Dərnəgül metrostansiyasının yanında cəzaçəkmə müəssisəsi var.
Hər gün işə gələndə düşünürəm: Bir hasar o yanda zindan, bu yan azadlıq.
Azadlıq? Yox, böyük mənada elə bir fərqimiz yoxdur.
Onlar istədiklərin etməkdən məhrum, biz istəmədiklərimizi etməyə məcbur.
***
Qobustan qapalı təcridxanasına getmişdim iki il öncə. Uzaq qohumumuz olan ömürlük məhbusa ayın-oyun aparmışdıq. Qəribə ab-havası var: Sarı torpaq, hərdən əsən “ölüm” küləyi, ulartı…
Yağış yağırdı.
Mənə elə gəldi ki, ölüm düşərgəsindəyəm. Elə indicə bir məhbusu güllələyəcəklər. Sonra da kimsə qavaldaşı döyəcləyəcək, qayaüstü rəsmlər hərəkətə gələcək. Təsvirlərdəki yallı oynayan adamlar daşdan düşüb ocaq qalayacaqlar. Güllələnmiş məhbusu da atacaqlar həmin ocağa.
Təbiət ana da ömürlük dustaqdı burda. Ağaclar ölü, yarpaqlar da, sanasan, dar ağacında: boğazları budaqda, ayaqları saat kəfkiri tək sağa-sola yellənir, amma zaman çoxdan ölüb.
Bəlkə də həbsxananın qədim insan məskənində tikilməsi təsadüf deyil.
Bu, ədəbiyyat xətrinə bənzətmə deyil a, Həmid Herisçilik etmirəm. Səbəbin deyəcəm.
***
Ölümdən betər cəzadır bu: Ömürlük həbs!
Yaxşı, faydalılığı nə qədər bu hökmün?
Ümumiyyətlə, həbsxanalar tərbiyə edirmi?
***
Hər məhbus üçün filan qədər pul ayrılır: qida, geyim və sair. Hər həbsxanada filan qədər işçi var: onların maaşı və digər xərclər. İşıq, qaz, su sərfiyyatı…
***
Yaxşı, türmədən çıxanlara münasibət necədir?
İş verirlərmi? – Xeyir.
Qız vermirlər heç. (İstisnalar qaydanı pozmur)
“Filankəs yatıb çıxıb” – psixozu var.
Bir insanın fiziki ölümüylə, bu cür məhvində heç bir fərq yoxdu.
Əksəriyyəti müəyyən müddətdən sonra ya eyni maddə ilə, ya da başqa cinayətlə təzədən qayıdır içəri.
***
Narkoman digər narkomanlarla tanış olur içəridə. Yeni əlaqələr yaranır.
Proses təxmini belə olur: Çıxır. Çöldə “mal” tapammır, qaşınır. Ya kənarda oğurluq edir, ya da birbaşa evdən başlayır: məsələn, anasının qızılların, ev əşyaların…
Hər şey tükənənir, zaman elə gətirir, təzədən qayıdır zindana.
***
Biz onlara kömək edirikmi? – Xeyir.
***
Ömürlük cəzadan bir şey çıxmaz. Bunca absurd görməmişəm.
Narkomanı həbs etmək xala-xala oynamaq kimidi.
Anasını öldürən adama 15 il iş kəsmək heç nəyi dəyişmir.
Pedofili tutmaq çıxış yolu deyil.
Pedofil adam öldürənin yanına göndərilir, absurda bax…
***
Nə etməli?
Narkoloji asılılığın bir yolu var: psixoloji yardım.
İtmiş iradə və özgüvən hissinin bərpası.
Ki, bu fiziki “tərbiyə” üsulu ilən həll olan iş deyil.
Pedofili tutub nə edəcəksiniz ki, o bu travmadan qurtula?
Gələk ömürlük həbsə.
Tutalım, faydalılıq əmsalı yüksək olan bilgini hansısa cinayətə görə ömürlük həbs etdiniz. Nə fayda?
Aydın, işıqlı cəmiyyət qurmaq üçün daha səmərəli yollar var.
İlk növbədə həbsxanalar ləğv edilməli.
Ümumilikdə bu sistemə və məhbuslara xərclənən pulun yarısına onları tərbiyləndirmək, yenidən qazanmaq olar.
Adambaşı bir məhbus üçün xərclənən pulun üçdə birinə hər iki tərəf də qazana bilər: həm dövlət, həm tutulan.
***
Belə bir layihə: Cinayətkarları, narkomanları, pedofilləri və digər cəzalıları “ixtisaslarınca” ayırmaq və xüsusi düşərgələrdə psixoloji təlimlərə cəlb etmək;
Xüsusi bacarıqlılar üçün, müxtəlif ixtisas sahiblərinin bilgilərindən yararlanmaq, onlara peşələri ilə məşğul olmaq və özlərini təkmilləşdirmək üçün şərait yaratmaq;
Əgər maşın ustası adam öldürübsə, həmin düşərgədə usta kimi işinə davam etsin, eyni zamanda psixoloji yardım alsın, müayinə-müalicə edilsin. Mədəniyyət, insani dəyərlər haqda mühazirələr təşkil edilsin davamlı;
Bir növ, adamları yenidən məktəbə yollamaq.
Pedofil travmatik vərdişindən qurtulmaq üçün lazımi psixolji müalicə alsın. Eyni zamanda bilgiləndirilsin;
Əgər müttəhim müəllimdirsə, ona ixtisasınca düşərgədə dərs keçməyə şərait yaradılsın;
Gündə iki-üç saat dərs, müayinə-müalicə və məşğuliyyət.
Sonrakı mərhələdə isə, tutalım, düşərgədə beş müəllim var. Onlar azyaşlı cinayətkarlara dərs versin;
Eyni zamanda ustalar, fiziklər, siyasətçilər…
Narkomanlar psixoloji müayinə-müalicə prosesincə ixtisasları üzrə fəaliyət göstərsin, ya da peşə öyrənsinlər;
Əgər biri ingilis dili bilirsə, azyaşlılara və öyrənmək istəyən böyüklərə də düşərgədəki imkanlar çərçivəsində yaradılmış dərs saatlarında öyrətsin;
Belə: Həbsxanaları qruplaşdırıb bir düşərgədə birləşdirmək. İxtisaslaşdırmaq. Məktəbindən tutmuş digər ixtisaslıların məşğuliyyəti üçün şərait yaratmaq.
Adamlar hər gün, məsələn, saat səkkizdə işə gedirmişlərcə qalxsınlar, işləri ilə məşğul olsunlar.
Məktəbə gedəni məktəbə getsin.
Bərbəri dükanın açsın.
Müəyyən kurslardan sonra seçimlər başlasın.
Təyin edilmiş qaydalarca imtahandan keçənlər azad edilsin.
Amma davamlı nəzarət proqramı çərçivəsində.
***
Belə bir layihə hazırlansa, təkmilləşdirilsə, və tətbiq edilsə, həm cəmiyyət, həm büdcə, həm də məhkumlar qazanar. Hazırda hər üç tərəf itirir.
Ömər Xəyyam