Gevorkov Heydər Əliyevə pıçıltı ilə bunu deyəndə…

Şuşaya səfərin nəticələri əsasında yazdığım bu oçerki mən keçmiş haqqında xatirələri gələcək üçün vəzifələrlə heyrətamiz şəkildə birləşdirməyi bacaran Prezident İlham Əliyevin çıxışlarının təsiri ilə “Gələcək haqqında … xatirələr” adlandırdım.

https://www.mustaqil.az/?p=85606 Əvvəli burada

Oxuculara xatırladıram ki, bütün bunları Kommunist Partiyasında ən yüksək vəzifələrdən birini tutan insan deyirdi. Bu həmin partiyadır ki, bizi öz tariximizi unutmağa, xüsusən gəlmə erməniləri bu ərazilərdə kütləvi şəkildə məskunlaşdırmış, torpaqlarımızı vəhşicəsinə işğal etmiş Rusiya imperiyası tərəfindən məhv edilmiş Azərbaycan xanlıqlarının tarixini unutmağa məcbur edirdi. Bu həmin partiyadır ki, Azərbaycan torpağında Azərbaycan dilinin istifadəsini açıq-aşkar məhdudlaşdırırdı. Üstəlik, bu deyilənlər Azərbaycandan ayrılmaq cəhdlərinin ara vermədiyi regiona aid idi. Desəm ki, eşitdiklərim məni heyrətləndirdi, hesab edin ki, heç nə deməmişəm. Eşitdiklərimin təsiri altında Heydər Əliyevin mənə bu cür etimadlı münasibətinə görə təsviredilməz dərəcədə qürur hissi keçirirdim.

Məqbərənin tikintisi başa çatmağa yaxınlaşırdı, abidənin açılışını yayda qeyd etmək, bunu Vaqif Poeziya Günləri ilə eyni vaxta salmaq ideyası vardı. Heydər Əliyev bu ideyaya düzəliş etdi: “Məqbərəni onu tikintisi başa çatandan dərhal sonra açacağıq, poeziya bayramını isə yayda da keçirmək olar. Məhz bu səbəbdən, məqbərə bütün Şuşanın qarla örtüldüyü vaxtda açıldı, poeziya bayramının isə yayda keçirilməsi nəzərdə tutuldu. Əslində məqbərənin açılışı Qarabağ xanlığına ehtiram əlaməti, poeziya bayramı isə Azərbaycan dilinin şərəfyab edilməsi oldu. Onları burada təsvir etməyəcəyəm, çünki bu haqda o dövrün mətbuatında oxumaq olar.

Heydər Əliyev poeziya bayramı günlərini keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər işçiləri və yaradıcı ziyalıları ilə görüşün keçirilməsi ilə eyni vaxta saldı. Biz vilayət partiya komitəsinin binasına gəldik, həmin görüş burada keçirilməli idi. Vilayət partiya komitəsinin rəhbərinin kabinetində biz üç nəfər idik. Vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkov Heydər Əliyevə lap yaxınlaşdı və az qala pıçıltı ilə ona nə isə deməyə başladı. Heydər Əliyev ona uca səslə cavab verdi: “Xeyr, əgər kimsə bu barədə danışmağa cəhd göstərsə, mən münasibət bildirəcəm və fikrimi deyəcəm”.

Gevorkov dinməzcə kabinetdən çıxdı, Heydər Əliyev isə mənə müraciətlə dedi: “O məni fikrimdən döndərmək istəyir ki, mən nəzərdə tutduğumu deməyim”. Mən məsələnin mahiyyətini bilirdim, buna görə dedim ki, Gevorkovun bu dərəcədə sadəlövh olduğunu düşünmürdüm. Hər ikimiz güldük.

Zal adamla dolu idi. Orada iştirak edən 400 nəfərin xeyli hissəsi özlərinin antiazərbaycan və separatçı cəhdlərini həyata keçirmək xatirinə hər cür provokasiyalara hazır idi. Heydər Əliyev öz çıxışında Azərbaycanda siyasi və iqtisadi vəziyyəti təsvir etdi. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş dəyişikliklərin güclü təsir bağışlayan mənzərəsini təqdim edərək dedi: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində abadlıq işləri aparır, əhalinin rifahını yüksəldirik”. Bunlar o sözlər idi ki, Boris Gevorkov Heydər Əliyevi onları deməməyə razı salmaq istəyirdi. Zala tam sükut çökmüşdü.

Bu hadisələrdən az sonra Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birinə irəli çəkildi. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və ölkənin siyasi rəhbərliyinin orqanı olan Siyasi Büronun üzvü kimi Moskvaya köçdü. Son 13 ildə cınqırını çıxarmağa qorxanların hamısı başlarını qaldırmağa başladılar.

***

1988-ci ildə başlanan hərəkat Ermənistanın fikrincə, ermənilərin “böyük xalq” kimi qəbul edilməsinə və firavanlaşmasına gətirib çıxarmalı idi. Onların uydurma miflərə və nağıllara əsaslanan cəhdləri gerçəkləşə bilməyəcək fantaziya olaraq qaldı. Onların seçdiyi yol Dağlıq Qarabağın hüquqi baxımdan tanınmasına gətirib çıxarmadı. Ermənilərin “böyük xalq” kimi qəbul edilməsi əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal azad olunmasını tələb edən və Dağlıq Qarabağ regionunun müstəsna olaraq Azərbaycana mənsubluğunu təsdiq edən dörd qətnaməsi ilə pislənildi. Bütün genişmiqyaslı regional və qlobal layihələrdən təcrid olunmuş Ermənistan firavanlaşmaq əvəzinə hər hansı iqtisadi artım perspektivlərindən məhrum oldu, sürətlə yoxsullaşdı, onun əhalisinin rifahı isə durmadan azalmağa başladı.

Ermənistanla müharibə başlandı. Azərbaycan bu müharibəyə zorla cəlb edilmişdi. Birinci Qarabağ müharibəsi dövründə daxili çəkişmələr cəngində olan Azərbaycan bu savaşa hazır deyildi. Ermənistan həmin müharibədə ölkəmizin ərazilərinin xeyli hissəsini işğal etdi və təqribən 30 il ərzində işğal altında saxladı. Özünü “döyüşkən xalq”, “məğlubedilməz ordu sahibi” hesab edən ermənilər lovğalanaraq özlərini “müzəffər Tiqran”ın varisləri kimi təqdim edirdilər. Bu həmin Tiqrandır ki, romalılar onu iki dəfə məğlub edib devirmişdilər. Böyük antik yazıçı və filosof Plutarx onun haqqında yazırdı: “Tiqran öz çar tacını Pompeyin ayaqları altına ataraq vur-tut Romanın bir əyalətinə çevrilmiş çarlığını utancaq halda qəbul etdi”.

Tiqranın hökmdarlığı belə şərəfsiz şəkildə başa çatıb, ermənilər isə onu mifləşdirərək bu gün də “müzəffər” kimi təqdim edirlər.

Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti vəzifəsinə 1993-cü ilin oktyabrında seçilmişdi. O vaxt postsovet məkanında baş vermiş məlum tarixi hadisələr nəticəsində əmələ gələn mürəkkəb siyasi, psixoloji və iqtisadi problemlərin həlli Azərbaycanın qarşısında kəskin zərurət kimi dururdu. O öz qətiyyəti, möhkəm iradəsi, bir neçə addım irəlini görmək bacarığı sayəsində ölkədə siyasi vəziyyəti sabitləşdirməyə, pozucu qüvvələrin dağıdıcı fəaliyyətini dayandırmağa, xarici siyasətin əsas prinsiplərini formalaşdırmağa, Azərbaycanın Avropanın aparıcı strukturlarına daxil olması istiqamətində işlərə başlanılmasına, prioritet əməkdaşlıq ölkələrini müəyyən etməyə nail oldu; Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasına dair sistematik danışıqlar aparılırdı; respublikada gələcək iqtisadi artımın təməli qoyulmuşdu.

İlham Əliyevin Prezident seçilməsi ilə, təbii ki, Azərbaycan tarixində yeni dövr başlandı. 2003-cü ildə o, artıq yaradılmış platformaya əminliklə söykənərək ölkəyə rəhbərlik etməyə başladı. İlham Əliyevin 17 illik prezidentlik yoluna nəzər salsaq, aşkar görmək olar ki, o, hakimiyyətdə olduğu lap ilk günlərdən Qarabağ probleminin həllinə hədəflənmişdi. Azərbaycan iqtisadiyyatının artımı sürətləndi, bu iqtisadiyyat sabit gəlirli səviyyəyə çatdırıldı. İqtisadi əlaqələrin dairəsi ölkənin siyasi maraqları ilə sıx birləşir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşına çevrildi ki, bu da qitənin aparıcı ölkələri ilə uğurlu əməkdaşlığa gətirib çıxardı. İlham Əliyevin diplomatik bacarığı Azərbaycana dünyanın bir çox aparıcı ölkələrinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu tərəfdaşı olmaq imkanı verdi. Eyni zamanda, ordunun ən müasir silahlara təchiz olunmasını, zabit və əsgər heyətinin ixtisas səviyyəsinin artırılmasını, ordunun döyüş qabiliyyətini müəyyən edən mənəvi və psixoloji keyfiyyətlər məcmusunun formalaşdırılmasını nəzərdə tutan hərbi quruculuq işləri gedirdi.

Tezliklə Azərbaycan öz ərazilərinin azad olunması naminə müharibəyə hazır idi. Lakin o, hərbi yola əl atmaq istəmirdi, güman edirdi ki, Ermənistanın rəhbərləri sağlam düşüncəni əsas tutacaq, başa düşəcəklər ki, özgə ərazilərini işğal altında saxlamaq perspektivsizdir. Amma məlum oldu ki, Ermənistanda hakimiyyət sükanı arxasında olanlar sağlam düşüncəni və praqmatizmi deyil, öz şəxsi ambisiyalarını və mifik təsəvvürlərini rəhbər tuturlar. Buna baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar davam edirdi. Bu halda Azərbaycan münaqişənin uğurla həll olunacağını, Ermənistan isə uğurla uzanacağını nəzərdə tuturdu.

2020-ci il sentyabrın 27-də yekdilliklə Vətən müharibəsi kimi qəbul edilən İkinci Qarabağ müharibəsi başladı. Çoxmillətli Azərbaycan xalqı yekdilliklə öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə qalxdı. Azərbaycanlı əsgər və zabitlərin öz Vətəninin azadlığı naminə həlak olmağa hazır olduqları qəhrəmanlıqla dolu 44 gecə və gündüz. Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gecəsi və gündüzü. Bu günlər ərzində o, döyüş əməliyyatlarına rəhbərlik edir, eyni zamanda, öz xalqı ilə sıx təmasda olur, xarici KİV-lərə çoxsaylı müsahibələr verərək, informasiya mübarizəsinin ön xəttində olur və Azərbaycan xalqının öz torpaqlarını azad etmək hüququnu izah edirdi.

Prezident İlham Əliyevin yüksək diplomatik məharəti öz bəhrəsini verdi. Dünyanın əksər ölkələri bizim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına güvənərək, tarixi torpaqlarımızı öz gücümüz hesabına azad etmək səyimizə anlaşıqlı yanaşdılar. Bizə dost ölkələr yanımızda idilər. Onların arasında Türkiyə xüsusi yer tutur.

Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın böyük hissəsi silah gücünə azad olundu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun Zəfər yürüşünün kuliminasiya nöqtəsi oldu. Azərbaycanın aşkar hərbi-siyasi üstünlüyünü görən erməni tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını bir güllə atılmadan boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

İşğaldan azad edilmiş torpaqlara həmin rayonlarda doğulanlar, ictimai xadimlər, həmçinin əcnəbilər, ələlxüsus da Ermənistan-Azərbaycan münaqişəsi və İkinci Qarabağ müharibəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı bacaran və bunu ürəkdən istəyən əcnəbilər səfər edirlər. Azad olunmuş torpaqlardan çəkilən video və fotomateriallar yayılmağa başlayıb, dünya qədim sivilizasiyaya mənsub olmalarını çox həvəslə hamıya inandırmağa çalışan xalqın nümayəndələrinin vəhşiliyinin və vandalizminin şahidinə çevrilir.

Həsən Həsənov, dövlət xadimi, tarix elmləri doktoru

Ardı var…

Share: