“Gözlərimin yuxusunun gəlib sənin kirpiyində yatmasıymış səni sevmək…”-Vüsalə Asifin şeirləri

SƏNİ SEVMƏK
(Vüsalə Asif)
 
Ləpələrin sahilinə
qaranəfəs qaçmasıymış səni sevmək….
Qızılgülün qaranlıqda açmasıymış səni sevmək…
Yüz illərlə susuz qalan, cadar- cadar olmuş arxın
suyla dolub, daşmasıymış səni sevmək…
Göy üzünün dolub- dolub,
Hönkür- hönkür yağmasıymış səni sevmək…
Kor adamın bu dünyaya
əlləriylə baxmasıymış səni sevmək…
Sənə həsrət dodaqların
aynalarla öpüşüymüş səni sevmək…
Ayla günün, sübh çagında
görüşüymüş səni sevmək…
Son ümidin qığılcım tək
pərvanəni yaxmasıymış səni sevmək…
Həsrətimin vüsal adlı
sancısıymış səni sevmək…
Harda kiçik ağrı olsa,
qaçıb məni tapmasıymış səni sevmək…
Gecələri gözlərimin yuxusunun
gəlib sənin kirpiyində yatmasıymış səni sevmək…
Barmağımın şeir yazıb, öz başını qatmasıymış səni sevmək…
Ehhh, içimdə öz- özümdən qaçmağımmış səni sevmək…
Hər dəfə də itirəndə “məni” səndə tapmağımmış səni sevmək…
Uzaqdan e, lap uzaqdan səni sevmək istəməkmiş SƏNİ SEVMƏK…
Səni sevmək istəmirəm.
 
DEDİKLƏRİN……
 
Görəsən olubmu məndən qabaq da,
Bu qədər ürəklə can dediklərin.
Halına yanıbmı kimsə mən kimi,
Qanıbmı dərdini qan dediklərin…
 
Çətindir hər üzdə agrını görmək,
Olarmı daş bilib hər sözü hörmək..
Almışıq həyatdan o qədər örnək,
Çevrilib nökərə xan dediklərin.
 
Uzaqmış vüsalın bir ulduz kimi,
Səpilər yaramın üstə duz kimi.
Gəlib taleyindən ötər buz kimi
Yanmaz bircə dəfə yan dediklərin…
 
Neylədin, ay zalım , dərib könlümü,
Gözlədim yollara sərib könlümü.
Kövrək xəyalımı, qərib könlümü
Anarmı, Vüsalə,an dediklərin?
 
GüNAHDIR MƏNIM ADIM…
 
Bütün günü tək qalıb, xiffətini udmuşam,
Başımı itirmişəm, özümü unutmuşam.
Məni bağışlayarsan, xəlvət bir iş tutmuşam,
Günahdı mənim adım…
 
Ürəyimi ağrıdır tənə dolu sözlərin,
Üstünə su calama canımdakı közlərin.
Axıtma göz yaşını öpülməli gözlərin,
Sabahdı mənim adım…
 
Bu daxmanı uçursan tikib qurtararsanmı?
Dərd toxumdu, könlümə əkib qurtararsanmı?
Sən məni ömrün boyu çəkib qurtararsanmı?
Bir ahdı mənim adım…
 
Dönüb zülmətin olar saçlarımın kölgəsi,
Bircə anda dağılar, eli, yurdu, ölkəsi.
Cücərməyib bu eşqin buna qədər bəlkəsi,
Sınaqdı mənim adım…
 
Xatirəni istəsən ikimizin də qalar,
Son ümidin toz kimi ayaq izində qalar.
Bir gün çıxıb gedərəm, əlin dizində qalar,
Qonaqdı mənim adım…
Share: