H. SÖZLÜ :”Elə bilmişəm ki, məndən çox Vətəni sevən, Vətənə bağlanan insan olmayıb”

Hüseyn Sözlü imzası ilə artıq heç kəsi təəccübləndirmək mümkün deyil. Bu imza minlərlə insanın tanıdığı, darıxdığı, izlədiyi imzadır. Hüseyn Sözlü həm tanınmış şair, həm də bəstəçi olaraq çağdaş söz və musiqi sənətimizdə özünün dəsti xətti ilə seçilir. Bu günlərdə tanınmış söz adamının, bəstəkarın Rəşid Behbudov adına mahnı teatırında oxucuları ilə görüşü keçiriləcək. Elə bu münasibət ilə də qələm dostumla ata-üstü söhbət etdik. Söhbətimizi Müstəqil.Az-ın dəyərli oxucularının da şahidliyi ilə yayınlayırıq:

Hüseyn müəllim, bir yaşda yazılıdı yaşınızın üstünə… Necə hiss edirsizniz özünüzü?

Bəzən yaş özünü göstərsə də, şükürlər olsun yaxşıyam…

Maşallah, sizi heç də yaşlı nəslə mənsub etmək olmaz, yaradıcılığınızda da yeniyetmə gəncin ürək çırpıntıları hiss olunur, nə məsələdir, birdən gənclik duyğularınız sizi gözəllərin və gözəlliyin ağuşuna aparmış olar ha…

-Fiziki görünüş buna əsas vermir, əsas ürəkdir. İnsan hər yaşda yaşına yaxın olmağı bacarmalıdır. Elə anlar olub ki, bəzən yaşımdan yaşlı olmaq məcburiyyətində qalmışam. Həyatın anları dəyişkəndir. O ki qaldı sualınızın həssas nöqtəsinə, bilirsiz ki, şair-musiqiçi ürəyi gözəlliyi duymağı bacarmalı, ən incə məqamlarda da diqqətli olmalıdır.

Sözsüz bunlar bir zarafatdır, sizi çoxdan tanıyıram, və bu çoxdanın tyanışlığı  necə olubsa eləcə də davam edir, ruhən çevik adamsız, yaradıcılığınıza necə təsir edir bu?

– Yaradıcılıq insanın birbaşa ruha bağlı xüsusiyyətidir. Onun çevikliyi də elə yaradıcılığın aktivliyi, zənginliyidir ki, bunun özü də müsbət təsir deməkdir.

– Bu gümlərdə yeni kitabınız da dərc olundu…

– Bəli, yeni şeirlər kitabımla bərabər  həm də mahnılardan ibarət iki yeni diskim işıq üzü görüb. Biri qardaş Türkiyədə türk dövlət sənətçisi Tuncay Yalınla iş birliyimizdən yaranan musiqi toplusudur. Digər albomum isə Azərbaycanda yeni və seçilmiş mahnılarımdan ibarətdir ki, bura da yüzdən çox mahnı salmışıq. Hələ ki, Allahın köməkliyi ilə ruhumuzun çevikliyi davam edir.

Hər yeni kitab sizə nə verir, yaxud sizdən nələri alır?

– Əvvəlində yaşadığım hislərin, duyğuların yüz qatını verib kitablarım mənə.

Tez-tez Türkiyə səfərlərində olursuz.  Bəstəçi, yaxud söz adamı olaraq hansı Hüseynə diqqət çoxdur?

– Çox tez-tez olmasam da imkan daxilində oluram. Qardaş ölkəyə səfər etmək, dostlarla bir araya gəlmək ruhumu oxşayır, mənən möhkəmləndirir məni və əlaqələrimizi. Onların sözləri və musiqiləri ilə yaxından tanış oluram. Bu əlaqələrimiz nəticəsində türk və öz  şairlərimizin sözlərinə yazdığım musiqilər və ya türk bəstəçilərin mənim sözlərimə yazdığı mahnılar yaranıb ki, bunlar da yeni albomlarda öz yerini tapmışdır. Onu da qeyd edim ki, hələ illər öncə mahnılarımın qardaş ölkədə dəfələrlə səsləndirilməsi mənimçün fəxr olmuşdur. Mahnıda söz musiqi ilə vəhdət təşkil edir, hər ikisi ilə məşğul olduğumdan fərqinə varmıram.

-Yüzlərlə mahnı müəllifisiz, düşünmürsüz ki, sizə qarşı diqqətsizlik var? Axı 2-3 mahnı yazanı gətirib qoyurlar dağ başına, bunun sirri nədədir?

– Heç vaxt nəyəsə xatir iş görməmişəm. Bu gün əgər mənim yazdığım mahnılar hardasa səslənirsə, hansısa bir albomda yer alırsa, uzun illərdir el şənliklərinin bəzəyinə çevrilibsə və hər hansı bir insan buna qol qaldırıb oynayırsa, az da olsa zövqləri oxşaya bilmişəmsə bu elə mənimçün zirvə deməkdir. Öz yerini bilmək gözəl şeydir. Mən özümü heç vaxt gözə soxmuram, mahnılarım qəlblərə yol tapıbsa bu elə mənim sənətimə verilə dəyərdir.

Bu yaxınlarda AYBdə yubiley tədbirinizin keçirilməsi planlaşdırılır. Belə tədbirlər bir yaradıcı adama olan qayğının təzahürü sayıla bilərmi?

– Yaradıcı insan üçün belə görüşlərin keçirilməsi heç olmasa 5-10 ildə bir lazımdır, könülləri oxşaya-oxşaya. Tez-tez gözləri yormaq istəmərəm.

Yaradıcılığınızın əsas ana xəttini vətənpərvərlik, dəniz mövzusu, lirika təşkil edir. Bu mövzuların hansı daha çox sizə doğmadır?

– Hər üçü. Müstəqil həyata qədəm qoyandan ömrüm dənizlərin, okeanların qoynunda keçib. Özümü şeirlərimin birində yazdığım kimi, dənizin oğlu bilmişəm. Bu, şeirlərimdə, bilirsən ki, tez-tez əksini tapıb.  Dənizlər məni uzaq-uzaq ölkələrə aparıb, illərlə qərib yaşamışam, Vətən həsrəti ilə burnumun ucu göynəyib. Mən elə bilmişəm ki, məndən çox Vətəni sevən, Vətənə bağlanan insan olmayıb. Vətənin ağrısını ürəyimə çəkmişəm, uğurunu uğuruma qatmışam. Qapalı olduğumdan deyə bilməsəm də vərəqlərə danışıb bu minvalla rahatlığıma qovuşmuşam. Lirikaya gəldikdə isə lirikasız da şair-musiqiçi ürəyi olar?! Yuxarıda qeyd etdiyim kimi sözə, musiqiyə bağlı insan gözəlliyi hamıdan çox duymalıdır. Yaradıcılığa da səbəb elə bu duyğular deyilmi?!

Söhbətləşdi: Faiq Balabəyli

Hüseyn Sözlü
(şeirlər)

   Vətən, sənsiz  üşüyürəm

 

Həsrət hopur sözlərimə,

Vətən, sənsiz  üşüyürəm.

Duman çökür gözlərimə,

Vətən, sənsiz  üşüyürəm.

 

Saçlarımda qəmin dəndi,

Bilən bilir bu nədəndi.

Vətən sözü isidəndi,

Vətən, sənsiz  üşüyürəm.

 

Adın mənə qanad verir,

Dözüm verir, inad verir.

Hər ocağın min od verir,

Vətən, sənsiz  üşüyürəm.

Xocalıdadır

 

Bu dərdi yad etsək ildə bir dəfə,

Yenə yol verərik böyük bir səhfə.

Tariximdə qalan qanlı səhifə,

Millətin göz yaşı Xocalıdadır.

 

Kişnəmir köhlənlər, atlar bu yerdə,

Qan ağlar çiçəklər, otlar bu yerdə.
Kim düşmən dizini qatlar bu yerdə?

Başımızın daşı Xocalıdadır.

 

Gözləyir Xocalı, gözləyir bizi,

Gözləyir bizlərdən bir kişi sözü.

Nə atət, nə sammit, hər kəsin özü,

Ərlərin savaşı Xocalıdadır.

 

Düşmən qəsdə durub, torpaq alınıb,

O yerdə bir ölüm marşı çalınıb.

Ürəyimdən nisgil yolu salınıb,

O yolun bir başı Xocalıdadır.

 

Gözləyə-gözləyə o gözəl günü,

Deyirik çaldıraq bir toy-düyünü.

Sözlü, itirmişik bəxt uzüyünü

O üzüyün qaşı Xocalıdadır.

Yaşadım

 

Bu dünyanın yalanını, düzünü,

Bir-birindən seçə-seçə, yaşadım.

Tufanlar adladım, boranlar keçdim

Od-alovdan keçə-keçə yaşadım.

 

Yer qalmadı, gəzib gördüm hər yanı,

Misralarım oldu bunun bəyanı.

Sayğılarla saydım məni sayanı,

İldən-ilə köçə-köçə yaşadım.

 

Mənlə dostluq eləmədi zamana,

Əminlikdən məni saldı gümana.

Ürəyimdə yer qoymadım yalana,

Yalanları biçə-biçə yaşadım.

 

Bir dəfə Arazın üstünə gəldim,

Xalqıma çəkilən dağları gördüm.

Gözümdən həsrətin yaşını sildim,

Bu nisgili içə-içə yaşadım.

 

Ötəni, keçəni hey yada saldım,
Elin dərdlərini qələmə aldım.

Sözlüyəm, sözümə mən sadiq qaldım,

Siz deyin, dostlarım, necə yaşadım?

Ovqat

Cürbəcürdü insanların baxışı,

Bir ömür pis keçir, bir ömür yaxşı.

Çalış ki, ömrünə düz vur naxışı,

Kim deyir boş olan ovqata köklən?

 

Köklən şirinlərdən şirin arzuya,

Köklən ki, qış qarın gələ yaz yuya.

Elə çal,  qoy mizrab vura, saz uya,

Həmişə xoş olan övqata köklən.

 

Əzəldən sirlidir bu dünya belə,

Fəsillər də ovqat gətirər ilə.

Sözlü, fikir vermə bəxtə, taleyə,

Sairə tuş olan ovqata köklən.

 

 

 

          Elə ki seyrinə çıxdım bu səhər

 

Elə ki seyrinə çıxdım bu səhər,

Görüb məni, güldü üzü dağların.

Heyran etdi gözəl mənzərəsiylə,

Yaşıl yamacları, düzü dağların.

 

Çoban sürüsünü yayar düzünə,

Dumanı niqab tək çəkər üzünə.

Ayna bulaqları sıxıb köksünə,

Qurtarmaq bilməyir sözü dağların.

 

Gün doğar, sis gedər, duman çəkilər,

Sabahın dan yeri həmən sökülər.

Şəlalə nəğmə tək axıb tökülər,

Sevincdən nəmlənər gözü dağların.

 

Ayağı xınalı kəklik səslənər,

Yamacında qoyun, quzu bəslənər.

Yağmuruna düşən hər kəs islanar,

Yağışda yuyunar üzü dağların.

 

Lalələr boyanı çəkər dodağa,

Belə gözəlliyə canım sadağa.

Xoşgəldin eləyər gələn qonağa,

Manqalın  üstündə közü dağların.

 

Payız şehi dərələri nəm eylər,

Haylı-küylü məclisləri kəm eylər.

Ellər köçər, xiffət çəkər, qəm eylər,

Gözləyər Sözlünü özü dağların.

 

              

Share: