İlk Hava Şarları Festivalını necə izləyək? — Video+Fotolar

İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək. Bununla əlaqədar olaraq Festivalın Təşkilat Komitəsi bir sıra KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, hava şarları festivallarının tarixindən, bu günədək dünyanın bir sıra ölkələrində təşkil olunmuş analoji festivalların böyük marağa səbəb olmasından danışan Təşkilat Komitəsinin nümayəndəsi Lamiə Kərimli Azərbaycanda ilk dəfə keçiriləcək Hava Şarları Festivalının əsas hədəflərindən birinin ölkəmizin, o cümlədən festivalın təşkil ediləcəyi Şamaxı rayonunun turizm potensialına töhfə vermək olduğunu bildirib.

Qeyd edək ki, Şamaxıda keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalı qısa zamanda böyük marağa səbəb olub. Festivalda iştirak və hava şarlarında uçuşlarla bağlı yaranan sualları cavablandıran Lamiə Kərimli bildirib ki, festivalı hər kəs Şamaxı rayonunun Meysəri və Xınıslı kəndlərinin bir çox yerlərindən izləyə bilər.  “Hava şarlarında uçuşa gəldikdə isə, biz çox istərdik ki, arzusunda olan hər kəs hava şarında uça bilsin, lakin ilk festival zamanı hava şarlarında uçuş məhdud sayda olduğundan yalnız Təşkilat Komitəsi tərəfindən müəyyən olunmuş şəxslər uçuşa qatıla biləcək. İyunun 17-də nümayiş uçuşları olacaq. Nümayiş uçuşları hava şəraitindən asılı olaraq uçuş saat 17:00-20:00 aralığında start götürəcək. İyunun 18-də isə səhər saatlarında  Təşkilat Komitəsi tərəfindən müəyyən olunmuş şəxslərin iştirakı ilə uçuş olacaq. Bu il müxtəlif forma və dizaynda 10-a yaxın şarın uçuşu nəzərdə tutulur.

“EZONE” şirkətinin nümayəndəsi Salman Rəsulov hava şarları layihəsi üzrə hazırlıqların 2 il davam ediyini bildirib. O, festivaldakı hava şarlarının Böyük Britaniya və Türkiyədə hazırlandığını deyib.  “Artıq sınaq uçuşları həyata keçirilib. Layihəyə göstərdiyi dəstəyə görə, Azərbaycan Dövlət Turizm Agentliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə, Dövlət Mülki Aviasiya Agentliyinə, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə (AZANS) və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.”

 İyunun 17-18-dəki festival zamanı uçuşlarımız əsasən  Meysəri və Xınıslı kəndləri, eləcə də “Abqora” restoranının ərazisi üzərində baş tutacaq.  Bu uçuşlar üçün müvafiq icazələr alınıb. Uçuş əvvəlcədən müəyyən olunmuş və razılaşdırılmış marşrutla aparılacaq. Uçuşdan əvvəl və sonra şarlara müvafiq texniki baxış keçirilir. Eyni zamanda ümumi texniki baxışı həyata keçirmək üçün beynəlxalq sertifikatlı mütəxəssislər layihəyə cəlb olunub. Uçuşlar peşəkar xarici pilotlar tərəfindən aparılacaq.” 

Festivalın qarşıdakı illərdə necə təşkil olunması və kommersiya uçuşlarında iştirak qaydasından danışan “EZONE” şirkətinin nümayəndəsi Toğrul Məmmədzadə bildirib ki, bu məsələnin detalları hələ dəqiqiləşdirilir. “Kommersiya uçuşları və ya kommersiya uçuşlarının qiymətləri haqqında hazırda məlumat paylaşa bilmirik, çünki bu məsələ üzərində işlər davam edir. Biz insanların marağının və tələbatın yüksək olduğunu görsək və bir sıra qurumlar bu layihənin inkişafına dəstək göstərsə, uçuşları gələcəkdə də davam etdirməyi planlaşdırırıq.”

Gələcəkdə kommersiya uçuşlarına biletlərin qiymətinə gəlincə isə Təşkilat Komitəsi hazırda digər ölkələrdə belə uçuşlara qiymətlərin yüksək olduğunun müşahidə edildiyini bildirir: “Digər ölkələrdə də müşahidə olunur ki, bu növ əyləncələrə qiymətlər adətən yüksək olur. Azərbaycanda biletlərin qiymətlərinin daha münasib olmasına çalışırıq. Yekun qərarı isə, təbii ki, müvafiq məlumatları topladıqdan sonra paylaşa biləcəyik.”

Qeyd edək ki, Hava Şarları Fesitvalı bölgənin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu, sevinc və xoş emosiyalar bağışlayacaq.

Hər il dünyanın müxtəlif ölkələrində hava şarları festivalları keçirilir və turistlər məhz bu uçuşların təşkil edildiyi yerə səfər edir. Məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-ın Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb etmiş və ABŞ-da ən böyük əyləncələrdən birinə çevirilmişdir. Hazırda bir sıra ölkələrdə irimiqyaslı hava şarları festivalları keçirilir. Hava şarları ilə uçuşlar Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir.


Share: