Gül kimi iş… — Niderlanddan Nardarana + Videoreportaj

Ağasəlim Yaxşıbəyovun çörəyi 11 ildir ki, güldən çıxır. Biznesinə paytaxtın Nardaran qəsəbəsində gül alveri ilə başlayan bakılı gülçü sonradan böyük ailə təsərrüfatı yaradıb. İndi Yaxşıbəyovları ata-babadan yalnız qərənfil əkilən qəsəbədə müxtəlif dibçək və çoxillik güllərin istehsalçısı kimi tanıyırlar. 

“Qafqazinfo” Ağasəlimin gül təsərrüfatında olub, evlərimizi bəzəyən çiçəklərin hansı əziyyətlə yetişdirilmə prosesini izləyib. 

Təsərrüfatdakı güllər əsasən Niderlanddan gətirilənlərdir. Bakıda mühitə uyğunlaşdırılır və əsasən çiling vasitəsilə çoxaldılır. Həmçinin Türkiyə və digər ölkələrdən gətirilmiş gül toxumları da buradakı istixanalarda yetişdirilərək satışa çıxarılır. 

A.Yaxşıbəyov deyir ki, Bakı və Abşeron yarımadasının mühitinə – küləyinə ən dözümlü gül gerandır. Ətirşah kimi tanıdığımız gülün bir növü olan geran düşdüyü mühitə tez adaptasiya olunur. İstixanada hazırda bu bitkinin bir neçə rənginə rast gəlirik. Ənənəvi qərənfillər isə gözə dəymir. Daha çox onların və qızılgüllərin kiçik – karlik növləri burada çoxaldılır: “Təsərrüfatımızda yetişdirmək istədiyimiz, lakin alınmayan orxideya gülüdür. Bu güllər çox həssasdır. Onlar hər mühitə uyğunlaşa bilmirlər, adaptasiyaları uzun çəkir. Orxideyaları yetişdirmək üçün xüsusi istixanalar lazımdır.

Gələcəkdə bir çox gülləri yetişdimək fikrimiz var. Qızılgüllərin qeyri-adi rənglərindən almağı düşünürəm. Şanti növünün çox gözəl rəngi var, ləçəklərinin bir tərəfi qırmızı, biri sarıdır. Həmçinin “high magic” də qeyri-adi növdür. Bizdə həm də tikansız qızılgül növü “grand gala” var. Ləçəklərində qan damıcısına bənzər xal olur. Satışda ən çox tələbat geran və qızılgülədir”. 

A.Yaxşıbəyov artıq əkdiyi güllərin sayını itirib. Deyir ki, istixanaya gələn şəxs buradan azı 20-25 cür gül alıb qayıda bilər. Qiymətlərə gəlincə isə, dibçəklərin topdansatış qiyməti 50 qəpikdən başlayır: “1-2 manata da güllərimiz var. Ən bahalılar isə qızılgüllərdir. Məsələn, qızılgülün ən bahalı növlərindən olan “fokus”un çoxaldılması çətin olduğuna görə qiyməti 8 manatdan başlanır”. 

Müştərilər gülləri adətən, instaqram səhifəsi üzərindən alırlar. Onlar çox vaxt topdan alınır, bəzən tək gəlib istixanadan gül seçənlər də olur. 

Gülçü deyir ki, yetişdirdiyi bitkilər içərisində çobanyastığı Abşeron mühitində ən effektiv güllərdən sayılır. Təkcə iyul-avqust ayından başqa, ilin 10-11 ay üstündə gül olur. Həmsöhbətimizin ən çox sevdiyi isə buqenvilliya gülüdür: “Qeyri-adi xüsusiyyətə malik bu gülün iti tikanları olur. Sonra o tikanlar uzanaraq saplağa çevrilir və sonra saplaqdan güllər açır. Çəhrayı rəngi olan bu güllər çox gözəl görünür. Qiyməti baha olduğuna görə həm istehsal gücü onu çoxaltmağa imkan vermir, həm də çox alıcısı olmur. 70-80 sm olanlarının qiyməti 10 manatdan başlayır. Böyükləri – 4-5 illik olanlar isə 200-250 manatdır”.

A.Yaxşıbəyov deyir ki, bəzən istixanaya gül almaq üçün deyil, güllərə baxmaq üçün gəlirlər: “Doğru deyirlər ki, gül insanın əhval-ruhiyyəsini hiss edir. İnsan əsəbi olanda güllərə baxarsa, sakitləşir. Bu, gözləgörünən bir şey deyil, hissiyyatla mümkündür. Bəzən elə olur ki, müştərilər bura məhz gülləri seyr etmək üçün gəlirlər.

Bitkilər canlıdırlar, biz hər gün istixanaya gələndə onların vəziyyətinə baxırıq. Canlı olduqlarına görə bir günün içində vəziyyətləri dəyişə bilir. Məsələn, qızılgüllərdə unlu şeh xəstəliyi olur. Onun qarşısını almaq üçün xüsusi dərmanlar veririk. 

Elə gülçü kimi ən böyük problemimiz də güllərə verilən dərmanlarla bağlıdır. Onların əksər hallarda keyfiyyəti aşağı olur və dozadan artıq versək də, təsir etmir”.

Həmsöhbətimizin bütün gülçülər kimi əsas problemlərindən biri də istixana ilə bağlıdır. Qaz ödənişi baha başa gəldiyindən qış aylarında istixanada kifayət qədər bitki yetişdiriməsində problem yaşayırlar. Bu səbəbdən ən çox gül satışının olduğu 8 Mart ərəfəsində bazara kifayət qədər gül çıxarmaq mümkün olmur. 

Gül bağçasında payızda açan güllər də diqqətimizi çəkir. Gülçü deyir ki, əslində onlar payızda açmalı olsalar da, istixanada xüsusi payız mühiti yaratmaqla onları “aldadırlar”. Hər gün saat 18:00-da üzəri qara sellofanla örtülən güllər havanın qaraldığını “düşünür” və beləliklə, payızda açmalı olan güllər yazda açır.

İstixanadakı güllər o qədər xoş aura yaradır ki, onlardan ayrılmaq çətindir. Həmsöhbətimiz də hər gün qulluq etdiyi, böyütdüyü, hər santimetr uzanmasına şahidlik etdiyi güllərdən ayrılmağın bir qədər çətin olduğunu bildirir. Deyir ki, hətta bəzən ilk dəfə gül açan güllə vidalaşmaq istəmir, növbəti gülünün necə olacağı fikri ilə onu bir müddət də özündə saxlayır. Bəzən də ən sevdiyi dibçəkləri evinə aparır ki, bir az da orada göz oxşasınlar.

Biz də güllərdən aldığımız müsbət enerji ilə istixanadan ayrılırıq. Güllər isə öz xoş enerjilərini ötürmək üçün sahibləri ilə qovuşacaqları günü gözləyir.

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal


Share: