İsrail sərt qadağaları ləğv edir

İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə karantin rejimi qaydalarının mərhələli yumşaldılması haqqında bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Baş nazir bildirib ki, elektronika avadanlıqları, məişət malları mağazalarının açılmasına icazə verilir. Bununla yanaşı, küçədə idman hərəkətləri də mümkündür.

“Müəssisələr əməkdaşlarının 30%-ini iş yerlərinə qaytara biləcək. Ticarət mərkəzlərinin daxilində yerləşməyən elektronikanın satışı, dəftərxana, məişət malları, eynək, kompüter texnikası mağazaları açıla bilər”, – deyə baş nazir televiziya vasitəsilə müraciətində bildirib.

Netanyahu həmçinin iki nəfərdən çox olmamaq şərtilə küçədə idmanla məşğul olmağa icazə verilməsi məsələsinin həllinə söz verib. Bununla yanaşı, açıq yerlərdə ibadətlə bağlı qadağa da ləğv olunacaq. Lakin şərtlərə əsasən dua edənlərin sayı 10 nəfəri ötməməlidir.

Yeni tədbirlər aprelin 19-dan qüvvəyə minəcək.

İsrailin Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, ölkədə koronavirusdan sağalanların sayı yoluxanların sayından çoxdur, xəstəxanalarda ağır xəstələrin sayı da həmçinin azalır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə 13 265 nəfərdə koronavirus diaqnozu təsdiqlənib, 164 nəfər ölüb.

Share: