İlahi! Daha rəhmin gəlməsin mən zalıma!

Faiq  BALABƏYLİ

İlahi, rəhm eləmə!

Üzümü söykəməyə gövdəndə yer gəzirəm,

budaqların qol kimi sarmaşmır daha mənə.

Özümə hayan kimi ovcumda əl gəzirəm,

qoşa əlin içi də qaranlıq kaha mənə…

 

İlahi! Daha rəhmin gəlməsin mən zalıma!
Çöhrəmdə sevinc nədir,

kədər də donmaz daha.

Bu mənasız həyatda çiynimi söykədiyim
ağacın budağına

bir quş da qonmaz daha…

 

Gözlərimin işığı öləziyir şam kimi,
əriyib yoxa çıxır yalançı bütlərim də.

Bir həyatın dibindən boylanıb üzü bəri

alın yazıma dönür şeir ümidlərimdə.

 

Daha heç nə qəlbimin sarı simini qırmaz –

bacımın göz yaşı da, anamın ağısı da,

bu zamansız tökülən yarpaqların naləsi,

bir zaman söykəndiyim ağacın ağrısı da.

 

İlahi! Rəhm eləmə, qoy uzansın bu ömür,
bu ucuz göz yaşının tamı-duzu bilinsin!
İlahi! O müqəddəs qələmindən boy verən
alnıma həkk etdiyin yazıların silinsin!

Mən bədbəxt adamam

İndi hara üz tutum, indi kimi çağırım?
Dumanlara qərq olub yolum, izim, cığırım.
İstəyirəm üzümü göyə tutub bağırım:
“Mən bədbəxt adamam,
yazıq admam!”

Tanrım, mənə boy verdin, boyu seçilsin dedin,
Toyumu bərbad etdin, toyu seçilsin dedin.
Hamıya ağ kəfəni qara biçilsin dedin?..
Mən bədbəxt adamam,
yazıq admam?!

Qəlbim arzuyla dolu, damarımda qara qan,
Mən sülhə boyun əydim, mən demədim “qana qan!”
Qara bulud üstümə kölgə saldı hayandan?
Mən bədbəxt adamam,
yazıq admamam!

Balam gəldi dünyaya, adına oğul dedim,
Dil açdı “ata” dedi, dilinə noğul dedim.
Sinəmdə düyün olan qubara “dağıl” dedim,
Mən bədbəxt adamam,
yazıq adamam!

 

Hirsini yağış edib, bu bulud tökər dedim,
Dərdlərimi şah edib özümə nökər dedim.
Acımı əzizlədim, adına “şəkər” dedim…
Mən bədbəxt adamam,
yazıq adamam!

Gözlərim yol çəkəndən, siqaretə “yox” dedim,
Ah çəkməyə heyim yox, mən dilimlə “ah” dedim.
Sən yazdığın yazıdır, bir oxu, Allah, – dedim,
Mən bədbəxt adamam,
yazıq adamam!

Alnıma baxtmı yazdın, hərfin tanımaq olmur,
Düzün oxumaq olmur, səhvin tanımaq olmur.
Sən ki, göydən baxırsan, yəni tanımaq olmur –
Mən bədbəxt adamam,
yazıq adamam?

Mən də öləcəyəm günün birində

Mən də öləcəyəm günün birində,
məni də dostlarım yad edəcəklər.

Elə kəndimizin məzarlığında
dədəmin, əmimin, əmim oğlunun
hələ bığ yerinə təzə tər düşmüş

qardaşım oğlunun həndəvərində,

qırx günlük ömrünü kəpənək kimi

yaşayıb köç etmiş böyük qızımın
hələ süd qoxusu verən qəbrinin

yanında bir qəbrə ad edəcəklər.

 

Mən də öləcəyəm, yaxşı bilirəm,

belini bükəcəm qardaşlarımın.
Hıçqıra-hıçqıra yanağı boyu

qızımın dum-duru göz yaşlarının

sinəmə tökülən damcılarını

yanan ürəyimə sərinlik bilib
rahat uyuyacam torpağın altda…

 

Mən də öləcəyəm, yaxşı bilirəm
oğlumun ürəyi bir körük kimi

qərar tutmayacaq gen sinəsində.

Çöməlib oturub bir küncdə sakit

əli qalacaqdır lal çənəsində…

 

Mən də öləcəyəm, yaxşı bilirəm,
mələklər duracaq dördbir yanımda…

İlahi, mən bilirəm…

İlahi, dost demişəm,

dost demişəm mən sənə.
Mənə əlini uzat, yardım et, tut əlimdən!
Ətəyindən tutmuşam, ya dur kəs ətəyini,
ya da qan damcılasın ətəyinə əlimdən.
İlahi, sən verdiyin boyum, buxunum bu cür,
uzağım çox uzaqdı, yaxınım da ki… bu cür…

Bax, elə “bu cürələr” məni içdən çürüdür,

Başqa nə bacarırsan, de, nə gəlir əlindən?
İlahi, bu dağı ki, sən çəkmisən sinəyə,
Yamacı kol-kos olar, həsrət qalar çiçəyə.

Yapış qolumdan mənim, qaldır, yetiş köməyə,
Qulaqların tutulmur ahımdan, sitəmimdən?

İlahi, sən bilirsən,

Ayılıb mən də bilim,
Verdiyin əzablara dodaq qaçırıb gülüm.
Əlimin arxasıyla gözümün yaşın silim…
Daha nələr yazılar alnıma qələmindən?
İlahi, gəl əfv elə, bu dəfə keç suçumdan,

Göndərdiyin acılar sürüşür qucağımdan.

Ayağım dəymir yerə – ayağımdan, qıçımdan

Yapışıblar, necə ki, tutmuşam ətəyindən…

Əməliyyat öncəsi

O gün oğlumla qızım
başımı söhbətə qatdılar,
eləcə də mürgülədilər danışa-danışa,
palatada
mənim yerimdə yatdılar.
Oğlumun alnından öpdüm,
qızımın üzündən.
Alnı tər içindəydi oğlumun,
üzünə yaş qonmuşdu qızımın…

Bağrıma basdım o təri,

o göz yaşını…
Həkimə pıçıldadım yavaşca:
“onlar ürəyimdə yatır hələ də,
sən canın,

neynirsən elə,
amma çalış ki, səksənib oyanmasınlar…”

Share: