“Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçiriləcək

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramı adını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Elegiya” adlı şeirinin “Günəşə qovuşmaq istəyirəm mən!” misrasından alıb.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan konsert regionda ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularına məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.

Tədbir çərçivəsində, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində təşkil olunacaq sərgidə şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət, uşaqların vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri nümayiş olunacaq.

Share: