Halal adam boğazından haram tikə keçməz, oğul

Müstəqil.Az İlham QƏHRƏMANın yeni şeirlərini təqdim edir

 

OĞLUM KİMİ İŞSİZ VƏ YARDIM ALA BİLMƏYƏN GƏNCLƏRƏ

Yoxsul qazana gön qoyar,
Ha qaynayar bişməz, oğul.
Körpələr yuxu tutunca
Qazan oddan düşməz, oğul.

Şərəf deyilmi həyatda –
Əsgərisən dar ayaqda.
Ayrı-seçkiliktək ox da
Ürəkləri deşməz, oğul.

Nə qandın alın yazından? –
Ya çəkicsən, ya da zindan.
Halal adam boğazından
Haram tikə keçməz, oğul.
22.04.20 20

GÖZƏL VƏ QOCA

Bir gözəl görən qocanın
tutduğu ilk tədbir
hisslərinin həbsidi.
Gözələ baxmaq onunçün
rəqqasın qəbri üstündə
çalınan “Tərəkəmə” rəqsidi.
19.04.2020

***

Balalarımı unudub
şerdən yapışanda
gördüm balalarım
ətini yedi.
şeri buraxıb
balalarımı tutanda
şer mənim
ətimi yedi.

QORXU
Həsrətinin gətirdiyi
nəşəni heç kim duymaz,
Sən də həmçinin…
Bunu kimsəyə deyimmi? –
Qeybdən səs gəlir – yox, sus!
Demək bu dadda həsrət
tək mənə məxsus!
Xoşam öz halıma –
gör nəyi haqq edib
bu bəxtəvərin oğlu?!
Qorxum odu – duyuq düşəsən,
geri dönəsən başılovlu!
07.03.2020

İŞIQLI XATİRƏLƏR

Xatirəsiz ömür yavandı,
balı süzülmüş şanın tayıdı…
Xatirə çaya qatılan şəkər,
qaranlığa düşən işıq payıdı.

Haçan xatırlansan
üzüm-gözüm nurlanır…
Sevgi nuru Tanrı nurudu, –
həmərsin çiçəyi kimi ətirli,
daş suyu kimi durudu.

Sonda ömür boşa çıxır,
adama xatirələr qalır –
sular lil daşıyır, xatirən işıq.
Xatirənin bir adı da var –
qaranlıdqan ötürən işıq.
06.03.2020

Share: