Türkiyə xalqına səbir versin”.

“Bizim üçün rotasiyalıq bir şey yoxdur. Oyunçularımızın sayı azdır. Əlimizdə olan futbolçularla oyunu başa vurmağa çalışacağıq. 4 futbolçu dəvət etmişik, keçmiş “Qarabağ”lıları. Qapıçı Anar Nəzirov bizimlə olacaq. Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizə tanış futbolçulardır” – deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.


Share: