Hər şeyi tərsinə olan şəhər…

Bir neçə həftə əvvəl payızı hiss etmək üçün Bakıdan rayona getmişdim, elə bilirdim bütün paytaxtlarda vəziyyət eynidir. Ta ki Londonu görənə qədər. Təyyarəmiz Londona enəndə 4 saat qabağa düşdüyümüzü öyrəndim, ilk dəfə bir gündə eyni saatı iki dəfə yaşadım. Hətta redaksiyada səfər təəssüratlarımı bölüşəndə hələ belə qabağa düşmədiyimi dedim.

Elə təzə sevinmişdik ki, həmkarımız Aqil Ələsgərin baqajının kiminsə apardığını öyrəndik. Məlum oldu ki, İbrahimova adlı xanım özü “biznes-klass”da uçsa da, çamadanını səhv salıb. Bir neçə saat gözləsək də, xoşbəxtlikdən xanım AZAL-ın Londondakı nümayəndəsinin tanışı çıxdı, zəng vurub qaytardı. 

London gəzintisinə başlarkən bələdçimiz Emin bəyin ilk sözü bu olur: “Kim Londonda darıxsa, bilin ki, həyatı çox darıxdırıcıdır. Çünki Londonda darıxmaq mümkün deyil”.

Daha sonra Trafalqar Meydanı, Big Ben, Bukinqem sarayı, Temza çayı sahilini gəzdik. Və elə ilk andan Londonda hər şeyin tərsinə olduğuna şahid oluruq. Maşınlarda sükan sağda yerləşir, ictimai nəqliyyat da soldan sağa deyil, sağdan sola hərəkət edir. Burada hamı evdən çətirlə çıxır, çünki hər saat yağış yağa bilər. Amma yağışlı hava insanların gəzintisinə və geyiminə heç mane olmur. Leysan olsa da, insanların şortiklə yürüşü, gülümsəməsi bizi təəccübləndirdiyi qədər sevindirirdi. 

Londonda ilk dəfə olsam da, sanki şəhəri uşaqlığımla birgə seyr edirdim. Məktəbdə oxuyarkən şəhərlə bağlı təkcə, “London is the capital of England” məlumatını öyrənməmişdik, eyni zamanda, Temza çayını, “Big Ben”i, Hayd parkı eşitmişdim. İndi o tarixlə üz-üzə idim. İçimdəki balaca uşaq da görsün deyə “Big Ben”ə birbaşa deyil, aşağıdan yuxarı baxırdım. Biz uşaq ikən təkcə dünya ölkələrinin paytaxtları deyil, elə Bakı da kitablarda gördüyümüz şəkillər idi. Çox uzaq idilər, xəyal idilər.

Bələdçimiz bildirir ki, London dünyanın ən yaşıl paytaxtıdır. Onsuz ətrafa baxmaqla bunu çox aydın hiss etmək olur. Gəzərkən xışıdayan yarpaq səsi, rəngli ağaclar və ən əsası gülən insanlar. Gülmək demişkən səfərimizin ikinci günündən sonra mən də hamıya baxıb gülürdüm. Gülüşün insana nə qədər yaraşdığına bir daha əmin oldum.

Yeməklərə gəlincə, yerli yemək sayı çox azdır. Ümumiyyətlə, London çoxdan yerlilik baryerini aşıb. Bəlkə, elə bu səbəbdən turistlər özünü belə rahat hiss edir. Şəhərin mərkəzi küçələrindən sayılan Oksfordda sıxlıqdan addım atmağa yer yoxdur. Əlini belə çətinliklə tərpədirsən, hər an kiməsə dəyə bilərsən. Amma çox qəribədir, bu qədər səs-küyün, sıxlığın içində insan necə xoşbəxt, rahat ola bilirmiş… Sanki ətrafımda heç nə baş vermirdi, sakit və tək hərəkət edirdim. Londonun bir çox küçələrində sürət həddi 20 km-dir, onlar saatlarla tıxacda qalsalar da, bundan məmnundurlar. Nəticədə, söhbət insan həyatından gedir və Londonda insan həyatı hər şeydən vacibdir. 

İngilislər ölkələrini “Üzərində heç vaxt günəş batmayan imperiya” adlandırırlar. Doğrudan da İngiltərədə qaldığımız 5 gün ərzində o sözün gücünü, ağırlığını və rahatlığını hər mənada hiss etdim.

Səfər müddətində “Azərlotereya” şirkətinin rəhbər heyəti ilə birgə Lids şəhərinə də getdik. Sözügedən şəhərdə şirkətin “Poz Qazan” ani lotereyaları istehsal olunur. Biletlər “Scientific Games” şirkətində dizayn və çap edilir. Bir-iki saniyəyə pozduğumuz lotereyanın ərsəyə gəlməsi üçün nə az, nə çox düz bir aydan çox vaxt lazımdır. “Scientific Games” şirkətində biletlərin hazırlanma mərhələsi və test prosesində də iştirak etdik. Məlum oldu ki, nə ütü, nə soba, nə də ağır zərbələr biletin keyfiyyətinə təsir edə bilməz. Şirkət təmsilçiləri özəlliklə vurğuladı ki, sistem alqoritmlə idarə olunğu üçün hansı biletdə uduşun olduğunu qəti bilmirlər.

Yaxın günlərdə “Scientific Games” şirkətindən hazırlanan reportajı təqdim edəcəyik.

Günel Əbilova


Share: