Heydər Əliyev prospektində yük maşınının aşması nəticəsində bitum yola dağılıb, xəsarət alan var, yollarda məhdudiyyət tətbiq edilib – FOTO – YENİLƏNİB

Aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub.

Bu barədə -nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.

***

13.57

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

FHN-ə istinadən xəbər verir ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məlumata görə, Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol – “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

13.32

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nəticədə avtomobildə olan maye yola dağılıb. NİİM-in məlumatına əsasən, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edilib ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Share: