Gömrük Akademiyası ilə İsveçrənin Transsərhəd Tədqiqatlar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində İsveçrədə yerləşən Transsərhəd Tədqiqatlar Assosiasiyası (“Cross-Border Research Association”, CBRA) ilə əməkdaşlıq və tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. CBRA gömrük xidməti fəaliyyətinin müxtəlif sahələri, o cümlədən ticarətin asanlaşdırılması, transsərhəd gömrük əməkdaşlığı və təchizat zənciri təhlükəsizliyi üzrə Avropa və qlobal miqyasda tədqiqatlar və layihələrə rəhbərlik edən, Ümumdünya Gömrük Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq fəaliyyətləri həyata keçirən bir tədqiqat qurumudur.

Akademiya ilə CBRA arasında 2023-cü ildə müxtəlif prioritet əməkdaşlıq fəaliyyətlərindən ibarət bir gündəlik hazırlandıqdan sonra CBRA tərəfindən qlobal əlaqələr meneceri və hüquq-mühafizə fəaliyyəti üzrə baş ekspert Maykl Ellis ilə Akademiyanın rəisi Qulu Novruzovun Bakı şəhərində imzaladıqları Anlaşma Memorandumu çərçivəsində bir sıra sahələrdə qarşılıqlı səmərəli fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb.

Həmin fəaliyyətlər arasında tədqiqatların aparılması və nəşrlərin hazırlanması, beynəlxalq qrant layihələrinin yaradılması və icrası, beynəlxalq konsorsium layihələrində birgə tərəfdaşlıq, potensialın gücləndirilməsi, gömrük sahəsində insan resurslarının inkişafı üçün akademik dərəcə və təlim-tədris proqramlarının reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, CBRA 2005-ci ildə İsveçrənin Lozanna Universitetində Dr. Yuha Hintsa tərəfindən təsis edilmiş və daha sonra müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Qərargahı İsveçrənin Vaud Kantonuna aid Eçandens ərazisində yerləşən təşkilata Dr. Hintsa rəhbərlik edir. Assosiasiya 2005-2023-cü illərdə Avropa və dünya miqyasında 40-dan artıq beynəlxalq layihə icra etmiş, 100-dən artıq akademik və praktiki nəşr fəaliyyətləri və 14 ölkədə tədqiqat və layihələr reallaşdırmışdır. Təşkilat Aİ-nin “FP7” proqramı və “Horizon” Tədqiqat və İnnovasiya Proqramı tərəfindən maliyyələşdirilmiş müxtəlif beynəlxalq layihələrə rəhbərlik edir. Bunlar arasında 2018-2025-ci illəri və 13 ölkəni əhatə edən “PEN-CP: Gömrük ekspertlərinin Avropa Şəbəkəsi”, “CONNECTOR: Gömrük və Avropa Vahid İnformasiya Paylaşma Mühiti” (2023-2025) layihələri xüsusi rola malikdir.

 

Share: