Getdikcə zəifləyən sərbəst güləşimiz…

Cari ilin sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirildi. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi isə bu mundialda bütün növlərdə yalnız bir qızıl medala sevindi.

Yunan-Roma növündə Olimpiya çəki dərəcəsi olmayan 55 kq-da Eldəniz Əzizli dünyanın ən güclüsü oldu. Bu növdə olan güləşçilərimiz DÇ-də heç də pis çıxış etmədilər. Ümumilikdə 5 medal qazanıldı ki, bunlardan biri qızıl, biri gümüş, digər üçü isə bürüncdür.

Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxdı.

Qadın güləşində isə fiasko yaşandı. Komandanın lideri Mariya Stadnikin yoxluğunda komandamızın digər üzvləri medalçılar sırasına düşə bilmədi. Elis Manolova və Jalə Əliyeva yalnız 5-ci yerlə kifayətləndi. Qadın güləşimizdə Mariya Stadniki çıxsaq, digər milliləşdirilmiş idmançıların heç də uğurlu olmadığı göründü.  

Əsas mövzu isə sərbəst güləşlə bağlıdır. Belə ki, bu növdə komandamız son illərin ən zəif nəticələrindən birini göstərdi. Güləşin liderlərindən Rusiyanın iştirak etmədiyi DÇ-də Azərbaycan idmançıları yalnız 2 bürünc medal əldə etdi. Onlardan biri də 92 kq-da Osman Nurməhəmmədovdur ki, bu çəki Olimpiya Oyunları üçün nəzərdə tutulan çəki deyil.

Komandamız cəmi 40 xal qazanıb ki, bu son illə müqayisədə də 2 xal aşağıdır. Ötən il 42 xalla 8-ci olan komandamız cəmi 40 xal toplayaraq 9-cu olub.

Sonuncu dəfə buna bənzər bərbad nəticə 2018-ci ildə Budapeştdə keçirilən dünya çempionatında yaşanmışdı. Lakin o zaman belə Azərbaycan idmançılarından finala vəsiqə qazanan olmuşdu. Cəbrayıl Həsənov yalnız həlledici görüşdə uduzaraq gümüş medal əldə etmişdi.

2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada isə komandamız 2 gümüş medal qazanmışdı. Şərif Şərifov və Cəbrayıl Həsənov fəxri kürsünün ikinci pilləsinə yüksələ bilmişdilər.

Ötən il keçirilən DÇ-də də komandamız 2 bürünc medal əldə etmişdi. Abubakar Abubakarov və Osman Nurməhəmmədov mundialın bürünc medalını qazanmışdı. Lakin digər idmançılarımız komandamızın hesabına xal yazdıra bilmişdi. Nəticədə 42 xalla dünya 8-cisi olmuşduq.

Bu dəfə isə əsas diqqət çəkən məqam əksər sərbəst güləşçilərimizin ilk görüşdə uduzması idi. Bu məğlubiyyətlər komandamızın hesabına xal yazılmasının qarşısını aldı.

Gəlin son 5 dünya çempionatında sərbəst güləşçilərimizin yığdığı xallara baxaq:

2017-ci il: Sərbəst güləşçilərimiz 32 xalla 5-ci olur

2018-ci il: Sərbəst güləşçilərimiz 44 xal yığır və 9-cu olur

2019-cu il: Sərbəst güləşçilərimiz 56 xalla 7-ci olur

2021-ci il: Sərbəst güləşçilərimiz 42 xalla 8-ci olur.

2022-ci il: Sərbəst güləçilərimiz 40 xalla 9-cu olur.

Azərbaycan sərbəst güləşçiləri sonuncu dəfə mundialın qızıl medalının 5 il öncə görüb. 2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq tarix yazmışdı və 3-cü dəfə dünya çempionu olmuşdu.

Amma komandamız 5 ildir ki, mundiallarda qızıl medala həsrətdir. Görünən odur ki, güləşçilərimizin potensialı getdikcə azalır.

Baş məşqçi Namiq Abdullayev və Azərbaycan Güləş Federasiyası komandanın aşağı səviyyədə çıxışının səbəblərini açıqlamağa borcludur.

Sərbəst güləşdə əsas favoritlərindən olan Rusiya və Belarusun diskvalifikasiyasından sonra Avropa arenalarında ardıcıl uzğur qazanan, bununla öyünən komandanın DÇ-də uğursuzluğunun səbəbi naməlum olaraq qalır.  

Sərbəst güləş yığmasının DÇ-də iştirak edən tərkibi: Əliabbas Rzazadə (57 kq), İslam Bazərqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşirov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq).

Elsevər Məmmədov


Share: