Gənclər Günü münasibətilə Yevlaxdakı “N” saylı hərbi hissədə tədbir keçirildi — Fotolar

Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı və Yevlax Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yevlax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himnini oxuması ilə başlanıb. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova Azərbaycanda gənclər hərəkatının tarixindən söz açaraq qeyd etdi ki, müasir Azərbaycanın gənclər siyasəti Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Bu gün İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir. Ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Gənclərin döyüşlərdə qəhrəmancasına iştirak edərək,  bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər.  44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər Gənclər və İdman İdarəsinin Rəşad Bəhmənli, “N” saylı Hərbi hissənin komandiri, polkovnik-leytenant Elvin Rzayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Elvin Əjdərli çıxışlarında ölkədəki gənclər hərəkatına, orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.

Hərbi xidmətdə fərqlənmiş əsgər və zabitlərin bir qrupuna qiymətli hədiyyələr təqdim edildi. Sonda hərbi hissənin şəxsi heyəti Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində musiqi və rəqs nömrələrinə tamaşa edərək şən və unudulmaz anlar yaşayıblar.


Share: