İncəsənət Gimnaziyasının Teatr şöbəsində “Teatr dramaturgiyası” fənni üzrə yay imtahanı keçirildi

İncəsənət Gimnaziyasının Teatr şöbəsində “Teatr dramaturgiyası” fənni üzrə yay imtahanı keçirildi

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsində “Teatr dramaturgiyası” fənni üzrə yay imtahanı keçirilib.

İmtahan-tədbirdə Aysel Fikrətin rəhbərlik etdiyi Balaca Yazarlar Birliyinin üzvləri öz hekayələrini və video təqdimatlarını nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri , çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri şair-yazıçı Aysel Xanlarqızı və uşaq nağılları, hekayələri yazarı Afaq Murad iştirak ediblər.

Proqram çərçivəsində şagirdlərin müəllif hekayələri dinlənilib, onların yaradıcılıq axtarışları və təqdimat bacarıqları yüksək qiymətləndirilib. Daha sonra “Söz Körpüsü”, “Zərif Kölgələr” klubu, “Cüfte Ədəbiyyat” Klubunun təşkil etdiyi müsabiqənin laureatlarına sertifikatlar təqdim olunub.

Sertifikatları Söz Körpüsü layihəsinin rəhbərlərindən biri Aysel Xanlarqızı və Teatr şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə təqdim edib.

Tədbirdə uşaq yazarı Afaq Murad Balaca Yazarlar Birliyinin üzvlərinə öz imzalı kitablarını hədiyyə edib, şagirdlərə yaradıcılıqla bağlı tövsiyələrini və ürək sözlərini çatdırıb.

Sonda Teatr şöbəsinin rəhbəri Hicran Sadıqzadə imtahan komissiyasının üzvlərinə, şagirdlərə və müəllim Aysel Fikrətə təşəkkürünü bildirib,gənc yazarları növbəti uğurlu imtahanla bağlı təbrik edərək onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Share: