İnsafsız, gəl daşı tök ətəyindən…

Aynur YASƏMƏN

 

BİR KƏLMƏ “ALO” DE

Havası iztirab, günəşi zülüm,
Sabaha bir nəfəs ümid qıziyam.
İnsafsız, gəl daşı tök ətəyindən,
Bir kəlmə “alo” de, ona razıyam.

Ruhumu, cismimi şad etmək üçün,
Bir süzgün baxışın yetirdi, inan.
Doymuram can param sənli anlardan,
İndi də səsinçün darıxdım yaman.

Gör necə doymuşam… boğaza qədər,
Sayəndə yediyim kədərdən, qəmdən.
Deyirəm bəlkə də, zaman gələcək,
Olacam mən sənə ən yaxşı həmdəm.

QULUN OLMUŞAM

Qəlbimdən alovlu həyəcan keçir,
Gəlişin səs-soraq saldığı anda.
Gözümün giləsi alışıb yanır,
Buz sima, sərt baxış qalır o yanda.

Astaca gəlişin süzülür su tək,
Nəfəsin bürüyür sanki hər yeri.
Gözümdə büllura dönür hər nə var,
Adicə dəmirin artır dəyəri.

Gözlərin gözümə dikilir hərdən,
Azıram o xırda, ümman gözündə.
Bəlkə də, bu dəli qızın halına,
Gülürsən əzizim, özın özündə.

Hər səni görəndə sarılmamaqçün,
Boğuram nəfsimi öz əllərimlə.
Bəxtəvər edirsən Qarabağ qızın,
Hərdən o mübarək qədəmlərinlə.

Qəlbim qan ağlayır, keyləşir ruhum,
Ayrılıb gedirsən, mənim hər kəsim.
Bilmədən əsirin, qulun olmuşam,
Aparır özüylə hər addım səsin.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

Share: