Həbs edildi, 6 ayını ruhi xəstəxanada keçirdi, teatrdan ayrılıb insult oldu – Xalq artistindən maraqlı faktlar

Müstəqil.az Xalq artisti Baba Mahmudoğlu haqqında maraqlı faktları təqdim edir.

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub.

***

1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi fəaliyyət göstərir.

Baba Mahmudoğlu gənclik illərində

Elə həmin illərdə Amaliya adlı qızla tanış olub onunla ailə həyatı qurur. Bu evlilikdən onların iki övladı doğulur. Xanəndə ailəsi ilə birlikdə 16 il bir otaqlı, darısqal mənzildə yaşamalı olublar. Həyat yoldaşı Amaliya xanım xatirələrində deyir:

“Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər… Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir”.

***

Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A. Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak etmişdi. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənir.

Soldan: Baba Mahmudoğlu, Bəhram Mansurov və Nəzakət Məmmədova

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Mərhum sənətkar öz xatirələrində deyir: “Bir gün eşitdim ki, Opera və Balet Teatrında “Gözəl səslər” müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum”.

***

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyır. 1979-cu ilin sentyabr ayında isə özünə “Dastan” folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayır. B. Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. “Dastan” folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdı.

Baba Mahmudoğlu tamaşa zamanı

Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı unutmur. Ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını yaddan çıxarmır.

***

1962-ci ildə Niyazi Opera və balet teatrında baş drijor olan zaman qəzetlərdə Məcnun rolu üçün yeni ifaçı axtarışı elan verilir. Baba bu müsabiqəyə qatılır və 153 nəfər arasından birinci olur. Elə həmin ildən teatrln solistinə çevrilir. 8 il orda təmənnasız çalışır, baş rollar ifa edir. O, Məcnuun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün o, altı ay ruhi xəstəxanya gedir, ruhi xəstələrin davranış tərzini öyrənməyə çalışır. Tamaşa zamanı obrazı necə ifa edirsə, izləyənlər elə bilir ki. O, həqiqətən də dəli olub. Hətta bir dəfə Məcnun özünü qayadan atan səhnəsində hündürdən atılır və huşunu itirir. Bir dəfə isə az qalır orkestrin üstünə düşsün.

***

Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: “Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır”.

Soldan: Baba Mahmudoğlu, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva, Bəhram Mansurov

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşayiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır.

***

Baba Mahmudoğulunu qəribə xasiyyətlərindən biri də oxuyarkən gözlərini yumması idi. Bir gün Filarmoniyada konsert vermək üçün məşq etdiyi zaman Baba yenə gözlərini yumur. Musiqiçilər görür ki, Baba yenə gözlərini yumub, səsini də uzadır, tez alətləri yerə qoyub bayıra çıxırlar. Sən demə, onlar əvvəlcədən öz aralarında danışıblar ki, Baba ifa edəndə durub getsinlər. Baba təsnifə keçəndə gözlərini açır, baxır ki, otaqda bəstəkardan başqa heç kim yoxdur. Zarafatı başa düşən xanəndə şaqqanaq çəkib gülür.

Baba Mahmudoğlu

Canəli Əkbərov isə xatırlayır:

“Bir dəfə “ezamiyyət vaxtıdır” dedik, bizim kəndimizə getdik. Baba çox aktiv adam idi. Bir yerdə durmurdu. Həyətimizə çatandan az sonra gördük yoxa çıxdı. Arif Babayev dedi ki, əə, bura hara getdi? Evimizin arxasına keçib gördük ki, yoncalıqda uzanıb yatıb. Yonca o qədər hündür idi ki, Baba içində itib-batırdı. Arif dedi ki, sən tut ayağından, mən də başından, bunu yaxınlıqdan keçən kanala ataq. Elə də yatıb daş kimi. Nəysə, bunu qaldırdıq, apardıq kanala tərəf, birdən ayıldı. Başladı bizə yalvarmağa: “Başınıza dönərəm, məni kanala atmayın”.

O qədər saf idi ki, o dəqiqə inanmışdı”.

***

Əməkdar artist Süleyman Abdullayev müsahibələrinin birində deyir:

“Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, hardan deyirdin ordan cavab verirdi. Dünya klassiklərin əzbər bilirdi. İnanın ki, Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda “Kəllə” deyirdik. O vaxtı hər adamın işi deyildi ki, Füzulini dərindən bilsin. Həyat yoldaşı Amaliya xanım da özü qədər savadlı qadın idi. Sovet höküməti vaxtında kooperativ ev aldığına görə onu həbs etmişdilər. Baba da mənim yaxın dostum idi deyə, tez-tez yanına gedirdim. Bir dəfə də çətin vaxtlarında cibinə yüksək məbləğdə pul qoydurmuşdum. Hər dəfə müsahibələrində onu söyləyirdi ki, “Süleyman Abdullayev kimi sənətkar mənim ən çətin günümdə yanımda olub”.

“Aşıq Qərib” operasından kadr

B. Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilir. Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirir. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşir. Həkimlər ona rayonda yaşamağı məsləhət görürlər. Bu səbəbdən B. Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olur. Daha sonra Bakıya qayıdır. 2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edir.

Kulis.az

 

Share: