Həyatın Anlamı görünəndən artıqdır -Soylu ATALI yazır

Bu günlərdə Lev Tolstoyun “Bugünümüzdəki köləlik” kitabını oxuyub qurtardım. Çox bəhrələndim, çox düşündüm. Öncələr də yazdığım kimi, Tolstoy İnsanlığa sevgini anladan məktəbdir. Ancaq bu məktəb yetərincə öyrənilib dərk olunmayıb. Bizə görə Tolstoyu bədii yaradıcılıq açısından dərk eləmək alınmaz. Çünkü onun həyata baxışı daha çox ruhaniyyatçılıq yönündədir. Ruhaniyyatçılıqda da özünəxas yanaşma ölçüsü var. Bu özünəxaslıq nədən doğur?! – O, içində yaşadığı xristianlığın başında duranları rədd edir, kilsədə yaşadılan anlamsız gələnəkləri, duaları insanlığa tərs sayır.

İnamın oyuna çevrilməsinin yolverilməz olduğunu qabardır… İllər öncə Azərbaycanın basın yayınlarında bir yazıya rast gəlmişdim, nə yazıqlar, nə qəzetin, nə də yazarın adı yadımda qalmayıb. Yazıda belə vurğu vardı: “Ədəbiyyatda dahilik zirvəsinə qalxan Tolstoy İslam dinini sevmiş, onu qəbul etmişdir”. Ola bilər, o yazar Tolstoyun xristian ruhanilərinə, kilsə yaramazlıqlarına qarşı söz deməsinə əsaslanırdı. Bu yazıda Tolstoyun düşüncəsi, dinə baxışı yazar üçün özəl bir önəm daşımırdı. Sadəcə İslamın bütün dinlərdən üstün olmasını əsaslandırmağa tanıqlar (şahidlər) axtarırdı. Halbuki Tolstoyun İslam dininə sayğı göstərməsinə, onu qəbul eləməsilə bağlı hər hansı fakt ortada yoxdur. Tərsinə, Tolstoy elə bu kitabında özünün xristian olması ilə qürur duyduğunu bildirir.

Kitabda öz diliylə söylədiyi bir alıntıya baxsaq, buna yenidən tanıqlıq eləmiş olarıq: “Mən öz inancımın indiyədək olmuş inanclardan ən yaxşısı və ən doğrusu olduğunu demirəm, ancaq bundan başqasını da görmürəm – bundan sadə və aydın, ağılın və ürəyin bütün tələblərinə yetərincə cavab verən başqa bir inanc tanımıram; bundan yaxşı bir inanc olduğunu bilsəm, o andaca onu qəbul eləməyə hazıram. Axı mən Tanrıya doğruluqdan başqa heç nə gərək olmadığını bilirəm”. (“Bugünümüzdəki köləlik”, Alatoran çapı, səh.24).

Bu deyilişlərdə Tolstoyun Tanrı anlamına üstün bir biçimdə bağlı olduğu açıq görünür. Yuxarıda dediyimiz kimi, Tolstoyçuluq məktəbi düzgün öyrənilmədiyinə görə ondan bəhrələnmələr də tamam başqa yöndə özünü göstərir. “İnsan Tanrıya necə yanaşmalıdır, ya da Tanrı insana nə üçün gərəkdir?!” Tolstoyçuluq məktəbi ən çox bunu öyrətdiyi halda, həyatı oyuna çevirən din ruhaniləri Tolstoyu söyür, kimlərsə ondan öz daşıdıqları inanca süni üstünlüklər vermək üçün yararlanır, kimlərsə onu özünün bədii təxəyyülünün olanaqlarını artırmaq üçün öyrənir. İstənilən halda, yanaşma Tolstoyçuluğun həqiqi anlamına girmir. Tolstoyun yaradıcılığı insanlara bədii ədəbiyyatı deyil, insanlığı sevmək öyrədir. Xristianlığın elan elədiyi insana sevgi ideyasını uğurla öyrədir. “Özünə qarşı görmək istəmədiyin bir yanaşmanı sən də bir başqasına qarşı eləmə” çağırışının üzərində, az qala, peyğəmbərcəsinə vurğu eləyir. Mən Soylu olaraq, Tolstoydan insana sevgi öyrənmişəm. Xristian deyiləm, ancaq əslində xristianlığın Tolstoyun həyatında yaşayan tələblərindən bəhrələnmişəm. Bəlkə də xristianlığın bəşərilik motivlərinin anlamı da bu cür məsələlərdə – bəhrələnmələrdədir. Düşünürəm, mənim daşıdığım dünyabaxışın (Mütləqə İnamın) tələbləri də mənim ömrümdə yaşayıb var olarsa, başqaları da mənim ömrümdən beləcə bəhrələnib varlığı təsdiq eləmiş olar…

Mənim soyumun yaşadığı yer Doğanın gözəl yerlərindən biridir. Dağları, meşələri, bulaqları, havası, sağlam həyat yaşamaq üçün, uğurlu bir ortamdır (zəmindir). Doğanın bu gözəlliyini insanlarımızın gözü görür, ürəkləri isə dərindən duymur. Güneylərə, düzlərə mal-qarasının örüş yeri kimi, meşələrdəki ağaclara soyuq aylarda, odun kimi, ocaq qalamaq qaynağı kimi baxır. Yəni məişət orbitində yaşayır. Kəndə getdiyim çağlarda insanlarımıza deyirəm, doğaya bir az fərqli baxmağa, gözünüzlə gördüklərinizi fərqli görməyə çalışın. Ola bilməz ki, doğanın bu gözəllikləri ilə təmasda olan, onun sağlam suyundan içib, sağlam havasını udanlar arasında, özündə, fərqli olanaqlar daşıyan olmasın. Aranızda elə adamlar olar, onların içində şair ola bilər, filosofluq, alimlik olanaqları (imkanları) daşıyarlar, özlərindən xəbərsiz. Onları üzə çıxarmaq gərəkdir. Soyumuz məişət düşüncələrini bir az ötə bilsələr, toplum üçün gərəkli olarlar. Baxış dəyişər, qonu dəyişər, yaxşılıqlar artar. Dedi-qodu azalar, ziyankarlıqlar aradan gedə bilər… Bütün bunlar mənim insan sevgimin görsənişləridir. İnsanlıqdan öyrəndiyim, öyrətmək istədiyim çalarlardır. İnsanların bir-birinə etkisini dərk eləməyənlər həyatı dəyişməyin olumsuz olduğunu söyləyirlər, axı sən kimsən ki, həyatı dəyişəsən deyirlər. Əslində isə insanlığı öyrənmək, yaşamaq, öyrətmək elə həyatı dəyişməkdir.

Tolstoy da, insana sevgi yoluyla həyatı dəyişməyin yollarını öyrətməyə çalışır. Bütün bunları araşdırıb öyrəndikcə Tolstoy məni Asif Ataya daha da yaxınlaşdırır. Asif Atanın belə bir deyimi var: “Sufilərlə Hürufilərin arasında bir addım yol vardı. Ancaq bu bir addım min ilə bərabər oldu”. İndi mən deyirəm: Tolstoyla Asif Atanın da arasında bir addım yol var. Ancaq bu bir addım da min ilə bərabər oldu.

Bu yazıda Sufilərlə Hürufilərin arasında bir addımın min ilə bərabər olmasına aydınlıq gətirməyəcəm. Ancaq Tolstoyla Asif Atanın arasındakı bir addımın min il anlamı daşımasına qısaca bir aydınlıq gətirmək istəyirəm: Tolstoy xristian sevgisini öz ömründə kamil bir qata qaldırdı. Ancaq Asif Atanı dinlər qane etmədi. O dinlərdən yüksəyə qalxan İnam yaratdı. Xristianlıq haqqında Tosltoy yazır: “bundan yaxşı bir inanc olduğunu bilsəm, o andaca onu qəbul edərdim”. Asif Ata da bəşəriyyətin inanc sistemi içərisində daha yaxşısını tanımırdı. Bununla belə, indiyədək olanların içərisində daha yaxşı olanlardan birinə bağlanıb qalmadı, özü yeni Yol yaratdı. Xristianlığın insan sevgisi də ona az gəldi.

Çünkü Xristianlıq insanı niyə sevmək üçün səbəb vermir. Sevilməli olan insanı balaca sayır, balaca görür, Tanrı qarşısında suçlu bilir. Bu ona bənzəyir ki, deyəsən alma çürükdür, ancaq onu yemək gərəkdir. Tolstoya qədər də “dünyanı sevgi qurtaracaq” deyənlər olub. Yəqin ki, bu deyiliş, genel olaraq, xristianlığın anlamından yaranıb. Ancaq bu söz bir şüardır. İnsanı kiçik bilib, suçlu sayıb onu sevməkdə yalan var. Suçlunu, kiçiyi sevmək, ən yaxşı halda, onu yazıqlayıb mərhəmət göstərmək anlamına gələ bilər. Bununla kiçiklik, suçluluq aradan qalxmaz, başqa sözlə, dünyanı qurtarmaq olmaz. Münasibətlərdə, davranışlarda balacalıq, suçluluq mərhəmət ölçüsüylə yoluna qoyulanda həyatın gözəlliyi dərk olunmaz, insan ömrünün kamilliyə yetməsinə inam yaranmaz. Elə-belə deyil, hər kəs insanla bağlı güzəşti ölçü kimi görür. Ona görə deyirlər: suçsuz insan olmaz. Bu, insana inamsızlıqdan irəli gəlir. Bu inamsızlığı dinlər yaradıblar. Biz demirik, insan suç işlədəndə ona güzəşt eləmək olmaz, onu çıxdanc eləmək gərəkdir. Biz deyirik, suça haqq qazandırmaq, kamilləşməyə inamın yolunu bağlamaq olmaz. Tərsinə olarsa, suç böyüyüb günaha, dönüklüyə çevrilə bilər. Nitşenin fəlsəfəsi əslində xristianlığın yersiz mərhəmətçiliyinə qarşı yarandı. Ancaq mərhəmətçiliyə tərs olan “üstün insan” (“fövqəl mən”) ideyası daha pis xarakter yaradır. Yazıq insandan güclü insan yaratmaq insanlığı təsdiq eləmir, qəddarlığı, amansızlığı savunur. Yenə deyirəm, genel olaraq mərhəmət duyğusuna qarşı deyilik, onun doğru zamanda işlədilməməsinə qarşıyıq. Mərhəmət duyğusunu aradan qaldıranda insanla heyvan arasında fərq aradan gedir. Mərhəmət insani duyğudur. Bu duyğunu suçun qorunmasına zəmin eləmək doğru deyil. Başqa anlamda bu duyğu insanı yanlış addımlardan qoruya bilən duyğudur. Məsələn, yanlış olaraq, ləyaqətli bir insan, mühakimə oluna bilər, ancaq ona mərhəmət göstərməklə yanlışı bəlirləyib doğrunu ortaya çıxarmaq baş verə bilər. Biz bu nöqtədən başlayaraq, nədən “dünyanı sevgi qurtaracaq” deyilişini şüar saydığımızı əsaslandıra bilərik. Eyni halda, bizim bunu əsaslandırmağımız daha böyük bir sorunun da cavabı ola bilər. Bu soru belədir: Mən niyə Mütləqçiyəm, ya da “Asif Ata nədən Yeni İnam yaratdı?”. Bu sorunun cavabı oxucunu hara götürər, nələrə yönəldə bilər? – Bu, bizim cavabımızın doğruluğundan, səmimiliyindən asılıdır.

Asif Ata bizi Ocağına götürəndə (qəbul eləyəndə) bir Rica (adına dilək deyək. Bir var diləkcə – ərizə, bir də var Rica – dilək) yazdırardı. Nədən Ocağı seçirəm, Ocaqdan gözləntilərim nədir, Ocağa vermək istədiklərim nə?! Bu diləklər çox vaxt boğazdan yuxarı yazılır, hara üz tutulduğu, Ocağın nə demək olduğu dərk olunmur. Bununla belə, Ata bu “Rica”nı yazdırırdı. Söz yox, Ata bilirdi, Ocağa gəlmək üçün “Rica” yazan adam, az da olsa, sorumluluq daşıyır, oturub düşünür. Bəlkə kimlərsə öz yazdıqlarını unutmaz, onları doğrultmağa çalışar. Ancaq Ocağa üz tutanların içərisində özü, sözü qarşısında sorumluluq daşıyan adam çox az olub. Ona görə bu gün Ocaqda olanların sayı da çox azdır. Həyatda hər şey asandır, çünkü sorumluluq yoxdur. Həyatın anlamına yetmək isə çox çətindir, – burada İnsanlaşma yükü, sorumluluğu çıxır qarşıya. Ocağa gəlib-getmə də çox asan olub, ancaq qalmaq çətindir. Asan gəlib, asan gedənin özü qarşısında, vətənin, millətin, böyük anlamda insanlığın qarşısında sorumluluğu olmur. Gündəlik həyat normalarına, əslində nizamsızlığına uyğun yaşadığına görə əqidə onun üçün anlam kəsb eləmir. Hamının biri olmaqdan yüksəyə qalxmır, mənəvi çatışmazlıqları – zülmü, əsarəti, alçalmağı ömründən qovmaq istəmir. Ona görə ədalətsizliyə boyun əyir, kölə taleyi yaşamaqla barışır. Bu, insanın özündən ayrılması, özünəyadlaşması, bioloji varlığa çevrilməsi gedişidir… Biz istəsək də, istəməsək də, insanın taleyi mürəkkəb qurulub. Belə də deyə bilərik: insan Doğanın ikili şəklidir. Yəni o, mövcud olmaq üçün bioloji proseslərə qatılır – yemək, içmək, geyinmək, çalışmaq (yəni əməklə uğraşmaq). Eyni halda, mövcudluğu ötən davranışlarda bulunaraq ölməzlik qazanmaq. Bu ikinci hal, artıq onun ruhani xislətinin işə keçməsidir. Başqa cür desək, mənəvi varlıq olduğunu sübuta yetirməsidir. İnsan ruhani tələblərlə yaşayanda özünəyadlaşma aradan qalxır.. Özünəyadlaşmadan çıxmaq insan ömründə yeni anlam daşıyır, – şüur dəyişir, düşüncə dəyişir, vətən, millət, insanlıq öz anlamında gəlir ömrə. Bura qədər hər şey öz adında dilə gətirilsə də, ömürlə birlik yaratmırdı. Ancaq ömrün yönü dəyişəndə həyatda hər şey öz anlamı ilə dərk olunmağa başlayır. Asif Ata ömrün arınması, durulması gedişinə “Özüylədöyüş” adı qoyub. Özüylədöyüş yamanlıq yerinə yaxşılıq gətirir ömrə, dönüklük yerinə sadiqlik, alçaqlıq yerinə vüqar, qorxaqlıq yerinə cəsarət, tənbəllik yerinə hünər, maddiyyatsevərlik yerinə ruhaniyyatsevərlik, özünəyararlıq (mənfəətçilik) yerinə xeyirxahlıq. Bu, İnsanlığın nizamıdır, bu, həyatın gözəlliyidir. Bəs bir ömürdə buna yetmək mümkündürmü? Söz yox, mümkündür. Ancaq bunu asanlıqla demək olmur. Bunun üçün insanın xarakterində üç keyfiyyət bir araya gəlməlidir: 1. Doğrudan da, özünün ruhani mahiyyətinə uyğun yaşamağı istəmək; 2. Bu, istəyin doğrula biləcəyinə inanmaq; 3. İnamını doğrultmaq üçün ortaya iradə qoymaq. Bizim dediyimiz bu məsələ ilə ilgili tarixdən örnək soruşsalar, elə buradaca Tolstoyun adını çəkə bilərik. (Çağımızda isə tarixləri belə, ötə bilən örnək Asif Atadır). Öyrənənlər bilirlər, Tolstoyçuluq əslində onun 50 yaşından sonra başlayıb. O bunu özünün “Etiraflarım” əsəri ilə aydın bir şəkildə söyləmişdir. Yetənəkli, oxunaqlı əsərlərinin olmasına baxmayaraq, günlərin birində özünə, yaşamını alt-üst edəcək sorular verir: “Mən kiməm, həyat nədir, mən niyə yaşayıram?”. Üzdən adi görünən bu sorular onu böyük axtarışlara yönəldib. Sorularına doğru cavab bulmayınca çətinliklər qarşsıında sarsılıb, intihara cəhdlər edib. Ancaq içindəki həqiqət tələbi –  həyatla, onu (həyatı) anlamadan üzülüşməyin yanlış  olduğunu öyrədib. Tolstoy öz ömrünə yenidən başlayıb, əsil ruhaniyyat möminliyi qatlarına yüksəlib. Bu kitabında da həqiqətlə bir olduğunu, yazdıqları boyunca, uğurla anlada bilir. Kitabdan ilginc bir alıntını baxışınıza sunuram: “Beləliklə də, özümün pravoslav inancımı öz rahatlığımdan artıq sevdim, sonra xristianlığı kilsədən artıq sevdim, indi isə həqiqəti dünyada olan bütün şeylərdən artıq sevirəm. Bu yola başladığım gündən indiyədək, həqiqət həmişə mənim üçün öz anladığım xristianlıqla üst-üstə düşmüşdür”. Bu cümlələrdən görünən odur, Tolstoy çox dərin, uzun axtarışlar yolu keçmişdir. Özünün anladığı xristianlığı da yalanlardan, miflərdən ayıraraq, insanlığa nəyin uyğun olduğunu aydınladaraq vurğu edir. Söz yox, xristianlığa bütöv yanaşmaq gərəkdiyini biz bilirik. Ancaq öncələr də yazdığımız kimi, biz Tolstoydan peyğəmbərlik uma bilmərik. O, yeni dünyabaxış yaratmayıb, yarada bilməyib. Ona görə də əski inanc – insana hansı səviyyədə gərək ola bilərsə, onun üzərində dayanır. Bizim üçün başlıca doğru olan məsələ Tolstoyun insana, varlığa yanaşmasında ideal bir səmimiyyətlə yaşamasıdır. Tolstoy öz inancında insana gərək olan yönü savunsa da, dinin toplum üzərində tabuya çevrilməsini, kilsələşməsini rədd edir. Belə olmasa idi, biz Tolstoyda yanıla bilərdik. Yəni bütövlükdə həyatı qapsaya bilməyən, bitkin bir ölçü verə bilməyən bir inancı (xristianlığı) bütöv şəkildə bizə sunmaq çaşdırıcılıq yaradardı. Yalnız “insana sevgi”, “özünə qarşı pis şeylərin olmasını istəmirsənsə, sən də eləmə” deyilişini Tolstoy birgə yaşayışın düsturu saymaqla, insanları dinin yanlışa çəkməsindən qorumağa çalışır. Ancaq bununla o, elmi inanc yerində görənlərin yanında da dayanmır. Tolstoy elmin, hər yöndə, birgəyaşayışı doğruldacaq həqiqətlər ortaya çıxardığına inanmır. O deyir: “əslində belə bir elm yoxdur, elm adlandırılan dəyər təsadüfi, bir-birindən asılılığı olmayan bilikləri bir yerə toplayır. Bu biliklər çox vaxt heç kimə gərək olmur. Bundan başqa bu biliklər nəinki danılmaz doğruluqlar olur, tərsinə, elmin bilik dediyi bu şeylər çox hallarda yanılmalarla sonuclanır. Bu gün doğru sayılanların sabah yanlış olduğu ortaya çıxır, elm də arasıkəsilmədən öz doğru bildiklərini danmalı olur… Belə elmin peşində olanların baxışları eyni ilə kilsənin heç vaxt yanılmadığını deyən ruhanilərin düşüncələrinə bənzəyir”. (“Bugünümüzdəki köləlik”, səh.29).

Belə yanaşmalar, bizim çağımızda da var. Dinə bağlı olanlarla elmi baxışları ölçü götürənlər arasında açıq, gizli çəkişmələr gedir. Əslində ruhaniyyat, dinin başladığı çağlarda, sadə insanlar arasında daha tez yayılır. Hər zaman haqsızlıqla, ədalətsizliklə üzləşdiklərinə görə, ruhaniyyatın çağırışlarını öz xeyirlərinə sayırlar, belə bir çağırışın yörəsində birləşə bilirlər. Ancaq siyasət yönəticiləri ruhaniyyatın başına keçəndə oyunbazlıqlar başlayır. Sadə insanların öz haqlarının ödənməməsini, ədalətin bərqərar olunmamasını görməmələri üçün ruhaniyyatı fantastikləşdirirlər. İnsanların başı dinin uydurulmuş gedişlərinə alışmağa qarışır. Din başçılarından, yönəticilərindən əfsanəvi qəhrəmanlar quraşdırırlar, onların sadə, gerçək bir insan olduqları toplumun ağlına, düşüncəsinə yaxın buraxılmır. Ona görə toplum gözə görünməyən, qeybdə olan ilahiləşdirilmiş qüvvələrin nə vaxtsa ədaləti bərqərar edəcəklərinə ümid bəsləyir. Bu hal, çağımızda islam dininə tapınanlar içərisində daha çox işlənilir. Dindar kütlə hələ də “sahib-əz Zamanın – Mehdinin olmasına, nə vaxtsa gələcəyinə inanır. İkinci cəbhədə olan insanlar belə yanaşmaları əsas gətirib dini baxışları ələşdirmələrə girişirlər. Beləliklə, insanlığa özgün olmayan, insana yaramayan bir düzəydə çəkişmələr, döyüşmələr baş alıb gedir. Dini savunanlar hər zaman fantastik dəyərləndirmələrə dayanırlar, gerçək həqiqətlərə söykənmirlər. Belə götürəndə onların ağlı bundan uzağa da getmir. Onlar dini dəyərləri fantastikləşdirməsələr savuna bilməzlər. Çünkü Cəfəngiyyatın imkanı uydurmağa yetir, böyük həqiqətlərdən bəhs etməyə çatmır. Bu səbəbdən, qarşı cəbhə dinin fantastik dəyərlərini danarkən, düşüncələrində ruhaniyyatın  gərəksizliyi canlanır… Din öz fantastik dəyərləri ilə mədəniyyətin gəlişməsinə, Vətənçiliyin dərk olunmasına əngəl yaradırsa, bunu dananlarda isə kosmopolit düşüncə vətənçiliyin, millətçiliyin dərk olunmasının qarşısını alır. İstənilən halda, dini dananlar məsələlərə ateistcəsinə yanaşırlar. Bu isə bütünlükdə ruhaniyyatın danılmasına gətirib çıxarır. Ruhaniyyat da danılırsa, birgəyaşayışın nizamı yarana bilməz. Ruhaniyyatın danılması yolverilməz olduğu kimi, uydurulması da yolverilməzdir. Dinlərdə Tanrı-insan münasibətləri bütünlüklə uydurmalar üzərində qurulur. Birgəyaşayışın nizamı da ən çox bu nöqtədən pozulmağa başlayır. Çünkü İnsan hər şeylə uğraşdı, özüylə yox. Özünü deyil, özündən qıraqda nələrsə yaratdı. Ona görə yaratdıqlarına yenilməyə başladı. Tanrını da içində deyil, uzaqlığında yaratdı. Tanrıya boyun əydi, ona qurbanlar verdi. Ancaq pozuntulardan qoruna bilmədi. Bir yandan elm yaratdı, Doğa ilə öcəşdi, bir yandan da uydurduğu varlıqlarla ayaqda durmağa çalışdı. Alınmadı. Daim öz taleyi ilə oynadı. Taleyini oyuna salıb məhv edəcək şeylərə xərclədi ömrünü. Toplumun içindən biri çıxıb uydurmalara, uydurmalardan doğan pozuntulara “dur” deyəndə isə onu yamanladı, döydü, söydü, çıxdanc elədi. Qarışıq, dolaşıq məsələdir. Toplum xeyiri, şəri düzgün tanımır, ona görə həyatı dərk eləyə bilmir. Hər kəs həyatı əyən gedişlərə qatılır, ancaq heç kim özünü suçlamır. Hamı başqasını suçlayır, ancaq hamı başqasına baxır, özünə baxmır. Bircə an dayanıb  özünə baxanlar isə toplumdan ayrılır. Özünə baxmağı bacaran özündəki yanlışlarla barışmır, mənəvi kamilliyə yetir. İnsanlığın qurtuluşunun insanın özündən asılı olduğuna inanır. İnsanın mənəvi kamilliyi isə təkcə birgəyaşayışın nizamını yaratmaq üçün deyil, geniş qapsamda əbədi məsələlərə bağlıdır. Deyək, insan öz varlığını əbədi, sonsuz olana bağlı dərk eləmirsə, sadəcə pisliklərdən çəkinərək, insanlara münasibətinin arılığını qoruyursa, onun mənəvi kamilliyindən danışmaq axıra kimi özünü doğrultmaz. Bu halı Tolstoy dinlə bağlayır. Tolstoya görə din – insanın sonsuzluqla özü arasında bağlılıq yaratmasına yardımçı olan dünyagörüşdür. Bir zaman o, hakim dinlərin bu məsələdə özlərini doğrultmadığını da vurğu edir. O deyir: insanla sonsuzluq arasında bağlılıq yaratmayan dini din saymaq olmaz. İnsanla insanlıq arasında münasibət yaradan Kontun pozitivizm fəlsəfəsini də yetərsiz sayır. Tolstoy deyir: “Doğruçu din, insanın şüuru, bliyi ilə ziddiyyət yaratmadan, insan ilə onun içində yaşadığı sonsuz dünya arasında münasibət yaratmaqdır”. Biz Tolstoyun bu təyinini doğru sayırıq, ancaq gerçəklikdə belə bir din mövcud deyildir. Tolstoyun əsil xristianlıq dediyi dünyabaxışda da, bu düşüncəni biz görə bilmirik. Odur ki, biz bunu Tolstoyun öz diləyi, düşüncə yönü sayırıq. Kilsənin yaratdığı xristianlıqla ”başlanğıc xristianlığın” (İsaçılığın) arasında kəskin təzadlar ola bilər, ancaq bu təzadlar “başlanğıc xristianlığın” sonsuzluğu tam, doğru bəlirləməsi (təyin eləməsi) anlamına gəlməz. Söz yox, Tolstoy kilsələrdə sonsuzluğa münasibətin saxtalaşdırılmasını doğru aydınlaşdırır. Biz buna başqa dinlərin yanaşmasını da əlavə edirik, yəni saxtalıq təkcə kilsələrdə deyil, başqa dinlərin də məbədlərində həyata keçirirlir. Genel olaraq, sonsuzluğa münasibətin doğruluğu, bireysəl münasibətlərin (özbaşınalığın) ibadət evlərinə hakim kəsilməsindən sonra daha da korlanır. Ona görə çox vaxt məbədlərlə məbədlərin tabe olduğu Dünyabaxış arasında çelişkilər əmələ gəlir. Bunu qıraqdan izləyənlər sonsuzluğa münasibəti məbədlərdən qıraqda qurmağı doğru sayırlar. Ancaq bu tək-tək adamlarda yaranan düşüncədir. Çoxluq dinə şüurdan, bilikdən qıraqda dayanıb baxırlar. Bunların Tolstoyu Allahsızlıqda suçlaması doğal görünür. Tolstoy kilsənin insanla Tanrı arasına girməsini – insanın dərk prosesinə əngəl sayır. Kütlə isə araçı (vasitəçi) olmadan insanın Tanrını dərk etməsini mümkünsüz sayır. Ancaq bu o zaman özünü doğruldar ki, kilsəni yönətənlər Tanrını dərk eləmiş mömin öyrətmənlər olsunlar. Xristisnlıq tarixinin heç bir aşamasında belə bir faktın olmasına rast gəlinməyib. “Başlanğıc xristianlığın” özündə Həvariləri xristianlığın öyrətmənləri saymaq olar, ancaq həqiqətin öyrətmənləri saymaq çətindir. Bu açıdan düşünürük, Tolstoyun vurğu elədiyi əsil xristianlıq da “başlanğıc xristianlıq” deyil. Tolstoy “başlanğıc xristianlıq”da olduğu kimi insanları bir-birinə bərabər sayır, ancaq Tolstoyun belə sayması, özünəxas, fərqli anlam daşıyır. Çünki “başlanğıc xristianlıq”da insanların bərabərliyi onların heç sayılması ilə eyniləşdirilir. İnsanlar suçlu törəmə sayılırsa, onların eyni dərəcədə haqlı olmalarını demək, hamısına ədalətin gözüylə baxmaq belə, qurtuluş yolu deyildir. Özünü suçlu törəmənin davamı saymaqla, insanların başqalarına qarşı axıracan ədalətli olacağına heç kim heç kimi inandıra bilməz.

İndi isə bu yanaşmalarımızdakı bəzi çalarlara aydınlıq gətirməyə çalışaq. Mən, Soylu Atalı olaraq, fəlsəfənin olanaqlarından yararlanıb bəzi məsələlərdə daşıdığım Dünyabaxışın, eləcə də milli-etnik kimliyimin xeyrinə yozumlar irəli sürmüşəm, başqa sözlə, yorumlarımı öz dünyabaxışımın, milli-etnik kimliyimin üstünlüyünü sübut etməyə yönəltmişəm. Ruhaniyyatçılıq isə ümumbəşəri açıdan yanaşmağı, yansız (tərəfsiz) davranmağı tələb edir. Ancaq yaşadığım, yaşatdığım ideyalara bağlı düşüncələrimi doğru saymaqda, doğru aşılamaqda haqsız deyiləm. Axı ortada danılmaz görsənişlər, gerçəkliklər var. Milli-etnik kimliyim Türklüyümdür. Türklük bəşər svilizasiyalarının gəlişməsində, xalqlara münasibətdə tarixə dəyərli örnəklər vermişdir. Bunu dünyanın bir çox qabaqcıl düşüncə adamları da etiraf etmişlər. İkinci bir yandan, bu gün dünyanı yönətən güclər əslində dünyanın nizamını pozmuşlar. Bu da ona görə olmuşdur ki, türkü dağınıq duruma gətirmiş, türklüyün bəşərdə yerini əksildərək etkisiz hala salmışlar. Daşıdığım dünyabaxışın üstünlüyünü vurğulamağa gəlincə, o da bu dediyim məsələ ilə sıx bağlıdır. Bizə görə türklüyün bəşərdə mənəvi-ruhani etkisi artmalıdır. Bu etkinin artması İnsanlığın yaşama qayıtmasında başlıca rol oynaya bilər. Türk dəyəryaratma, dəyəryaşatma açısından ən böyük bəşər xalqlarından biridir. Mənim daşıdığım Mütləqə İnam Dünyabaxışı da min illərdir bəşər mənəviyyatında çəkisi olan Türk dəyərlərinin sintezi, gəlişməsi kimi şəkillənmiş bir dəyərdir. Türk Doğasevərdir, Türkün Tanrısı Doğanın uyumundadır. Asif Atanın İnsanlaşma təliminin gəlişməsində Türk-Doğa Birliyinin böyük etkisi olmuşdur.

Bütün bunları deyəndən sonra qarşımıza bir soru çıxır: Bəs necə olub, Tolstoy kimi humanist doğruçu bir düşünər bu dediyim keyfiyyətlərə heç yerdə toxunmayıb, dilə gətirməyib? İnsanlığı düşünən, insanla bağlı hər bir sorunu incələməyə çalışan bir düşüncə insanının gözündən yayına bilərdimi bu cür məsələlər?! O da ola, mən Tolstoyu, Asif Atadan sonra, özümün öyrətmənim sayıram. Çox ola bilər, çağdaş toplumsal bir yaşam sistemi olmadığına görə, başqa sözlə, türk panteizmi sayılan Tanrıçılığın yaşam gələnəkləri mövcud olmadığı üçün bu Dünyabaxışı hallandırmaqdan vaz keçib. Tarixdə dayanmış, bugünümüzə gəlib çatmamış bir dünyagörüşə Asif Ata da üz tutmayıb. Asif Ata özününkünü yarada bildi, Tolstoy isə özününkünü yaratmadığı üçün daha üstün saydığı birində dayandı. Burada Asif Ata ilə Tolstoyun baxışları arasında yeni bir fərqin də ortaya çıxdığını görürük. Tolstoy çağımıza kimi gələn dünyabaxışdan birində ən üstün cəhətləri görüb vurğulayır. Asif Ata isə bu dünyagörüşdə, eləcə də çağımızda yaşayan başqa dünyagörüşlərdə doğru olmayan çalarları daha çox vurğulayır. Söz yox, Asif Ata hansısa üstün cəhətləri də gözardı eləmir. Dediyimiz kimi, Asif Ata özünün Dünyabaxışını yaratdığı üçün əsaslandırmalıdır, – olanlar varkən nədən yenisini yaratdı?! Tolstoy isə qurtuluşa çağırmağını, mövcud dünyabaxışlardan ən yaxşı saydığının üstünlüklərinə dayanıb əsaslandırmalıdır. Bu məsələnin bir yanı. Məsələnin başqa bir cəhətini də vurğulayaq. Sual yarana bilər, nədən Asif Atadan, Tolstoydan başqa kimsənin  adını hallandırmırıq?! Yuxarıda da vurğuladığımız kimi, bizim üçün Tolstoy ədiblikdən, filosof-yazıçılıqdan daha çox ruhaniyyatçıdır. O, peyğəmbər işini yüksək qiymətləndirir, həyata, insana peyğəmbərcəsinə yanaşır, hətta insana əski peyğəmbərlərdən doğru yanaşır. Peyğəmbərlər toplumsal nizam xatirinə bəzi məsələlərdə insanı aldadırlar, Tolstoy insanı aldatmır, baxmayaraq, dünyabaxışlardan birini üstün sayıb onda daynır. Asif Ata isə Dünyabaxışlardan birini seçib onda, insanı aldatdıqlarına görə, dayanmadı… bununla belə, nə Tolstoyun, nə də Asif Atanın çağırışları toplumda sürəkli yerimir. Tolstoyun çağırışı xristianlıq üzərində qurulub. Xristianlıq isə iki min ildir var. Bəlkə yeni tələblər – etkisi köhnəlmiş bir baxışın üzərində vurğulandığı üçün özünü doğrulda bilmir. Asif Atanın yeni tələbləri isə yaşamın səmtini dəyişməyə çalışan Yeniliyə dayandığından etkiləri çətin formalaşır. Çoxluq konservativ düşüncələrə bağlı olduğundan Yeniliyin yeriməsinə əngəl yaradır. Genel olaraq, Yeniliyə yanaşma açısından Asif Ataya baxışları üç qrupa bölmək olar: Birincisi, Asif Atanın işini bilməyən, dərk etməyən, qəbul eləməyən qrup. Buna dini düşüncənin etkisində olanları özgün eləmək olar. İkincisi, Asif Atanı bilmək istəməyən, qəbul etmək istəməyən qrupdur. Buna üzdə olan oxumuşlar, siyasiləşmişlər özgündür. Bunların baxışına əngəl olan məsələ Asif Atanın peyğəmbər adlandırılmasıdır. Onlara görə indi peyğəmbərlik çağı deyil, peyğəmbərə artıq gərək yoxdur. Biz dönə- dönə yazmışıq, demişik belə düşünənlər yanılırlar. Toplumsal yaşamda nə dəyişdi ki?! Elm ən yüksək düzəyə qalxdı, ancaq barbarlıq, gerilik, soyğunçuluq, talançılıq, savaş-qırğın aradan qalxmadı. İnsan öz növündən olana qənim kəsilib, həyat uğrunda heyvani döyüş görünməmiş düzəyə qalxıb. Ruhaniyyat varsa, Peyğəmbərlik varsa (hamının gördüyü kimi var da), bunlar yenilənməlidir. Siyasət nizam yaratmır, yaratmayacaq. Siyasət – nizamın pozulmasından yaranan gedişdir. Siyasət milləti, vətəni alver predmetinə çevirir. “Vətənə münasibət dəyişməlidir” yazmışdım: Vətəndə dəyər yaradıb, onu yaşatmaq – İnsanlığın ünvanına çevirmək gərəkdir. Onda torpaq müqəddəslik səviyyəsinə qalxar, niyə qorunduğunun dəyəri dərk olunar. Ancaq vətən – bir qrup hakim təbəqənin gəlir-qazanc ünvanı kimi qorunursa, bunun üçün başqa torpaqlara göz dikilir, ələ keçirmək üçün dinc insanları qırırlarsa, çoxluğun səfaləti, azlığın güzəran firavanlığı ödənirsə, sözsüz ki, torpaq müqəddəslik anlamını itirir. Yalançı patriotizm dəyərlər üçün deyil, ağalıq üçün ayaqda saxlanılır. Hər kəsə, dövlətin başında duranların ağzı ilə belə patriotizm aşılanır. Dövlət,- başında duranların əməlləri ilə vətən anlamına qarşı formalaşır, ona görə də sadə insanlar çaşır. Onların, müqəddəs saydıqları vətəndə, hər şeyləri əllərindən alınır, əzilir, basqı altında saxlanılırlar. Ona görə Vətəni – zor aparatı kimi çalışan dövlətə bərabər tuturlar, sevmirlər. Dövləti talançılar işğal edib başına keçirlər. Bir sözlə, işğal olunan dövlət ağalığa imtiyazlar yaradıb onu qoruyur. Hamını da bu imtiyazların gərəkliyini qəbul eləməyə zorlayırlar. Beləcə, vətəni sadə toplumun gözündən salırlar. Sadə toplum səfalət içinə düşdükcə dövlətə, başqa sözlə, hakimiyyətə etiraz eləməyə başlayır (çünkü onun üçün dövlətlə hakimiyyət eyni anlam daşıyır). Bu etirazlar kritik həddə çatanda hakimiyyət qonşu xalqların dövləti ilə qovğa yaradır, öz toplumunun baxışlarını hədəfdən yayındırır, qonşunu hər kəsə ümumi düşmən göstərməklə öz eybəcərliklərini, talançılıqlarını ört-basdır edib ömrünü uzatmağa çalışır. Toplum bu tələblərə inanmayanda, hakimiyyətə boyun əymək istəməyəndə onu vətənə qarşı olmaqda suçlayır. Hətta etirazçıların yönəticilərini bu ad altında tutuqlayıb sıradan çıxarır. Sonra bu topluma yenidən patriotizm təbliğatı aparır. Belə bir eybəcər durumu siyasətlə yoluna qoymaq olumsuzdur. Bu ədalətsizliyi, toplumsal nizamsızlığı ruhaniyyatla yoluna qoymaq olar. Tolstoy da bu kitabında (“Bugünümüzdəki köləlik”) siyasi patriotizmi rədd edir. Yəni bəşəri duyğularla patriotizmə qarşı çıxan Tolstoy, məncə, bu cür gedişləri gözə alır. Biz də belə düşünürük, insan dəyərdir, onu vətən üçün yaşadarlar, öldürməzlər. Vətən insaniləşərsə, insan özü vətən üçün könüllü fədakarlıqlar eləyə bilər. Vətəni qorumaq – ağalığı qorumaq yox, insanlığı qorumaq anlamı daşıyar. Ona görə də dövlətin başında duranların vətən obrazı toplumda sevgi yarada bilmir, daha da vətəni gözdən salır. Heç kim içində patriot olmaq istəmir. Zorla vətən sevilməz, zorla ruhaniyyat yaranmaz, zorla insanlaşmaq olmaz. Zor ölməlidir ki, hər şey əsilləşsin. Bütün bu deyilənlərdən sonra bir daha vurğu edirik: siyasətçilər, ya da siyasətə meyil edənlər Asif Atanı anlamaq, qəbul eləmək istəməz.

Asif Ataya yanaşmada üçüncü qrupa – onu bəlli bir yerə qədər bilən, ya da bilməyən, ancaq qəbul edən insanları özgün saymaq olar. Bunlar bizik – Asif Atanın davamında çalışan, bir də ona sayğı bəsləyənlər, yəni rəğbətçilər. Asif Atanı bilən çox azdır. Onları da ideal bilik yiyəsi saymaq çox tezdir. Genel olaraq, bu gün Asif Atanı qəbul edənləri də iki qrupa ayırmaq olar. Öncə onu deyək ki, Asif Atanın ideyalarından doğan tələblərə görə, gerçək olaraq Ocaqçıları qruplara bölmək olmaz, heç kimə ayrıca üstünlük verilmir. Üstünlüyü fərd özü qazanır – ömrü, çalışmaları ilə. Sözsüz, ideyanı yaşadan qrumun yiyələri də onlar sayılırlar. Ancaq biz Ataya, Ocağa, Onun ideyalarına münasibətin fəlsəfəsini aydınlaşdırmaq üçün, Atanı qəbul edənləri, şərti olaraq, iki qrupa ayıra bilərik: Asif Atanın davamında olanlar; Asif Atanın davamında görünənlər. İdeyanı anlayan, ona bağlanan aşiqlər heyrətlilər davam sayılır. Onlarla bir yerdə görünən, ancaq öz məişəti, qayğıları ilə yaşayanlar isə davam kimi görünməyə çalışanlardır. Obrazlı desək, içəri girə bilmirlər, qırağa da dura bilmirlər. İçəri girəndə boğulur, dışarı duranda heç olurlar. Ona görə böyük ideyaların yükü sabaha ağır daşınır. Biz aşiqlik olmadan, heyrət duyğusu yaranmadan Yola düşməyi mümkünsüz sayırıq. Bəs duyğular necə yaranır, nə ilə ünsiyyətdə yetkin şəkilə düşür?! Genel olaraq, bəşər övladının duyğuları ən çox Doğa ilə ünsiyyətdə yaranır. Ruhani anlamda insanın duyğuları Tanrı ilə ünsiyyətdə biçimə düşür, həyata, dünyaya baxışı formalaşır. Tanrını da insana tanıdan, yəni insan-tanrı ünsiyyətini yaradan dinlər olub. Dinlərin Tanrı obrazında yalanlar olduğuna görə insan-tanrı münasibətlərində də doğruluq başa varmayıb. İnsanın Tanrıya münasibətindən nisbi duyğular yaranır. Bu isə yaşamdakı bütün münasibətlərin əyilməsinə nədən olur. Tostoy da bu kitabında insanın Sonsuzluğa münasibətinin doğru bəlirlənməsini gərəkli vurğulayır. Yəni belə də demək olar: Sonsuzluğa baxış, yanaşma dəyişilməlidir. Bunun üçün Sonsuzluğun özü də insan üçün tam aydın olmalıdır. Tolstoy Sonsuzluğu, qəbul elədiyi dünyabaxışın üstünlükləri araçılığı ilə öyrətməyə çalışır. Asif Ata isə, vurğuladığımız kimi, daha çox qabağa gedərək parlaq, danılması mümkün olmayan düşüncələr ortaya qoyur. Bəs nədən onu qəbul edənlər bilməkdə, anlamaqda gecikir, nəzəri olsa da, fərqli yaşam cəbhələrinə ayrıla bilirlər?! Bizə görə bu, artıq bireysəl olanaqlar açısından dəyərləndirilə bilər. Yaşam ortamının çətinliklərinə yıxılmamaq, dünya nemətlərinin şirinliyinə uymamaq, ömrü bayağılaşdıran gedişlərə dirəniş göstərmək – içdən güclü olmaq tələb edir. Bunun asan olmadığı da bəlli. Eyni halda, Asif Atanı qəbul edənlər, dini qəbul etməsələr belə, dinin Tanrı obrazı ilə ünsiyyətdən tam ayrıla biliblərmi? Belə də soruşa bilərik: Asif Atanın dəyərləndirdiyi, obrazlaşdırdığı Mütləq olanla ünsiyyətə girə biliblərmi?! Onlarda duyğular nədən qaynaqlanır?! Bu sorğulara da biz, nəzəri olaraq, cavab verə bilərik. Yaşantılar göstərir ki, Mütləq olanla ünsiyyət çox yetərsizdir. Bu yetərsizliyə görədir, qıraqdan Ocağa münasibət tam bəlirliyini (müəyyənliyini) tapmır. Yəni Asif Atanın ideya-prinsiplərini başqalarının araşdırıb öyrənmək istəyi aktiv düzəyə qalxmır. Söz yox, burda başqalarının yanlışlıqları da açıq görünür. Belə ki, ideyaya qiymət, onu daşıyanların ömrünə, davranışına görə verilir. Bu isə bütün hallar üçün doğru sayıla bilməz. İdeya bir çağın insanlarının işində bütöv üzə çıxıb ifadə olunursa, tarixə çevrilməsi, arxivə qoyulması ədalətli sayıla bilməz. Bu gün Ocaq haqqında üzdən baxıb, ələşdirmə açısından çox şeylər demək olar. Bu zaman deyilənlərin çoxu doğru da ola bilər. Yəni Ocaq insanının yanlış davranışlarına, zəifliklərinə qıraqdan verilən qiymət doğru ola bilər. Ancaq 41 ildr ortada olan yeni bir olayın yaşadılması bu deyilənlərdən qat-qat dərində olan zəhmətlərlə, fədakarlıqlarla başa gəlmişdir. Nə yazıqlar, belə zəhmətləri çağın özü qiymətləndirə bilmir, gələcək qiymətləndirir. Mən yazmışdım: dini qəbul eləməyənlərin çoxu dinin ideyalarındakı yanlışlardan daha çox dindarların davranışlarındakı yanlışlara əsaslanırlar. Bu yanaşmada hədəf yanlışın özü olmur, yanlışı eləyənlər olur. Bu isə pozitiv dəyişikliklərə gətirib çıxara bilməz. Gəlişmə doğruçu dəyişikliklərə bağlıdır… Ancaq başqalarının yanlış dəyərləndirmələri ideya daşıyıcılarının arxayınlaşması üçün tutalqa da sayıla bilməz. Özəllikcə Ocaqçılar üçün belə bir bəhanə yoxdur, ola bilməz. Onlar Mütləqilik ölçüsüylə, tələbiylə yaşamağa borcludurlar. Bu borcun ödənməsi isə təkcə qıraqdan baxanlara hesablanmır, həm də onların insani kimliyinin gələcəyi bəlirlənmiş olur. Ancaq dediyimiz kimi, bütün bunlar yuxarıda qoyduğumuz soruların (Ocaqçılar Mütləq olanla ünsiyyətdə ola bilirlərmi; onlarda yaşam duyğuları nədən qaynaqlanır?!) nəzəri cavabıdır. Gerçək cavabları Ocaqçıların özüylədöyüş əməlləri verə bilər. O da hələlik ya yoxdur, ya da olduqca zəifdir. Bu, ortadan qalxmasa Ocaqçılıq kimi bir dəyər uzun illər arxivə gömülə bilər. Ona görə Ocağın onu dərindən anlaya bilən insanlara böyük ehtiyacı var. Bu gün Ocağa yaxın olan adamların da, Ocaqçıların da Ocaqla bağlı davranışları, dediyimiz kimi, bu ehtiyacdan uzaqda görünür. Çünkü Ocağa gerçəkliyin (reallığın) tələblərində sınırlanan ağılla yanaşırlar. Biz ağıla qarşı deyilik. Ancaq ağıl yaşamaq nizamı yaradan gücdür, yaşamaq anlamına girə biləcək güc deyil. Hamıda ağıl olur, Doğa bəşər övladından bunu əsirgəməyib, ancaq yaşamın anlamını anlayacaq hünər yoxdur. Bu isə təkcələrdə olan keyfiyyətdir. Elə Ocaqçılıq da təkcələrin işidir. Ağıl yetkinliyi – alovlu, emosional ürəklə bütövləşəndə Ocaqçılıq aşamalarla sabaha gedə biləcək. Bunu yaratmaq, obrazlı desək, adamdan Allah olmaq istəyir. Öncələr yazmışdım: Ruhaniyyat – ağıllı adamların deyil, heyrətli adamların işidir. Heyrətdən uzaq ağıllı adamlar Asif Ataya yaxınlaşdıqca Ocaq arxivə çevrilə bilər. Ocağı ilk olaraq, onlardan qorumaq gərək olacaq. Gerilikçi düşüncələrdən Ocağı qorumaq asandır. Onlardan qorumaq çətin. Bu həqiqəti bilmək, anlamaq gərəkdir…

Belə götürəndə, Tolstoyun yaşamla bağlı dedikləri Asif Atanın dedikləridir. Ancaq Asif Atadakı kimi bitkin, sistemli, bəlirli deyil. Ona görə də Tolstoy peyğəmbər deyil, Asif Ata peyğəmbərdir. Əgər Asif Atadan peyğəmbər sözünü alsan, o da Tolstoy kimi sevilən düha olacaq, ancaq Yol olmayacaq…

Asif Atanı “düzəltməyə” çalışanlar, daha doğrusu, olduğu kimi bütöv qəbul eləməyənlər Ocağın yaşamasına, yeriməsinə əngəl olacaqlar. Əngəl düşüncələri Ocağa yaxın buraxmaq olmaz.

Beləliklə, mən yenə Tolstoydan Asif Ataya gəlib çıxdım. Yol məni buraya gətirib çıxartdı. İçim belə köklənib, işim belə qurulub!

 

Yükümüzdən Böyük fərəhimiz yoxdur!

Atamız Var olsun!

03 Sərt Ayı, 41-ci il. Atakənd.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: