Həmişə ispanları sevindirirdi, bu dəfə üzdü… — Fotolar

Ötən gün Mərakeş yığması İspaniya millisini dünya çempionatından kənarda qoyaraq tarix yazdı. “Qafqazinfo” xəbər verir ki, bu gözlənilməz nəticə afrikalıları 1/4 finala daşıdı. 

Əslində, mundialın startından intizamlı futbolu ilə diqqət çəkən mərakeşlilər bunu qrup mərhələsindəki oyunlarda davam etdirdilər. Artıq müasir dövrün məşqçilərinin çarəsini tapdığı tik-taka futbolunu hələ də oynayan ispanlar üçün çətin olacağı gözlənilən idi. 

15 il öncə “Barselona”da Qvardiola ilə başlayan holland üslublu futbol artıq müasir dövrü üçün ideal deyil. Bu gün ona bənzər oyunun daha sürətli forması var. Sürətli oyunçulara malik komandalar tik-takanı təkmilləşdirərək yeni mərhələyə gətirib. Bunu Qvardiolanın “Mançester Siti”sinin timsalında görmək olar. Qısa paslarla oyunboyu rəqibi yormaq və sonrada müdafiənin arxasına atılan ötürmələrlə qol vurmaq istəyi çətin reallaşır. 

Mərakeşin baş məşqçisi Valid Reqraqi “yorucu” futbol adlanan ispanların oyununu dəqiq analiz etmişdi. Mərkəzdə yaratdığı sıxlıq və cinahlarda Əşrəf Hakimi və Mazrauinin gözəl oyunu sayəsində rəqib demək olar ki, qol imkanı əldə etmirdi. 120 dəqiqə nizam-intizamı qoruyan Afrika təmsilçisi matçı penaltilərə daşıya bildi. 

Burada isə üzə qapıçı Yassin Bunu çıxdı. Maraqlıdır ki, matçın qəhrəmanı hazırda karyerasını İspaniyada davam etdirir. Onun futbol həyatının çox hissəsi də məhz bu ölkədə keçib. Kanadada dünyaya göz açan qapıçı sonradan ailəsi ilə ölkəsinə qayıdıb. Futbol karyerasına isə “Vidad” (Kasablanka) klubunda başlayıb. 21 yaşında isə İspaniyaya yollanır. Madrid “Atletiko”sunun B komandasında çıxış etməyə başlayır. Artıq burada onun üçün inkişaf etməyə şans yaranır. 

Bunu daha sonra “Atletiko”nun əsas komandasına gəlir, amma burada heç uğurlu günlər yaşamır. Sonra “Saraqosa”ya icarəyə verilir. Burada da çox qalmır və onun üçün “Jirona” karyerası başlayır. 4 illik “Jirona” həyatından sonra “Sevilya”ya keçir. Hazırda Əndəlusiyə klubunun əsas ümidlərindən biridir. 

Məhz ispanların yetişdirdiyi Bunu onları 1/4 finaldan etdi. Həmişə İspaniyada azarkeşlərini sevindirən qolkiper bu dəfə onları üzdü…

 


Share: