HƏMAS-ı yerlə-yeksan edəcəyini deyən Netanyahu kimdir?

Son iki gündür, dünyanın siyası gündəminin əsasını Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumu təşkil edir.

Bunun ardınca isə İsrail ordusu “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Baş naziri Benyamin Netanyahu ölkə ərazisində mühaibə vəziyyəti elan edərək HƏMAS-ın mövcud olduğu bütün əraziləri yerlə-yeksan edəcəyini deyib.

Belə bir vəziyyətdə İsraildə müharibə ilə bağlı vacib qərarların verilməsində əsas rolu  Netanyahu üstələyir.

Bəs, İsrailin Baş naziri Benyamin Netanyahu kimdir?

“Qafqazinfo” xarici KİV-ə istinadən Netanyahunun kimliyini təqdim edir:

İsrailin baş naziri vəzifəsini icra edən Netanyahu 21 oktyabr 1949-cu ildə anadan olub.

O, daha əvvəl 1996-1999 və 2009-2021-ci illər arasında da eyni vəzifəni icra edib.

Netanyahu İsrail tarixinin ən uzunmüddətli baş nazirdir.

1967-ci il altı günlük müharibə zamanı o, İsrail Təhlükəsizlik Qüvvələrinə qoşulub və Sayeret Matkal xüsusi bölməsində komanda lideri olub. Bir çox əməliyyatlarda iştirak edib.

Bu əməliyyatlar arasında “Hədiyyə” və “İzotop” kimi vacib əməliyyatlar da olub. Həmin əməliyyatların birində Netanyahu çiynindən vurulub.

Netanyahu 1973-cü ildə Yom Kippur müharibəsində ön cəbhədə vuruşub, Süveyş kanalı boyu basqınlarda iştirak edib və Suriya sərhədləri daxilində Komando hücumuna rəhbərlik edib.

Netanyahu 1984-1988-ci illərdə İsrailin BMT-dəki səfiri, 1996-1999-cu illərdə isə ölkənin baş naziri olub.

Netanyahu 1999-cu ildə baş nazir seçkilərində Ehud Baraka uduzduqdan sonra siyasətdən uzaqlaşıb.

2002-ci ildə o, Ariel Şaron hökuməti daxilində xarici işlər naziri (2002-2003) və maliyyə naziri (2003-2005) vəzifələrində çalışıb, lakin Qəzzadan Çıxarılma Planı ilə bağlı fikir ayrılığına görə vəzifəsini tərk edib.

2006-cı ilin dekabrında Netanyahu rəsmi olaraq Likud Partiyasının sədri olub.

2007-ci ilin avqustunda partiyasının prezident seçkilərində Moşe Feyqlinə qalib gəlib.

10 fevral 2009-cu il parlament seçkiləri ilə Likud ikinci partiya olub və sağ partiyalar səs çoxluğu qazanıb. Netanyahu isə koalisiya hökuməti qurub.

29 dekabr 2022-ci ildən isə yenidən İsrailin baş naziri seçilib.

Həmçinin, Netanyahunun qardaşı, İsrail Xüsusi Qüvvələrinin komandiri Yonatan Netanyahu 1976-cı ildə antiterrorçu girovların xilas edilməsi əməliyyatına rəhbərlik edərkən həlak olub.


Share: