HƏR AXŞAM ÖZÜ-ÖZÜNƏ HESABAT VERƏN ADAM…

Deyir ki,- “Məncə bu dünyada xoşbəxt olmağın ən asan yolu dəli olmaqdır. Amma dəlilər öz xoşbəxtliklərinin fərqinə vara bilərlərmi? Hər halda- “Çayı vurub keçən dəlinin fəlsəfəsi” ilə yaşamaq istəyi yaman cəzbedici görünür. Həmişə yarıgerçək, yarızarafat belə bir söz deyirəm:- Dünyada ən xoşbəxt insanlar dəlilərdir. Həyat fəlsəfəmdə mənim ən böyük qəhrəmanım ağıllı fikirləşənədək çayı vurub keçən dəlidir. Vaxtında düzgün qərar verməyi bacarmaq da bir gözəllikdir…”

Hədəfləri çoxdur. Əsas hədəfi Azərbaycanı dünyada təmsil etməkdir. Vətənimizin dünyadan intellektual, elmi, hər hansı ixtira sahəsində geridə qalmasını istəmir. İstəyir ki, biz də dünyaya hansısa ideyalar verə bilək. Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən daha çox, ən böyük sərvəti insanlarının, insan kapitalının olduğuna əmindir. Məqsədi Azərbaycanda ideya bankını yaratmaq və azərbaycanlıların dünyaya verə biləcəyi ideyaların tapılmasına dəstək vermək və bu ideyaların ortaya çıxıb beynəlxalq müstəvidə işıq üzü görməsinə nail olmaqdır…
“Bu gün Avropa bizdən mədəni cəhətdən deyil, maddi cəhətdən, insanların yaşam tərzinin daha yuxarı olmasına görə üstündür. Buna görə də bizim gənclərimiz özlərini amerikalılara və avropalılara oxşatmağa çalışırlar. Hesab edirlər ki, onlar bizdən daha ağıllıdırlar. Hər bir insan maddi olaraq daha yaxşı yaşayan insanı daha ağıllı və daha mədəni hesab edir. Bu absurddur. Bu gün Azərbaycana nifrət edən gənclər var. Kimsə bizdən daha yaxşı yaşayır deyə, öz mentalitetinə, soykökünə nifrət etmək olmaz. Biz özümüzü sevməsək, uğur qazana bilmərik. İnsan özünü sevməli, zəif cəhətlərini etiraf etməlidir. Düşünün, özünə hörmət etməyən insana başqası necə hörmət edə bilər? İnsan özünə qiymət verdiyi zaman güclü olur, pul qazana bilir, həyata möhkəm yapışır və s..”- söyləyir…
Sufilərə xas olan bəzi xusisiyyətlər onda da öz təcəssümünü tapıb. Qədim şamanlardan qopub gələn, əxz etdiyi vərdişləri həyat tərzində əks etdirir. Ox atmağı, yay tutmağı xoşlayır. Musiqini çox sevir.
Deyir ki,- “Musiqi əski Allahların dilidir. Mənə görə, musiqi bu dünyada insanların hansı dildə danışmasından aslı olmayaraq, bir-birini anladığı, hər kəsin paylaşa biləcəyi bir dildir. Bir fərd olaraq özümə icazə vermirəm ki, hansısa bir musiqi janrını dinləməyim. Muğamdan tutmuş caza, roka, repə kimi bütün musiqi janrlarını dinləyirəm…”
Qəribə adamdır, həyata özünəməxsus yanaşması var. Elə bil ideya dağarcığıdır, düşünüb yeni nəsə ortaya çıxarır. Daim yeni-yeni fikirlərin sorağındadır. Haraya baxırsa orada bir fəlsəfə axtarır. Hər axşam yatmamışdan qabaq özü-özünə hesabat verməyi adət edib. Nə etdim-nə etmədim? Yaxşılıq etdimmi, yoxsa yox? Özümü nə qədər inkişaf etdirdim?- kimi suallar hər axşam onu cavab verməyə vadar edir. Yaxşılıq etməyi xoşlayır. Xeyirxah olmaq fürsətinin ələ düşməsini xoşbəxtlik sanır. Hesab edir ki, insan özü üçün yaşayırsa, deməli var, mövcuddur. Əgər təkcə özünü yox, ətrafdakıları da sevindirməyə çalışırsa, məhz onda yaşayır. Çox sevdiyi bir cümləsi var:- “Heç vaxt əldə etmətikdlərini əldə etmək üçün, heç vaxt etmədiklərini etməlisən.” Düşünür ki, uğur qazanmaq üçün həqiqətən də insan həyata sarılmalıdır, xoşbəxt olmaq və xoşbəxt etmək üçün həmişə bir səbəb tapmalıdır…
Haqqında söhbət açdığım Eltən Qədimbəyli (Törəçi) 1979-cu ildə Sədərək rayonunda dünyaya gəlib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinin Teatr-Kino fakültəsində rejissorluq ixtisası üzrə bakalavr pilləsinə yiyələnib. 2009-cu ildə isə K.Karoqo adına Kiyev Dövlət Kino, Televiziya və Teatr Univerisitetində televiziya rejissoru ixtisası üzrə magistr səviyyəsinə yüksəlib. “Regional Televizyaların Proqram Prinsipləri” mövzusunda elmi iş üzərində işləyir. Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. “Qafqaz” Müstəqil Televiziya və Radio şirkətinin rəhbəridir. Əsası Azərbaycanda qoyulan “Çölçü” sosial klubunun yaradıcısıdır. KIV-də sosial mövzularda qələmə aldığı köşə yazıları və “YouTube” platformasında “Çölçü” verilişi ilə müntəzəm olaraq çıxış edir…
Sabah, yanvarın 7-sində Eltən Törəçinin 44 yaşı tamam olur. Çalışdığı sahəyə yenilik gətirə və yeni bir cığır aça bilibsə, deməli qeyri-adi insandır. Necə deyərlər, təyyarəni ilk icad edən adam dahi olsa da, növbəti model təyyarələri icad edən adamlar da ondan geri qalmırlar.
Öz sahəsində kreativliyi ilə fərqlənən, “İnsanlar seçillməyi yox, faydalı olmağı düşünməlidirlər”- devizi altında çalışan Eltən bəyi ad günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Share: