İrəvanda köhnə motivli təzə söhbət

Əkbər QOŞALI

Uğursuz dövlətin başıpozuq “əvəzçıxama” istəkliləri bəzən cızığından çıxır, bəzən də qayıdıb cızığını tapammayıb, düzün ortasında qalır.

Əvəzçıxma peşində olanların Xankəndi və çevrəsində durumu gərginləşdirmək cəhdləri, əlbəttə, nəticə verməyəcək. 30 illik işğala, işğalın ağır nəticələrinə baxmayaraq, ədalətsizliklə barışmayan Azərbaycanın növbəti erməni iştahına “ok” deməyəcəyi dəqiqdir. – Yəni əvəzçıxma peşindəkilər doğrudanmı bu sadə həqiqəti qanmır?
Dəmir Yumruğu öz başında görənlər görüb, (bəzisi bir daha heç nə görə bilməyəcək), hələ görməmişlərsə canlarına yazığı gəlib, ilim-ilim itsə yaxşıdır.
Xeyli vaxtdır, Köçəryan, Sarkisyan və yaxın çevrələri İrəvanda kütləvi aksiyalar təşkil etməklə Ermənistanda durumu
gərginləşdirmək istəyir. İstəyirlər ki, Nikol Paşinyan hakimiyyətini devirib, yenidən hakimiyyəti zəbt etsinlər. Bu istəkdən irəli gələn plan, 24 il öncənin olaylarını yada salır. O vaxt kütləvi itaətsizlik təşkil edən qüvvələr Levon Ter-Petrosyanın istefasına və Robert Koçaryanın timsalında hakimiyyəti mənimsəməyə nail olmuşdu. Ssenari eyni, hakimiyyəti mənimsəmək istəyənlər eyni, siyasi motivlər eyni… 20 ildən çox Koçaryan-Sarkisyan cütlüyünün axmaq idarəçiliyindən nəsibini almış erməni toplumu nə qərar verəcək, özü bilər. Özü bilər: qaniçən “Qarabağ erməniləri”nin oğru, talançı və “bespredel” rejimi üçün çox darıxıblarsa, yapsınlar yapacaqlarını. – Can onların cəhənnəm də onların.
Köcəryan-Sarkisyan və bənzərilərinin idarəçiliyindən nəsə umud gözləyən toplumun aqibəti xeyir deyil. Bu bir gercəkdir ki, uğursuz dövlət yarımcan halı ilə növbəti acı nəticələri qaldıra bilməz. 44 günlük müharibədən az sonra Ermənistanda keçirilmiş
parlament seçkiləri açıqca göstərdi ki, hətta müharibədə çox ağır məğlubiyyətə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar rejimin rəhbərlərinə yenidən mandat verməməkdə qərarlıdır. Azərbaycanla müharibədə uduzan Paşinyan deyil yaxud yalnız Paşinyan deyil. – Getdikcə daha çox insan bunu dərk edir. Ermənistanın birinci Prezidenti L.Ter-Petrosyan
“Təslim olan Paşinyan deyil, Ermənistandır” deyib.
O, Baş nazir Nikol Paşinyanın yerinə kim olur olsun – “Robert Koçaryan, Serj Sarkisyan ya da lap İşxan Sağatelyan, – Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi” – deyə vurğulayıb.
Hələ 2020-ci ilin noyabrında- 44 günlük müharibədən 1 həftə sonra Füzuli şəhərinə səfər edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev deyirdi:
“Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik.
…Biz Köçəryan, Sarkisyan Ordusunu məhv etdik.
..Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Sizi – Köçəryan və Sarkisyan – Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları – sizi biz məğlub etmişik. Sizin ordunuzu məhv etmişik”!
***
Bəli, “əvəzçıxma” və hakimiyyət aşiqləri bütün cəhdlərə baxmayaraq, başarılı ola bilmir. Onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə gərəkən sayda kütlə çıxartmağa, siyasi izdiham yaratmağa nail ola bilmədi. Bu zaman başqa bir çirkin ssenari yada düşür: Robert və Serjik cütlüyü, Qarabağda durumu gərginləşdirmək, Araik Arutunyanın aradan götürülməsinə nail olmaq istəyindədir. Görünən o ki, bədnam cütlük özlərinin İrəvanda gerçəkləşdirə bilmədikləri hakimiyyət ehtiraslarını Xankəndində hayata keçirmək planı içindədir: düşünürlər ki, bəlkə bu yolla İrəvanda hakimiyyətə gələ bilələr.
Budur, yayılan bilgiyə görə, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Samvel erməni millətçilərinin hələ Sovet dövründən (1988-ci ildən) bizim suveren ərazilərimizdə başlatdığı terror siyasətinin fəallarındandır. O, hərbi əməliyyatlarda xüsusi qəddarlığı ilə seçilib.
14 il bundan öncə – 2008-ci il martın 1-də Ermənistanda, həmin ilin 19 fevralında keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsinə Samvel Karapetyan şəxsən başçılıq edib. Onun R.Koçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı proseslərdə öz fəallığı ilə seçildiyi söylənir.
R.Koçaryan, S.Sarkisyan, S.Karapetyan və onlar qafada olanlar unudur ki, indi XX yüzilin 90-cı illəri deyil. Unudurlar ki, Azərbaycan fövqəladə dərəcədə dəyişib, Dəmir Yumruğu da yerindədir!
Şanlı Azərbaycan ordusu ermənilərin Xankəndində və ya çevrəsində durumu gərginləşdirməyə yönəlmiş istənilən cəhdinin qarşısını elə alacaq ki, ömür boyu unuda bilməyəcəklər, ömür boyu! Bu çox aydın və şübhəsizdir: istənilən “əvəzçıxma” və bu minvalla hakimiyyət qamarlama çabası Ermənistanı tarix səhnəsində sıfirlaya bilər. Zatən, toplam 104 illik “dövlətçilik baqajı” ilə çox hoppanıb-düşmək olmaz. Sadəcə düşmək olar – bir daha qalxmamaq üzərə…
Share: