İranın Afrin dilemması

 

Türkiyənin “Zeytun budağı” əməliyyatı bir aydan artıqdır ki, davam edir. Afrin Türkiyə Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb, PYD və PKK qüvvələrinin Türkiyə ilə təmasları kəsilib.

Qızğın döyüşlər davam edir. Türkiyənin son məqsədi isə hələ məlum deyil. Döyüşlər Afrinlə bitəcəkmi? Yaxud, Türkiyə Suriyanın digər iki sərhəd rayonunu da Afrinə qatacaq? Hələlik bu barədə politoloqlar fərziyyələr irəli sürməkdədir.

Eyni zamanda,  Afrin məsələsində Türkiyənin müttəfiqləri qismində çıxış edən ölkələr tərəfindən – Rusiya və İran tərəfindən hansı reaksiyalar gəlməkdədir?  Bu reaksiyaların bildiyimiz kimi “Zeytun budağı” hərəkatının başlanması və gedişində böyük təsiri vardır.

 

Rusiya hələlik ciddi etiraz nümayiş etdirmir. Hiss olunur ki, əməliyyat bu ölkə ilə razılaşdırılmış istiqamətdə gedir. Digər tərəfdən Rusiyanın daxilində Prezident seçkilərinə hazırlıqla əlaqədar Suriyaya ciddi diqqət ayırmaq vaxtı deyil. Rusiya prezident seçkilərindən təxminən bir ay sonra fəal müdaxiləyə girişəcək. Ona qədər Türkiyə yəqin ki, öz missiyasını başa çatdırmış olacaq.

Türkiyənin başladığı əməliyyatdan ən çox narahat olan region ölkəsi İrandır. Baxmayaraq ki, Orta Şərqlə bağlı bəzi məsələlərdə o Türkiyə və Rusiyanın yanında yer alır, onun şəxsən özünə aid olan ambisiyaları mövcuddur. O, nə Rusiya, nə də Türkiyənin Suriyadakı vəziyyətə nəzarət etməsini həzm etmək fikrində deyil. Onun Suriyada öz hərbi, siyasi, geoplitik maraqları var və bu maraqların arxasındadır. Bu maraqlar Rusiya və Türkiyənin maraqları ilə üst-üstə düşmədikdə İran əsil simasını açıb göstərir.

Afrin məsələsinə gəldikdə, İran əvvəldən bu əməliyytın Türkiyə tərəfindən başlanmasına ürəkdən razı deyildi. O, Türkiyənin İranda baş verən iğtişaşlarda neytral qalmasına cavab olaraq özünü sakit saxladı. Amma yeri gəldikcə Türkiyənin Suriya sərhədlərini keçməsini tənqid edən çıxışlar səsləndirməyə başladı. Hətta, Bəşər Əsədlə danışığa gələrək Afrinə şiə milislərindən ibarət qoşun birlikləri yeritməyə cəhd etdi. Lakin Türkiyənin vaxtında xəbərdarlığı qarşısında geri çəkilməyə məcbur oldu.

Türkiyənin “Zeytun budağı” əməliyyatrı İranı nədən bu qədər narahat edir?

Bildiyimiz kimi Rusiya və İranla eyni siyasət yeritməyə çalışan Türkiyə bu iki ölkədən fərqli olaraq Bəşər Əsədin hakimiyətdən uzaqlaşdırılmasın və orada yenidən seçki keçirilməsinin tərəfdarıdr . Ərdoğan Suriyadakı vəziyyətə həsr etdiyi bütün çıxışlarında bunu vurğulayır. Ərdoğanın hakimiyyət dəyişikliyi ilə əlaqədar çıxışlarına Rusiya tərəfindən ciddi etirazın olmaması onu sübut edir ki, bu ölkədə də Bəşər Əsədin dövrünün sona çatdığını dərk edirlər. Digər tərəfdən, Rusiya üçün Suriyada hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Təki Rusiyaya loyal olsun və onun maraqlarını bu olkədə və regionda qorusun. Rusiya İrandan fərqli olaraq, Suriyada yerləşdirdiyi bazaları ilə uzun müddətə bu məsələni də həll etmiş durumda. Yəni Suriyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiyanı bu ölkədən çıxarmaq ən azı əlli il mümkün olmayacaq.

Lakin ,Bəşər Əsəd hakimiyyətdə qalması İran üçün prinsipial məsələdir.

Birincisi, ona görə ki, Suriya İranın ən çətin günlərində, xüsusilə İran-İraq müharibəsi zamanı onun yanında olub və ona hərbi, iqtisadi, siyasi yardımlar edib.

İkincisi, Türkiyəyə qarşı İran və Suriya bütün dövrlərdə eyni siyasət yeritmişlər. Kürd hərbi birləşmələrini birgə yönəltmişlər. Türkiyədən qaçan terroristlər Suriyada, bu mümkün olmadıqda İranda sığınacaq tapmışlar.

Üçüncüsü, Türkiyənin Suriyanın içərilərinə irəliləməsi İranın burada manevr imkanlarını zəiflədir, İran Suriyadakı qüvvələrinə Türkiyənin mövcudluğu şəraitində lazım olan səviyyədə nəzarət edə bilməyəcək.

Dördüncü, Hizbullah , Hamas kimi İran tərəfindən idarə olunan qüvvələrlə təmas qurulmasında Suriyanın ərazisı istənilən səviyyədə istifadə oluna bilməyəcək.

Beşinci, İran və eləcə də Rusiya Türkiyənin öz oyununu oynadığına hələ də inanmırlar. Onlar yenə də Türkiyənin hərəkətlərinə şübhə ilə yanaşır və hesab edirlər ki, onun arxasında Amerika dayanır.

İranın məntiqinə görə Amerika Suriyanın parçalanması haqqında planlarını özü həyata keçirə bilmədiyinə görə bu işi Türkiyəyə həvalə edib. Türkiyə müvafiq şərtlər daxilində bu oyuna qoşulub. Sonda Türkiyə Amerikanın regionu bölmə planında Türkiyəyə də pay ayrılacaq.

Deməli, İran qorxu və şübhələri yetərincədir.

Əlimusa İbrahimov

Politoloq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: