İcra başçısı sakinlərlə görüşdü — Fotolar

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbul Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında baş tutub.

Səyyar qəbulu giriş sözü ilə açan icra başçısı bildirib ki, sakinlərlə görüş Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir.

RİH başçısı, həmçinin qeyd edib ki, səyyar qəbulun məqsədi sakinlərlə birbaşa görüşüb onları narahat edən problemləri müəyyən edib həll etməkdir.

Qəbulda Yasamal RİH aparatının məsul əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri də iştirak ediblər.

Elşad Həsənov qəbulda iştirak edən bütün sakinləri dinləyib. Vətəndaşlar qəzalı binaların təmiri, vətəndaşların tikinti şirkətləri ilə mübahisələri, əlavə fərdi tikinti üçün icazə, mənzil növbəsi, küçələrin işıqlandırılması, Vətən müharibəsi qazilərinin işlə təmini, sosial yardım və bir sıra digər məsələ qaldırıblar.

İcra başçısı sakinlərin problemləri ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxslərinə tapşırıqlar verib. Tapşırıqların icrası ilə bağlı konkret müddət müəyyən olunub və növbəti qəbullarda onların icrası vəziyyəti nəzərdən keçiriləcək.


Share: