“Həsrətinlə xəzəl olub tökülən, Saçlarımı nolar biraz oxşasan?!”-Elvin Firudinoğlu…

Müstəqil.Az gənc şair Elvin Firudinoğlunun yeni şeirlərini təqdim edir:

“Döymə pəncərəmi,döymə,ay yağış”

Pəncərəm önündə durub baxıram,
Qolumu sinəmdə qucub sıxıram.
Bu yağan yağışla mən də axıram,
Döymə pəncərəmi,döymə,ay yagiş.

Yenə həzin-həzin şırıldayırsan,
Bəzən də işıqda parıldayırsan.
Nədir ,şüşələrə yazı yazırsan?
Mənim pəncərəmi döymə,ay yagiş.

Bilmirəm, nədəndir,elə dalğınam,
Sanki yol gəlmişəm,yaman yorğunam.
Payız yarpağı tək bu gün solğunam
Sən də pəncərəmi döymə,ay yağış…

Səsləmə havaya sən hədər məni,
Çıxsam ,soyuqluğun üşüdər məni.
O ötən günlərə göndərər məni,
Döymə pəncərəmi,döymə, ay yağış.

Yenə mənə nə deyib səslənirsən,
Bəlkə, o gözəldən xəbər edirsən?!
Göz yaşısan,üstümə çilənirsən?
Döymə pəncərəmi,döymə, ay yağış.

Bizim o izləri yuyub apardın,
Amma günahları silib yumadın.
Ayrı düşdük,kövrəlib ağlamadın,
İndi pəncərəmi döymə ,ay yağış.

İstərəm yollara çıxam çətirsiz,
Təki o sevdiyim qalmasın mənsiz.
Yağışlar,kədəri yuyan deyilsiz,
Nahaq pəncərəmi döymə, ay yağış.

Qoy çıxıb altında dayanım bir az,
Süzülən suyunda islanım bir az,
Soyusun alovum, yaşlanım bir az,
Dayan! Pəncərəmi döymə , ay yağış.

İlhama gəlirəm sən hər yağanda,
Sətirlər düzürəm keçən hər anda.
Özüm kövrəlirəm sən dayananda,
Döy bu pəncərəmi,döy hələ, yağış…
Döy bu pəncərəmi…döy hələ, yağış…

……………………………….

Sanki payızdır deyə köklənin…

Payız yeli əsər mənim üstümə,
Gün uzunu darıxaram səninçün.
Özgə səslər durar mənim qəsdimə
Mən yazıqsa,karıxaram səsinçün.

Küçələrdə gözəlləri görəndə,
Saçlarından oxşadaram xəyalən.
Ətrafımdan adamlar da gedəndə,
Ömrümə sənsizlik gələr bir aləm.

Sən ki,payız axşamında kövrələn
Buludlarda yağış kimi qoşasan.
Həsrətinlə xəzəl olub tökülən,
Saçlarımı nolar biraz oxşasan?!

Gəl ömrümə,gəl qoxusu dərmanım
Kimsə bilmir, “azar”ımın adı sən.
Təmasıyla yaddaşıma hopanım
Heç olmadın,mənim üçün adi sən.

Nə söyləyim,nə çağlayım, ovunum?!
Şair olmaq eh,təsəlli deyil ki.
Yaxına gəl,bir də sənə toxunum
Ayrı qalmaq eşq əcəli deyil ki?!

………………………..

“Yoxluğunda, mən…”

Naməhrəm adamlar doğmalaşırlar,
Taleyin qəribə olaylarında.
Bəzən gedə bilmir,vidalaşırlar
Bu yolun çox çətin dolaylarında.

Biz də bir küçədə doğulmamışdıq,
Bir həyat yolunda üz-üzə gəldik.
Uşaqkən heç zaman,rast olmamışdıq,
Ömür yoxuşunda göz-gözə gəldik…

Bəlkə bir təsadüf,bilgi,reallıq,
İki dost adamı sevgili edər.
Axı bilməz idik, eşqi xəyallıq
Bilməzdik ürəyi nisgili didər.

Dənizdən torpağı görən adam tək,
Mən də sevinərdim,səni görəndə.
İndi o sahildə tənha adam,tək,
Boylanır,qəm edir,gəmi gedəndə.

Heykələ dönürəm,daşa dönürəm
Həsrətin soyuqlu,sərt sazağında.
Düşünüb hər şeyi,başa gömürəm
Yalqızca uzanıb dərd yatağında.

Ehhh,sənli günlərin rayihəsini
Heç gələn bahar da,gətirə bilmir.
Unuda bilmirəm xatirəsini,
Bir qələm yazır da bitirə bilmir…

Share: