“İmtahana bıçaq və qumbara keçirmək istəyənlər olub”

Əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır. Biz bəzi halları müzakirə edəndə, insanların həmin şəxslərə yazığı gəlir. Deyirlər, nə olar ki, özü getməyib qardaşı gedib, üzərində iki-üç telefon tapılıb”.

Məleykə Abbaszadə deyib ki, telefonu zala keçirmək üçün müəyyən müəllimlər, kurslar tələbələrinə tapşırıq verirlər:

“Teleqram kanallarında bununla əlaqədar müəyyən çağırışlar edilir. Bəs nə üçün bu məsələlər ictimaiyyət arasında müzakirə edilmir?!”

Sədr deyib ki, imtahan binası bir həftə öncə açıqlanır: “Belə olan halda şagirdlər bir-birləri ilə əlaqə yaratmağa çalışırlar. Onlar zala daxil olanda bir-birlərini yaxşı tanıyırlar. Belə hadisələri biz də görürük. Təbii ki, sosial şəbəkələrdə biz onlara hansısa maneə törədib, bu proseslərə qatılmırıq. Lakin nəzarətçi şəxs imtahan otağında şəraitin necə olduğunu bilir. Amma nə üçün onlar qınanmır. Bu hallar axıra qədər araşdırılır”.

Share: