GÖY TANRI-RÜSTƏMXANLI TANRISI

NƏDƏNSƏ QƏFİL YADIMA XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ “GÖY TANRI” KİTABI HAQQINDA İLLƏR ÖNCƏ YAZDIĞIM YAZI DÜŞDÜ. VƏ SEVGİLİ OXUCULARLA PAYLAŞMAQ İSTƏDİM.

Mütaliəyə heç vaxt ara verməsəm də, Sabir Rüstəmxanlının “Qanun” nəşriyyatında çapdan çıxan “Göy Tanrı” kitabını fasiləsiz olaraq oxumağa məqam tapmırdım. Bəlkə də belə bir nəhəng kitabı oxumağa hazırlayırdım özümü. Çünki bu sıradan bir kitab deyildi. Mənim anlamıma görə belə əsərləri oxumaq üçün bir az hazırlaşmaq daha vacibdir.

Başa çatandan sonra haqqında təəssüratlarımı qələmə almağa ehiyac duydum. Bu sadəcə bir ehtiyac deyil. Sanki car çəkib aləmə bildirmək istəyirəm ki, tariximizi saxtalaşdırmaq istəyənlərə qarşı əsaslı  vasitəmiz var.

Sabir Rüstəmxanlı kitabı yazanda, özünün dediyi kimi, hansı ilahi duyğulara köklənmişdisə, oxuyan oxucu da həmin hisslərə köklənir. Çünki söhbət bir fərdin, hansısa balaca bir toplumun yox, minillər boyu yer üzünə sahiblik etmiş nəhəng bir imperiyanın tarixindən və istər-istəməz adı çəkiləndə hər birimizin qürur duyduğumuz QƏDİM TÜRK  TARİXindən gedir. Özü də nəhəng tarixin sadəcə olaraq yaranmasından yox, onun böyük xaqanların, sərkərdələrin iradəsi ilə yaradılmasından… Və məntiqi nəticə odur ki, yaradılanları yaşada bilməmək və yaxud sadəcə olaraq yaşatmaq istəməmək, yağılara qol-qanad açmağa imkan yaratmaq qədər zərərlidir.

Kitabda əvvəldən-axıra türkün böyüklüyü, qədimliyi önə çəkilir. Tarixə aydınlıq gətirən məqamlardan  xali olmayan bu əsər daha çox yazıçı Sabir Rüstəmxanlının araşdırdığı və yaratdığı tarixdir. Özü də bu tarix tarixçilərin yaratdığı tarixdən qat-qat üstündür. Bu kitabda bəşər tarixinin yaranışı haqlı olaraq  türkün yaranışı ilə eyniləşdirlir. Dünyanın ən ucqar qurtaracağında belə (bu gün də davam etməklə) tapılan, uzun illər mənbəyi məlum olmayan cizgilərin, rəsmlərin sonradan türkün qədim yazılı abidələri ilə bağlılığı ortaya çıxanda bu həqiqəti bir daha dərk edirsən.

Və nə yaxşı ki, Sabir Rüstəmxanlı elə bütün yaradıcılığında olduğu kimi bu böyük əsərində də eyni inanca işıq tutur. Tarixi məqamlar yazıçı araşdırması və təxəyyülü ilə çulğaşanda daha gözəl olur:”Günçıxandan Günbatana hələ yalnız bir üzü tanınan yerin ortasında Tanrının öz sevgisindən yaratdığı bir ulus yaşayırdı” və “biz onların törəmələri, nəvələri, nəticələri, kötücələri, iticələri, budaqları və yarpaqlarıyıq”. Deməli ən azından soy-kökümüzü  bilərəkdən gizlədilmiş və saxtalaşdırılmış arxivlərin cəngindən qurtarmağın yollarını tapa bilərik. Sabir Rüstəmxanlı təkbaşına bir institutun  görə biləcəyi işdən artığını bu kitabı yazmaqla görüb.

Və beləcə əsər boyu göydən yaranan insanın ilk illərindən ötən təxminən bir əsrdən bir az artıq (Qara xanın yaşadığı dövrdən başlayaraq  Oğuz xanın 116 illik ömrünün sonuna kimi olan bir zaman kəsiyində) dövr ərzində  keçilən möhtəşəm yolun davamı indi bizim ömrümüzdən keçir.

Sabir Rüstəmxanlının özünün də etiraf etdiyi kimi “Göy Tanrı” şer kimi qəfil doğulub. Elə dilindən, yazılış üslubundan da bunu duymaq mümkündür. Oğuz xan Qam Atayla söhbətini xatırlayır:”Hə, doğrudan da göydən gələnlərin nəsli kəsilib. Bunlar torpaqdan yarananlardır. İllər boyu qanadlı atların belində uçurtdum bunları. Tanrının göndərdiyi qanadlı sözlərlə ruhlarını yüksəltməyə çalışdım. Amma bir yerdə dayanıb, bir parça torpaq tapan kimi dizədək batdılar çamura. Özlərinə qovuşublar.. Daha kimsə onları bu torpaqdan qopara bilməz”.

Qısqanc ədəbiyyatçılar bu əsəri daha çox tarixi, qısqanc tarixçilər isə daha çox ədəbi saya bilərlər. Elə belə düşünsələr də gözəldi. İstənilən prizmadan yanaşsalar da, oxumalıdırlar. Türkçülüyün, tariximizin təbliğatçılarından olan bir dostumuzun -“Göy Tanrı” daha çox bədii əsərdir-deməsini eşidəndən sonra qənaətimdə yanılmadığımı hiss etdim. Sözsüz ki, bunun əksini də eşidəcəyik. Çətini bu kitaba könül verməkdir. Oxuyandan sonra hər kəsin beynində tutduğu yanlış düşüncələrə yer qalmayacaq. Çünki Sabir Rüstəmxanlı çoxumuzdan fərqli olaraq illər öncə də belə düşünürdü. “Salam Gəncə qapısı”nı, “Ömür kitabı”nı yazanda da artıq bu havaya köklənmişdi.  Və sonradan “Göy Tanrı”sı ilə bir daha o böyük inanca öz sədaqətini nümayiş etdirdi (Bunu qələmə alarkən, nədənsə yadıma bir məqam düşdü. Milli-azadlıq hərəkatı təzə başlayan illərdə hansısa mitinqdə Sabir Rüstəmxanlının başı polis dubinkası ilə yarılmışdı. O vaxt mən, səhv eləmirəsə, “Şans” qəzetində apardığım köşədə bir yazı yazmışdım və qeyd etmişdim ki,  bu gün bəlkə də hamını zopa ilə vurmaq olardı, təkcə “Ömür kitabı”nın müəllifi Sabir Rüstəmxanlıdan başqa. Amma əksinə oldu, o zopa heç kimə dəymədi, Sabir Rüstəmxanlıdan başqa). Hələ bu silsilənin davam edəcəyi qənaəti də var oxucuda.

Sözsüz ki, bu əsərin də elmi analizə ehtiyacı var və müvafiq sahənin araşdırıcıları öz münasibətlərini bildirəcəklər. Mənim düşüncəmə görə əslində tarixçilər bu kitabı daha çox bəhrələnmək üçün oxumalıdırlar. Sabir Rüstəmxanlının istisnasız olaraq bütün yaradıcılığında ötərilik yoxdur. Onun əsərlərində kiminsə, nəyisə götürmək, əxz etmək məqamları daha  çoxdur. Amma bir şey var ki, onu vətəndaş şairimizin hər yazısında görmək mümkündür. O da bu Vətəni, bu torpağı və bu torpağın üstündə ilk yaranmışlar olan böyük türklüyü sevməyin yollarıdır. Bunu niyə hamılıqla etmək istəmirik – demək çətindir.

Xırda bütləri dağıdıb Tanrı inancını dirçəldən Oğuz xaqan da min illər öncə bu məhz bu yolun başlanğıcını qoymuşdu. Onun Göy Tanrı inancı əslində böyük türk imperiyasının qurulma metodlarından biriydi. Savaş səhnələri ilə dolu olan bu əsər yeri gəldi-gəlmədi lüzumsuz davalar yapmaq ideyasına istiqamətlənməyib. Əslində Oğuz xanın Göy Tanrıya olan inanca görə öz atasını, yaxınlarını öldürməsi adicə bir yaşam faktı deyil. Bu,  böyük bir törənin qorunub-saxlanması kimi müqəddəs, haqlı bir idealın olum-ölüm   dilemmasından çıxarılması idi. Əsərin sonunda bu ibratəmizlik bir daha özünü büruzə verir. Xaqanın övladları Gündoğandan Günbatana kimi bütövləşmiş türk diyarından hərə öz vərəsəsini istəyir. Bir azdan Oğuz xan Ata Mağarada Qam Atanın ona bağışladı dəri xəritəni övladlarına göstərəcək, onların bölünmək arzularına görk olsun deyə, xəritəni altı yerə kəsəcək.  Amma əvvəlcə dəri xəritədə  göstərilən cizgilərə diqqətə baxıb,  orada göstərilənlərin hamısını fəth etdiyini duyacaq və oğullarının bölünmək  istəyinin nələrə səbəb olacağını onlara anladacaq. “Ömrü qısalıb, Tanrının dili unudulur, əski dünyaları dağılıb, keçmişdən gələn yollar qapanır. Balacalaşıb Tanrıdan uzaqlaşır”. Amma nə vaxtsa “Tanrıya doğru qarşısıalınmaz bir yürüş başlayacaq”.

Oğuz xanın son yürüşünün Midiyadan keçərək Kaspinin güneyindəki kəndlərə gəlməsi, üzü Savalandan o tərəfə-dağlara, dərələrə baxan yeri gözaltıaması, burada onun məzarının olacağı poetik bir dillə təsvir olunub. Arxada isə keçilmiş bir yol qalır. Çindən Günbatan dənizinədək bir ərazidə hamının türklərə bac verməsirnə kimi gətirən bir yol.  O yol təkcə türkün savaş yolu deyildi. O yol ucalıq yolu, təkamül yoluydu. O yoldan sonralar dünyanın böyük türk fatehləri keçib.

Sonda Oğuz xan Ata Mağaradan başlamış dünya boyu getdiyi yerldərdə məbədləri xatırladı. Və son qənaəti: “BƏLKƏ TAPINAQLARI TANRIYA DAHA  YAXIN YERLƏR BİLMİŞƏM! YOX YANLIŞ DÜŞÜNCƏYMİŞ. GÖY TANRI GÖYLƏRİN ALTINDA HƏR YERDƏDİR. ONA YAXINLAŞMAQ ÜÇÜN MƏBƏDLƏRƏ TOPLAŞMAQ ARTIQ İŞDİR, Əksinə MƏBƏDLƏR İNSANI TANRIDAN UZAQLAŞDIRIR. TANRI İNSANIN İÇİNDƏDİR”.

Türkün qədim tarixinə qısqanclıq zaman-zaman öz hökmünü göstərmək istəyib. Kitabı oxuyub başa çatandan sonra bunun bir sıra səbəblərini anlamamaq olmur. İstənilən halda qısqanclıq gərəkli bir məfhuma qarşı olur. Bu baxımdan BÖYÜK TÜRK tarixinə qarşı bu günədək davam edən qısqanclıq niyə olmamalıydı? Bu, türkün dönməzliyinə, qədimliyinə, bir ola bilməyinə olan qısqanclıq idi. Məkrli imperiyalar bunu heç vaxt sınıra bilməzdilər, necə ki, indi də qəbul edə bilmirlər. Bü boyda böyüklüyün hardan pərvəriş tapması onları bu gün də dəhşətə gətirməkdədir. Oğuz xanın hər döyüş ərəfəsi etdiyi etirafı da inancı bir olanların böyüklüyünə dəlalət edir. Xaqan hansı şahın yanına elçisini göndərirdisə, bir qayda olaraq arzularını da çatdırırdı ki, biz döyüş, qan-qada istəmirik, amma bütövlüyümüzü bərpa etmək istəyirik.  Baxmayaraq ki, bəşərin yaranışı kitabda Göy Tanrı inanclı oğuzlarla əlaqəli təsvir edilir, əslində müəllif ondan da irəli olan zamana işıq tuta bilir. Ata Mağarada Qam Atanın ona bağışladığı dəri xəritədə çəkilən cizgilər, əslində türkün Oğuz xandan əvvəlki minilliklərdə də mövcud olduğuna işarədir. Deməli  daha qədim zamanda Gündoğandan Günbatanacan olan ərazilərə sahiblik edənlər də qədim-qayım türklər olub. Oğuz xanın üzü böyüklüyə yol başlaması özündən əvvəl mövcud olan törənin yenidən bərpası idi.

“Göy Tanrı” kitabında xırda texniki qüsurlar və qrammatik xətalar da var. Belə bir dəyərli kitabda tələskənliyə yol verməmək də olardı. Bu iradların müəllifə elə bir aidiyyatı yoxdur, onun günahını kitabı çap edən nəşriyyat işçilərində axtarmaq lazımdır. Əslində isə bu da elə bir günah deyil, çünki onlar belə bir abidəni işıq üzünə çıxarıblar. Ən əvvəlcə bu insanlara ÇOX SAĞ OL düşür.

Vasif SÜLEYMAN

 

 

 

Share: