Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, xəsarət alanlar var

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər – 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Share: