“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın”

…Hər dəfə soyuqlar düşəndə atamın ölümünü xatırlayıram. Xəstəliklər, ağrı-acılar ondan sonra qapımızı tanıdı”…

Bunu Bakı Dövlət Universitetinin 4-cü kurs SABAH qruplarının tələbəsi Nurlan Məmmədəliyeva deyir.

Şəkidə yaşayan Məmmədəliyevlər ailəsinin faciəli günləri ailə başçısının ölümü ilə başlayıb. Ata qaraciyər sirrozundan dünyasını dəyişib. Ana yeganə övladı Nurlanı böyütmək üçün işləməyə məcbur olub. Amma çox keçməyib ki, onda da xərçəng xəstəliyi aşkarlanıb. Hazırda ağır vəziyyətdədir, xəstəlik bütün orqanlarına yayılıb. Nurlan isə ailənini yeganə övladı kimi anasının ağır günlərində ona yardım edə bilmir, çünki özü də yataq xəstəsinə çevrilib. İndi çarəsiz durumda ona yardım edilməsini gözləyir.

“Atam öləndə 7 yaşım vardı. Anam işlədi, birtəhər dolanırdıq. Anam xəstələnəndən sonra vəziyyətimiz daha da ağırlaşdı. Bizə yardım edəcək kimsəmiz yoxdur”, – deyə Nurlan ailəsinin başına gələnləri virtualaz.org-un əməkdaşına danışır.

Nurlan anadangəlmə sol ayağının çıxığı ilə dünyaya gəlib. Atasının ölümünə qədər müalicə alıb, sonradan isə maddi imkansızlıqdan prosedurlar yarımçıq qalıb. 12 yaşından isə belində dözülməz ağrılar yaranıb, bəlli olub ki, onurğasında əyrilik, yəni skolioz var. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunmasını tövsiyə ediblər. Amma ailənin maddi durumu ağır olduğundan əməliyyat baş tutmayıb. “Neçə illərdir idman və masajla skoliozun qarşısını almağa çalışırdıq. Təəssüf ki, nəticəsi olmadı, son bir neçə aydır ki, ağrılar dözülməzdir, artıq sərbəst hərəkət edə bilmirəm”, – deyir Nurlan.

Bir neçə xəstəxanada müayinədən keçən Nurlana təcili əməliyyat tövsiyə edilib. Gənc qızın yuxarı ətrafları S-vari 87 faiz, aşağı ətrafları isə 98 faiz əyilib, əməliyyat olunmayacağı təqdirdə çanaq qabırğa ilə birləşəcək. Bu isə Nurlanın ömür boyu yataq xəstəsi olması deməkdir: “Həkim dedi ki, implant alınmalıdır, bu isə ən azı 12-15 min dollara başa gələcək. Onurğanın tam düzəlməsi üçün təkrar əməliyyatlara ehtiyac var. Anamdan vəziyyətimi gizlədirəm, axı ona stres keçirmək olmaz. Hazırda kimyaterapiya alır, həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın, pul tapana kimi möhlət versin. Kimyaterapiya ömrünü bir neçə ay uzada biləcək”.

Nurlan əlaçıdır, ayda 170 manat təqaüd alır, elə bu təqaüdlə də dolanır. Ötən il Təhsil Nazirliyinin SABAH qruplarına daxil olub, maddi durumu çətin olduğundan, qrupun yataqxanasında yerlə təmin edilib.

Qrup yoldaşları deyir ki, yataqxanada gündə 3 dəfə qidalanma 120 manata başa gəlir. Nurlan isə səhər yeməyindən imtina edib. Çünki 40 manatla yolpulu və digər xərclərini ödəməyə məcburdur. “Nurlan səhərləri ac qalır. Bunu hamıdan gizlətməyə çalışır. Ona kömək etməyə çalışırıq, amma maddi imkanımız yoxdur”, – bizi yataqxanada qarşılayan dostlarından biri əlavə edir.

Dostları onu da deyir ki, Nurlan olduqca mehribandır, onu hər kəs sevir. Faciələrlə dolu həyat yaşasa da, əl açmağı sevmir, hətta dostlarına ümid verir. Buna görə də, onu tanıyanların hər biri yanında olmağa çalışır. Nurlan da dostlarının mənəvi dəstəyi olmadan bir-birinin ardınca gələn zərbələrə dözə bilməyəcəyini deyir.

“Bəzən ağrıdan dişlərini sıxdığını, güclə yeridiyini görürük. Amma məcburiyyət qarşısında dərsə gedir. Ayı başa vurmaq üçün 170 manat əlaçı təqaüdünə ehtiyacı var. Hələ anasının müalicəsini davam etdirmək üçün necə çırpındığını görmək lazımdır”, – bunu da qrup yoldaşları söyləyirlər.

İndi Nurlan xeyirxah insanların köməyinə möhtacdır. Əməliyyat üçün 45 min manat lazımdır. Dostları Nurlana yardım ümidi ilə “Həyat Fondu”na da müraciət ediblər, amma hələlik kömək əlini uzadan yoxdur…

Ülviyyə Xudiyeva

Share: