“Azərxalça” Lənkəranda tədris-hazırlıq kursu təşkil edib – FOTOLAR

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib.

Avqustun 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Lənkəran şəhərində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən toxucularla görüşüb.

DSC02892

Məlumat verilib ki, tədris-hazırlıq kursu lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 80 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Lənkəran şəhərindən deyil, şəhərə yaxın kəndlərdən də müraciətlər vardır.

Tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib. Qeyd edilib ki, bu il yaradılan bütün filialların fəaliyyətinin təmin olunması üçün belə kurslar keçirilir. Ölkəmizin 10 bölgəsində təşkil olunan kurslarda, hələlik 1000-ə yaxın qadın toxuculuğun sirlərinə yiyələnir.  Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən 1500 toxucu Cəmiyyətin filiallarında işlə təmin ediləcəkdir.

Lənkəranda inşa olunan xalça istehsalı emalatxanasının qısa zaman ərzində istifadəyə veriləcəyini vurğulayan Vidadi Muradov tədris-hazırlıq kursunda iştirak edənlərin həmin emalatxanada peşəkar toxucular kimi fəaliyyət göstərəcəklərinə, keyfiyyətli xalçalar toxuyacaqlarına əminliyini ifadə edib.

DSC02894

Bildirilib ki, gələcəkdə  Lənkərandakı xalça emalatxanasında xovlu xalçalarla yanaşı, xovsuz xalçalar da toxunacaqdır. Dövlət başçımızın böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası həm də bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına şərait yaradacaqdır.

Vidadi Muradov kursda iştirak edənlərə uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Azərxalça”nın Lənkəran filialı üçün bina tikilir. Lənkəran şəhərində yaradılan xalça istehsalı emalatxanasında 150 toxucu fəaliyyət göstərəcəkdir.

Share: