İnanmayanlar üçün festival…

Son vaxtlar dostlarımla yazacağım növbəti yazılar haqqında danışanda, tez-tez “Heydər Əliyev ili” çərçivəsində ümummilli liderə həsr olunan bir məqalə qələmə alacağımı deyirdim.

Nə yazacağımı da uzun müddətdir ki, içimdə formalaşdırmışdım.

Yazının adı belə olacaqdı: “Heydər Əliyevin son sözləri…”

Məğzi də bu idi ki, Heydər Əliyevdən gətirilən ibarələr, ixtibaslar içərisində məni ən çox təsirləndirən onun Azərbaycan xalqına etdiyi son müraciəti idi.

Heydər Əliyev Klivlenddən Azərbaycan xalqına müraciət edərək demişdi: “Mən İlhama özüm qədər inanıram…”

Mənə görə bu, onun kilid ifadəsi idi. Və son 20 ildə Prezident İlham Əliyevin gördüyü bütün uğurlu işlərində, ən sonunda isə Azərbaycanın bütövlüyünə nida işarəsi qoyanda və bu günlərdə Laçın sərhəd-buraxılış məntəqəsi ilə dövrəni qapadanda yalnız bu fikirləri xatırlayırdım.

Bütün bunlar dünən Şuşaya, növbəti “Xarıbülbül” festivalına gedəndə  konsert proqramından öncə qonaqlara Heydər Əliyev Fondunun hazırladığı “İz” sənədli filmi təqdim olunana qədər belə idi. 

Mən bütün səmimiyyətimlə deyə bilərəm ki, bəlkə də dünyanın heç bir siyasi lideri haqqında belə sənədli film hazırlanmayıb. Filmin epizodları haqqında ayrıca reportaj etmək olar, yazmağa çox söz var.

Heydər Əliyevin məktəbli vaxtından tutmuş, həyatının bütün dövrlərinə qədər ən incə detallar məhz onun öz dilindən filmdə elə çatdırılır ki, sanki bu ekran əsərini izləyənlər arasında özü də əyləşib və hər şeyi tamaşaçılara bir-bir, həm də ayrı-ayrılıqda izah edir.

Bütün əsərlərin kuliminasiyası olur. Orada hər epizod özü bir kuliminasiyasıdır. Məncə, filmdə ən dəhşətli məqam amerikalı həmsədrin işğal altındakı Ağdam məscidindən götürdüyü kiçik bir parçanı Heydər Əliyevə təqdim etməsi və orada dediyi sözlərdir.

Amerikalı diplomat məsciddən götürdüyü o kiçik parçanı verərkən belə də deyir:

– İnanıram ki, bir gün o məscid tam şəkildə sizin olacaq.

Heydər Əliyev həmin parçanı götürərkən əlləri əsir və diplomatı qucaqlayaraq göz yaşlarını saxlaya bilmir. 

Daha bir möhtəşəm məqam onun balaca kağız parçası üzərində əks olunmuş Azərbaycan xəritəsində əlini məhz Şuşanın üstünə qoyaraq “Şuşa mütləq azad olunacaq” deməsi idi. 

Film boyu onun bütün çıxışları ata vəsiyyəti kimi səslənir, Azərbaycan xalqının və onun gələcək Ali Baş Komandanının qarşısında tapşırıq kimi qoyulur.

Sənədli əsərin finalı isə Prezident İlham Əliyevin həm atasının ruhu, həm də Azərbaycan xalqı qarşısında verdiyi raportla və Cıdır düzündə məğrur gərdişi ilə yekunlaşır. Məncə, dünənki filmə daha bir detal əlavə olunmalıdır – “İz”i izləyənlərin göz yaşları, alqışları…

Əslində, “İz”dən sonra “yükümü tutmuşam” və başqa heç nəyə baxmaq istəmirəm. Yaranan fasilə zamanı Şuşanı bir az dolaşmaq imkanım olur. 

Şuşanın hər tinində adamın qarşısına o qədər möhtəşəm simalar çıxır ki, düşünürəm, bu qədər böyük şəxsiyyətləri bir yerdə başqa heç bir şəhərdə görmək mümkün olmaz.

Ancaq proqram var və biz builki “Xarıbülbül” festivalını izləmək üçün Cıdır düzünə gedirik. Yolboyu festivalın təşkilatçısı olan Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin böyükdən kiçiyə bütün əməkdaşlarının qayğıkeşliyi, həssaslığı iştirakçıları ağuşuna alır. Təşkilatçılar bir-bir qonaqların əyləşdiyi bütün sıraları gəzir. Ona görə də bütün yerlər elə birinci sıradır…

Konsert başlayır. İştirakçı xalqların musiqi nömrələri təqdim olunduqca, izləyicilərə hər şey aydın olur: Böyük Turanın Cıdır düzündə təqdimatı keçirilir!

Türk xalqlarının Altaydan tutmuş Macarıstana, Qırğızıstandan Özbəkistana, Sakurdan tutmuş hər yerə qədər, harada oğuz, qıpçaq türkünün mədəniyyəti mövcuddursa, Cıdıra çıxarılıb…

Bu yerdə kimsə böyürdən səslənir:

– Ermənilər deyəcək ki, əvvəl tək özləri idi, indi bütün türklər yığışıb bura…

Daha bir reaksiyanı yanımda oturan Rəşad Məciddən alıram: 

– Bu boyda guppultuya erməni qalar?..

Adətən, konsert proqramlarına effekt vermək üçün səhnəyə süni tüstü-duman buraxılır. Bu festivalda orijinal effekt Şuşanın özündən gəlir. Konsertin əvvəlindən sonuna kimi səhnəni təbii duman bürüyür.

Əgər təqdim olunan nömrələrdən hansınasa birinci yer vermək tələb olunsaydı, əminəm ki, münsiflər çaş-baş qalardı. Əvvəlindən sonuna, Alim Qasımovdan Polad Bülbüloğluna, Qoçaq Əsgərovdan qırğız, Altay  sənətçilərənə qədər hər şey möhtəşəm, ifa olunan hər kəlmə, ortaya çıxan nəticə bu idi – Qarabağ Azərbaycandır!

Səfər boyu demək olar ki, bütün iştirakçıların təəssüratları qulağıma gəlir: “İnanmazdıq ki, belə olacaq, nə vaxtsa Şuşanı bu donda görəcəyik…”

Festivalın adı “Xarıbülbül” olmasaydı, mən buna “İnanmayanlar üçün  festival” deyərdim…

Elbrus Ərud


Share: