GEDƏN GÜNÜN ARXASINCA… – Əbülfət MƏDƏTOĞLU

Baxma, geri dönməyəcək

Hər ötən gün özüylə nə isə aparır və hər ötən günün də arxasınca özündən asılı olmadan çevrilib baxırsan. Bəlkə də bu bir instinqdi… Bəlkə də insanın özünün özündən qopan zərrələrinə, hissəciklərinə bir təəssüfdü, bir ehtiramdı… bir vidadı, bir ağıdı. Amma hər nədisə, bu bizim içimizdən bütün hallarıyla gəlib keçən bir hissdi. Və mən də sizlərdən biri olaraq hər ötən günün məndən gətirdiyindən çox apardığını görürəm, yaşayıram və onun dalınca da heç nə demədən susub baxıram. Guya desəm nə olacaq ki?! Necə deyələr, olan olub, gedən gedib…

Bu məqamda yadıma rəhmətlik məşhur meyxanaçı Nizami Rəmzinin (əgər yanlışlıq edirəmsə, oxuculardan üzr istəyirəm – Ə.M.) dillər əzbəri olan meyxanası düşür. Daha doğrusu, onun bir bəndi. Sovet dövrünün meyxanalarından idi bu. Deyirdi ki:

Gedən gedib, yerdə qalan da gedəcək,

Qorxma, bizi dərdə salan da gedəcək.

Bəli, bu prizmadan baxanda gedən də, səndən qopub ayrılan da nə qədər üzücü olsa da dözməyə məhkumuq. Başqa yolumuz yoxdu. Sadəcə, yadımızda saxlamalıyıq ki, biz bizdən öncə gedənlərə qovuşacağıq, ruhən onlarla birlikdə olacağıq. Ona görə də arxasınca baxdığım ötən günün ondan öncəki günlərə qovuşduğunu qəbul edirəm. Və bu gün yazınını diqtə olunduğu, yazıldığı zaman kəsiyinin də ötüb gedən günə qovuşacağına heç bir şübhəm yoxdu – mənli, mənsiz. Həyat, zaman və təbii ki, bir də Yerin öz oxu ətrafında fırlanması öz işini görəcək. Mən nə qədər desəm də ki, içində olduğum ağrı, acı, sevinc, kədər, uğur, məğlubiyyət, bir sözlə, məni əhatə edən və mənim sarıldığım nə varsa, tərpənməzdi, dəyişməzdi. Bu bir abstrakt fikir kimi mənə aiddir. Onun dəyişdiyi isə başqalarının diqqətindən yayınan deyil. Hətta bir dəfə yazdığım misraların təsiri altında bu mövzuda fikir yürütməyə çalışanda dəyərli bir dostum mənə xatırlatdı ki, öz adından və öz düşüncən kimi ortaya qoyduğunu kiməsə sırımaq ixtiyarın yoxdu. Onun dediklərini götür-qoy edəndən sonra razılaşdım. Və elə həmin o razılıq nöqtəsində bir daha şeirin ahənginə uyub dedim ki:

Elə kövrəlmişəm uşaq olmuşam

İçimdə büzülür dodğım xəlvət…

Mən indi hamıdan uzaq olmuşam –

Soyuğa bürünür otağım xəlvət.

Elə kipriyimi tək-tək qırpıram

Demək kəfənimi cırpıb yırtıram…

Gecə yastığımı yüz yol çırpıram –

Dərdə çarpayıdı yatağım xəlvət.

Geçən bu ömürün çoxudu artıq

Ürək son nəğməsin oxudu artıq…

Aşkar sağalması yuxudu artıq –

Görən sağalacaq o dağım mənim?!

Bəli, indi ömrün çoxunun getdiyi və bir də bu gedənin sağalmayan yaraları özü ilə aparmaması əlavə bir ağrılı, əlavə bir yük olur çiynimdə. Bax, ona görə də əsəblərimi cilovlaya bilmirəm. Necə deyərlər, ağrısını, ağırlığını atıb gedənlərin namərdliyinə dözülməz oluram. Axı, biz niyə belə edirik? Niyə ancaq özümüzə faydalı olanı, özümüzün həyatında iz buraxanı yarıyolda qoyuruq. Axı sevinclə kədər əkizdi. Ona görə də sevincin ömrümüzdə açdıqlarını özümüzlə götürdüyümüz kimi kədərin də vurduqlarını unutmalı deyilik. Onları toplum halında, ömrümüzün bir hissədi kimi daşımağı bacarmalıyıq. Düşünürəm ki, mənim bu məntiqim o qədər də qorxulu və təhlükəli deyil. Ən azından hisslərə bir sayğıdı. Sayğı göstərən də təbii ki, sayğıyla qarşılaşar…

Ötən zaman kəsiyinin həyatıma vurduğu naxışların içərisində baş səhifə var. O səhifə qırmızı qələmlə yazılıb. Hardan baxsam, hansı tərəfdən vərəqləri çevirsəm, dərhal diqqətimi çəkir, o, özünü göstərir. Özü də elə göstərir ki, ona “yox ol!” demək mümkün olmur. Ona görə ki, o, ömrün bir hissəsidir və bunu da öncədən də qeyd etmişdim. Elə həmin o qırmızı hərflə yazılıb qaranlıq məqamları işıqlandıran hissənin də baş qəhrəmanı özüməm. Axı burda söhbət tək mənim yox, həm də böyük bir insan toplumunun yurdsuz-yuvasız qalmasından gedir. Özümünkülərin, həmyerlilərimin çəkdiklərini, oxşar və yaxud da müəyyən fərdlərlə yaşamaq, çəkmək qismətimin işığında kağıza pıçıldamışam ki:

Özüm qaçqın, yuxum qaçaq

Gözümün dibi lillənib…

Səhərləri necə açdıq? –

Bir deyən yoxdu – dillənib…

Başımdan basır aşağı

Çəkdiyim qəmlərin fikri…

Qovur mən adlı uşağı –

Barmaqlarımın zikri…

Dumandı səmtim və bərəm

Yoxdu gələn, nə də görən…

Nə bitir ki, nə də dərəm? –

Nə də yoxdu ümid verən…

Qaçaq yuxum, qaçqın özüm

Ortada başına qaldım…

Bir meh idi əsdi sözüm –

Sonda göz yaşına qaldım…

Elə bu yerdəcə vurğulayım ki, bütün ağrıların, bütün dərdlərin, bütün sevinclərin, hətta bütün gülüşlərin şah damarı olur. O damarla təkcə dərd, qəm, sevinc, ağrı fırlanmır. O damarla, biz onu izləyəndə, onu özümüzdə hiss edəndə elə özümüz də ona qoşuluruq. Bir də baxıb görürük ki, içimizdəkilərin başqa cizgiləri də ortaya çıxır, özünü büruzə verir. Şəxsən mən belə hallarda öz-özümə pıçıldayıram:

Mən çəkən dərdlərin hamısı tərdi

Üstünün şehi də qurumayıbdı…

Özünüz görürsüz vallah, nətərdi –

Gözünün lili də durulmayıbdı!..

Deməli, çəkdikcə çəkilən, yaşadıqca yaşanılan hisslərdən qurtulmaq, lap konkret desəm, xilas olmaq yolu yoxdu. Ona görə də hər yerdə, hər zaman, hər bir yazımda, hər bir sözümdə təkrar-təkrar vurğulayıram ki, Allahın verdiyini yalnız Allah geri ala bilər. Əgər mənin qəlbimdə Səni bir varlıq olaraq yaradıb, böyüdüb yaşadırsa, məndən də səni almaq gücü ona məxsusdu. Bunu qəbul etmək heç də hansısa bir günaha imza atmaq deyil. Əksinə, bu, gerçəyin etirafıdı. Yoxsa…

Bəli, etirafda gecikəndə ağrı da, xatırlama da çox dəhşətli olur. Hətta bəzən dözülməz həddə gəlib çıxır. Bax, bu mənada mən sənə etiraf etdiyim kimi, sən də mənim haqqımın üstünə getməməlisən. Etiraf etməsən də onu tapdalamamalısan. Çünki:

Susdurmayın, ruhumun

Qonaq gələn vaxtıdı…

Son, əbədi yuxumun –

Ruha bələn! – vaxtıdı…

Şər qarışıb sükut da –

Öz içində susub ta!..

Kipriyində su tut da –

Qəmin gülən vaxtıdı…

Ürək bağlı kiliddi

Kim açdı, kim kiritdi?!

Dünyasından kim itdi –

Onun bilən vaxtıdı!..

***

Hər dəfə hansısa bir işin dalınca və yaxud da eləcə özümdən, sözümdən inciyib, ya da onlara bir dinclik vermək istəyiylə çəkilib haralarasa gedəndə mənə elə gəlir ki, bir də dönüş olmayacaq. Tam səməmi deyirəm, istənilən adamı harasa yola salanda elə bilirəm ki, o, özüylə birlikdə bütün dünyamı götürüb aparır. Bir də o adamı görə bilməyəcəm. Bu çox ağrılı bir hissdi. Hətta bir dəfə mənə söyləyiblər ki, özüm gedəndə narahat olmuram, yola salanda üzülürəm! Bax, bu deyim bütün dünyama, bütün hisslərimə hakim kəsilib. Ona görə də lap deyək ki, gəzməyə, toya-bayrama gedən adamların da yolasalma mərasimi mənə ağrı yaşadır. Bunu mənə irad tuta bilərsiniz, günah saya bilərsiniz. Amma neyləyim ki, bu belədi. Gedənlər mənim dünyamı da özləri ilə aparırlar. Amma özümü aparmırlar. Və hardasa mənə elə gəlir ki, onlar bu gedişlərilə məndən qurtulmaq, məndən xilas olmaq istəyirlər. Bilmirəm hardan hopub qanıma bu üzüntü ? Və mən bunu zaman-zaman yaşayıb gedənlərin də, elə qalanların da, o cümlədən özümün də ovqatımı korlayıram. Və tutulan iradları da təsəlli olsa belə həzm edə bilmirəm. Çünki gedənlər mənim təklənməyimə yol açırlar. Və mən də həmin o təkləndiyim anların şəklini çəkirəm, özü də sözlə…

Tez gəl gülüm, dönüb tez gəl

Bu şəhər təkləyib məni…

Ürəyim, həm tutduğu əl –

Sənsizlik ləkləyib məni…

Bu şumda qəm şitillənib

Kədər də bostançı olub…

Orda-burda midillənib –

Keçən vaxtım itib, solub…

Sığındığım künc, bucaq dağ

İsinməyib hənirimə…

Yad gəlibdi ev, uşaq da –

Bu tükənən səbrimə…

Ağırlaşıb anın daşı

Təkliyim

güc gəlir mənə…

Bu sevginin yanın qaşı –

Qorxuram göz dəyər sənə!..

Getdin, gördün, gəzdin, qayıt

Təkliyimi sök canımdam…

Yatan ruhu öpüb ayılt –

Getmə, bir də sən yanımdan…

Hə, indi bütün yazı boyu söylədiklərimin cilovunu əlimə almaq, bir axara gətirmək zamanıdı. Çünki ötən hər gün özüylə apardıqlarının içərisində sənin izin, sözün, işartın da olur. Onlar gedib xatirəyə çevrilir. Mən isə xatirələrlə əylənmək, xatirələrlə təsəlli tapmaq istəyindən çox-çox uzağam. Ümumiyyətlə, acı da olsa gerçəkliyin özü mənə daha doğmadır. Bu doğmalığın da ömrü özümün, sevgimin ömrü boyda ölçülüb mənim üçün. Mən boyumdan hündür, yəni ölçümdən artıq nəsə istəmirəm, ummuram. Tanrıdan diləyim yalnız mənə yazdığının, mənə verdiyinin halal haqqın olmasıdı- acı da olsa, şirin də, əzablı da olsa, sevincli də! Axı mən Tanrı önündə ruhumu ona tapşırıb demişəm ki:

Bir Tanrı nuru var bəndə içində

Yuxusun şeh ilə silənlər bilir…

İlahi, bu nurun mən də içində –

Pıçıltı kimiyəm, bilənlər bilir…

Məsafə keçmişəm gözdən uzaqda

Ocaqdan uzaqda, közdən uzaqda…

Nə qədər dursam da sözdən uzaqda –

Mən sözün kimiyəm? – bilənlər bilir.

Uca olmağın da ölçüsü haqqın

O ölçü qazancın – əbədi taxtın…

Zamanın sözüdü, sözün də vaxtın –

Keçib sınaqlardan gələnlər bilir.

Məsafə nədir ki? – göz-qaş arası

Ürəyin özü ol, ya da parası…

Əbülfətə qalan bir göz qarası –

Bir də nəm kiprikdi – gülənlər bilir.

Bəli, ötən günün, yaşadığım anın, üzümə açılacaq sabahın böyük Səməd Vurğun demişkən, mübtədası Sənsən! Bunu bilənlər bilir. Siz də ötən gününüzün, yaşananan anınızın mübtədasını unutmayın. Bilin ki, onu da bilənlər bilir, o cümlədən də mən!..

Share: