İsraillə HƏMAS arasında yeni müharibə başladı, qarşılıqlı raket zərbələri endirilir

İsraillə Fələstinin Qəzza sektoruna nəzarət edən “HƏMAS” qruplaşması arasında yeni müharibə başlayıb.

Müstəqil.Az Yaxın Şərq mənbələrinə istinadən xəbər verir ki, dünən axşamdan etibarən tərəflər bir-birlərinə intensiv raket zərbələri endirir. Qəzza sektorunda aralarında uşaqlar da olmaqla 20-dən çox adam həlak olub, 100-dən çox adam yaralanıb. İsrailin yaşayış məntəqələrində də Qəzza sektorundan endirilən raket zərbələri nəticəsində yaralananlar var.

 

 

Növbəti eskalasiyanın səbəbi yenə də Qüdsdə başlamış iğtişaşlar, ərəblərlə yəhudilər arasında qarşıdurmadır. Belə ki, İsraildə hər il qeyd olunan Qüds günü bu il mayın 10-na təsadüf edib. 1967-ci ildə altı günlük müharibə nəticəsində şəhərin şərq hissəsi İsrailin nəzarətinə keçib və həmin tarix bayram kimi qeyd olunur. Eyni zamanda fələstinlilər Qüdsün işğal günü ərəfəsində müxtəlif aksiyalar keçirirlər.

Bu il isə “Yerusəlim günü” münasibətilə əsasən dindar yəhudilərin iştirakı ilə “Bayraq yürüşü” keçirilib, eyni vaxtda Qüdsün ərəblər yaşayan Şeyx Carah və Məbəd dağı rayonlarında iğtişaşlar başlayıb. Bu iğtişaşlar əslində bir neçə gün əvvəl başlamışdı və səbəbi 8 ərəb ailəsinin evlərindən köçürülməsinə dair məhkəmə qərarı olmuşdu.  İsrail təhlükəsizlik qüvvələri iğtişaşları yatırmaq üçün Qüdsün ərəblər yaşayan kvartallarına yeridilib, bu vaxt Qəzza sektoruna nəzarət edən HƏMAS İsrailə ultimatum verərək təhlükəsizlik qüvvələrini Şeyx Carahdan çıxarmağı tələb edib. Bu tələb təbii ki, yerinə yetirilməyib və ötən gün HƏMAS İsrailə qarşı “Qüds qılıncı” əməliyyatının başladığını elan edib. İsrail ərazisinə raket zərbələri endirilib. İsrail hökumətinin təhlükəsizlik kabineti fövqəladə iclasa toplaşıb. HƏMAS-ın “Qüds qılıncı “əməliyyatına başlamasını elan etməsindən 6 saat sonra İsrail ordusu da “Divar keşikçisi” adlı antiterror əməliyyatına başladığını bildirib və gecə saatlarından etibarən Qəzza sektoruna intensiv hava zərbələri endirilməkdədir.

 

Bu gün səhər saatlarına olan məlumatlara görə Qəzza sektorundan İsrail ərazisinə 200-dən çox raet buraxılıb. İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemi 90-dan çox raketi zərərsizləşdirib. İsrail ordusu Qəza sektoru ilə həmsərhəd ərazilərə əlavə “Dəmir günbəz” batareyaları yerləşdirib.

İsrail Müdafiə Nazirliyi isə bildirir ki, Qəzza sektorunda 130 hədəfə, o cümlədən HƏMAS-ın bazalarına, silah anbarlarına, yüksək rütbəli komandirlərinin evlərinə zərbələr endirilib. 15 HƏMAS yaraqlısı öldürülüb. Qəzza sektoruna zərbələr fasiləsiz olaraq endirilir və əməliyyatın nə vaxta qədər davam edəcəyi məlum deyil. İsrail ordusunun endirdiyi zərbələrdən birinin hədəfi HƏMAS-ın hərbi qanadı olan “İzzədin əl-Qəssam” briqadasının komandiri Məhəmməd Abdalla Fayyad olub. İsrail raketi onu evində haqlayıb.

İsrail ordusunun mətbuat xidməti isə bildirir ki, HƏMAS-ın Qəzza sektorundan buraxdığı raketlərdən üçdə biri hədəfə çatmayıb və elə Qəzza sektorunda partlayıb. Mətbuat xidmətinin nümayəndəsi, briqada generalı Hedi Zilberman deyib ki, Qəzza sakinlərinin bir qismi həmin raketlərin partlaması nəticəsində xəsarət alıb.

HƏMAS isə İsraili Qəzzada dinc sakinləri atəşə tutmaqda ittiham edir və bildirir ki, əgər dinc sakinlərin hədəf alınması dayandırılmasa Aşkelon şəhəri “cəhənnəmə çevriləcək”. Aşkelon İsrailin Qəzza sektoru ilə həmsərhəd şəhəridir və orada bir neçə sakin HƏMAS raketləri nəticəsində yaralanıb.

 

   

 

Müstəqil.Az

Share: