Heydər Əliyev rəsmi Tehranın hansı planlarına mane oldu?

23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Azərbaycanın strateji maraqlarına zidd olan bir sənəd kimi qiymət verməyə, fikrimcə hələ tələsməməliyik.

Unutmamalıyıq ki, qonşuluq münasibətlərində onsuz da o qədər də etibarlı ölkə kimi tanınmayan İranın molla hakimiyyəti bu layihəni hələ illər öncə dəfələrlə reallaşdırmağa çalışıb. Özü də Azərbaycanın mövqeyi nəzərə alınmadan və ölkəmizin bu layihədə iştirakı nəzərdə tutulmadan. Lakin dönəmin müdrik siyasətçisi, tariximizin ən mürəkkəb dövrlərindən biri sayılan ötən əsrin 90-cı illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev rəsmi Tehranın bu planlarına mane olub.

2016-cı ildə İranla Azərbaycan arasında imzalanan məlum saziş isə həmin layihənin İran-Ermənistan layihəsi kimi gerçəkləşdirilməsinin qarşısını alıb və beləliklə, layihənin İran-Azərbaycan birgə layihəsi müstəvisinə keçirilməsinə zəmin yaradıb. Başqa sözlə desək, bu layihə indi İranla Azərbaycanın qarşılıqlı yurisdiksiyasına aiddir. Azərbaycanın bu addımı erməni işğalçılarının sözügedən hidroqovşaqdan faydalanmasının qarşısını almağa hesablanıb və bu məqam sazişin mətnində də açıq şəkildə öz əksini tapıb. Belə ki, sazişdə qeyd edilib ki, “Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”.

Biz əminik ki, İran tərəfi qarşıdakı dövrdə bu sazişin şərtlərinə tam əməl edəcək. Əgər əməl etməyəcəksə, bu da İranla qonşuluq münasibətlərimizin pozulmasına gətirib çıxara bilər. Zənnimcə, molla hökuməti Azərbaycan kimi çox önəmli bir qonşu dövlətlə münasibətləri korlamağa risk etməz.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: