Həmin gün eləcə çiyin-çiyinə addımladılar – Ərdoğan

Əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının – bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

“Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tiflis-Ceyhan neft boru kəməri və Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə – “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri – bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir”, – Ərdoğan söyləyib.

 

Share: