Hirkan Milli Parkı “çex modeli” üzrə nişanlandı — Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Çexiyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində Hirkan Milli Parkında turizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə ETSN-in, Çexiya səfirliyinin, Dövlət Turizm Agentliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, 2019-cu ildən başlayaraq Azərbaycanda turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi ölkəmizdə ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına və turistlərin marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

A.Babayevanın sözlərinə görə, bir çox ölkələrdə bu nişanlanma modeli tətbiq olunur və eyni təcrübənin digər milli parklarda da həyata keçirilməsi planlaşdırlır.

Tədbirin davamı olaraq qonaqların iştirakı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib və Xanbulançay su anbarına çəkikimi balıq körpələri buraxılıb.


Share: