“Həmişə zəhərlənmə olanda yiyəsiz malın üstünə atırlar…” – “Tonqal” restoranındakı ailəvi zəhərlənmə ilə bağlı…

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 92 ünvanında yerləşən “Tonqal” restoranında baş verən kütləvi zəhərlənmə hadisəsindən sonra Qida Təhlükəsizliyi Agentliyinin araşdırmasından məlum oldu ki, zəhərlənməyə səbəb ət və ət məhsullarından hazırlanan qidalardır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bu məsələdə Qida Təhlükəsizliyi Agentliyinin mövqeyi ilə razılaşmadığını bildirdi:
“Əlbəttə restoranlarla bağlı bizə daim müraciətlər olur. Hər ay dörd-beş telefon zəngləri daxil olur və burda birinci yerdə qiymət, ikinci yerdə keyfiyyət və üçüncü yerdə isə xidmət məsələləri dayanır. “Tonqal” restoranı ilə bağlı məsələyə gəldikdə isə, Qida Təhlükəsizliyi Agentliyinin fikirləri ilə razı deyiləm. Məntiq göstərir ki, həmin ailə hardasa qarpız və ya digər qidanı qəbul etdikdən sonra restorana gəliblər. Zəhərlənmə özünü on saat sonra da biruzə verə bilər. Digər istehlakçılar arasında bu hadisə baş verməyibsə, bu o deməkdir ki, həmin ailə başqa qidadan zəhərlənib. Qida Təhükəsizliyi Agentliyi deyir ki, restorandakı ailə ət məhsullarından zəhərlənib. Bu belə olsaydı, başqa insanlarda zəhərlənə bilərdi. Bir quzunu ancaq bir ailə yeməyib, axı.
Mən iyirmi ildir ki, istehlakçıların hüquqlarını qoruyuram və hələ bir dəfə görməmişəm ki, Azərbaycan həkimi malın adını qeyd eləsin. Çünki hər bir mala Səhiyyə Nazirliyi sertifikat verir. Ona görə də həmişə zəhərlənmə olanda yiyəsiz malın üstünə atırlar. Mən bu mövqeylə razı deyiləm, ciddi ekspertiza aparılmalıdır və kim günahkardırsa, tapılıb cəzalandırılmalıdır. Lazım olsa, vətəndaşlara hətta kompensasiya da ödənilməlidir. Bizim qurum uzun müddət tənqid edib ki, sertifikat verən orqanla, əhalinin keşiyində duran orqan bir əldə olmamalıdır. Sertifikat verən orqan müstəqil olmalıdır. İllər boyu bunu Səhiyyə Nazirliyi yerinə yetirib. İndi isə Qida Təhlükəsizliyi Agentliyi həm sertifikat verir, həm də yoxlama aparır. Biz bu mövqeylə də razı deyilik”.
Müstəqil.Az

Share: