“Hər şey istədiyimiz kimi olsa, futbol oynamağa nə var ki?” — Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Qarabağ” – “Olimpiakos” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Qalib gəlməyi çox istəyirdik. Son dəqiqələrə kimi çox gərgin oyun oldu. Rəqib də həddən artıq istəkli idi. Oyundan razı qaldım. Minimum məğlub olmamaq yaxşı nəticə oldu. Bu oyuna görə ümumi narahatlığım var idi. Futbolçularımda yorğunluq görünürdü. Amma sağ olsunlar, sona kimi çox yaxşı mübarizə apardılar, oyun intiazmını qorudular. Futbolçularımı təbrik edirəm, “Olimpiakos”a qarşıdakı oyunlarda uğurlar arzulayıram.

– Kadinin durumu necədir?

– Sabah tam bilinəcək. Ağrıları var. İlk hissədən sonra bunları hiss edirdi. Oynaya biləcəyini dedi. Amma əziyyət çəkirdi deyə, onu əvəzlədik.

– İlk 25 dəqiqə ərzində qol imkanları çox oldu. Rəqib 4-lü müdafiəyə keçəndən sonra fürsət az düşdü. Bu sistem dəyişikliyini gözləmirdiz?

– Bir az çətinliklərimiz oldu. İkinci hissədə oyunu tam ələ ala bildik. Rəqibin futbolçuları istənilən sistemdə öz təcrübələrindən çox yaxşı istifadə edirlər. Oyunun gedişində müəyyən müddət gərginlik oldu. Amma yenidən üstünlüyü ələ aldıq. Rotasiyalar edən komandalar çoxdur. Biz öz sistemimizi qoruyub, ondan daha yaxşı istifadə etməyə çalışırıq. 90 dəqiqə hazırlaşdığın kimi oynamaq asan deyil. Ümumən, futbolçularım bunu bacardı.

– Rəqib 1 xala çox sevindi. Demək olarmı ki, “Qarabağ” 2 xal itirdi?

– Rəqib barədə fikir bildirə bilmərəm. Bizim xallarımızın üzərinə 1-i də gəldi. Minimum Konfrans Liqasının pley-offunu təmin etdik. Məğlubiyyət başqa göstərici olacaqdı. Rəqibin bura qələbə üçün gələcəyini gözləyirdik. Onlar da ilk xalı qazandılar. Çox sevindiklərini görmədim. Mən həmişə qazandığım xala şükür etmişəm. Qalib gəlmək istəyirdik, amma nəticədən razıyam.

– Oyundan öncə ümumi bir narahatlıq var idi. Bu, nədən qaynaqlanırdı?

– Hər oyundan öncə narahatlığımız olur. Rəqibin gücünü bilirdik. Kənardan fərqli görünə bilər. Çox yaxşı baş məşqçisi, titullu futbolçuları, tarixi olan kluba qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox idi. Azarkeşlər qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatçılıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam.

– Qapıya gedən zərbə olmadı…

– Olmamış olmaz.

– Rəsmi statistikaya görə yoxdur…

– Rəsmi statisatika ola bilər, səhv verib. Baxmaq lazımdır. Məncə, qapıçı top qaytardı. Hər oyun, zərbə istədiyin kimi alınsa, məncə, maraqsız olar. İnşallah, qarşıdakı oyunlarda qapıya gedən olar.

– Komandanızın oyununda narazı qaldığınız məqamlar oldu?

– Belə oyunlarda hər epizoda real baxmaq istəyirəm. Qarşımızda istədiklərimizin qarşısını alan canlı qüvvə var. Rəqibi də nəzərə almaq lazımdır. Realizasiyalarla bağlı narazılığım oldu. Bu da texniki məsələdir.

– “Qarabağ”ın standart vəziyyətlərlə bağlı realizasiyası istənilən keyfiyyətdə deyil. Bu gün də 6 künc zərbəsi təhlükəyə səbəb olmadı…

– Bu gün bəlkə ən razı qaldığım oyun oldu. 15-16 nəfər olan yerdə kombinasiyalarımız alındı. Çox asan epizodlar deyildi. Rəqib hətta bilə-bilə qarşısını almağı bacarmırdı. Realizasiyalarda problem oldu. Hər düşündüyümüz alınsa, futbol oynamağa nə var idi ki…


Share: