“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNDU

 

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi olmuş Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın müxtəlif sahələrinə – ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur. Kitabda hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.
Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazıb.
Şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində öz fikirlərini oxucularla bölüşüb.
Kitabın redaktorları Güllü Eldar Tomarlı və Araz Yaquboğludur.
Kitabda çap olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanov, dizayneri Vüsal Sehranoğludur.
Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.
Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə gedib.
1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olub və 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. O, 1986-1988-ci illərdə Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır. 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunan Maksim müəllim Bakı şəhərində məskunlaşmışdır.
Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim işlədikdən sonra Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
Onun “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.
Maksim müəllim həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, müxtəlif janrlarında şeirlər yazmışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə çap olunmuşdur. “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı şeirlər kitabı çap olunmuşdur. Kitabdakı ustadnamələrlə zəngin şeirlər tərbiyəvi ruhda yazılmışdır. “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Dəyərli insan olan Maksim müəllim 22 mart 2022-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.

Share: