Gənc Tamaşaçılar Teatrı beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq Avrasiya Teatr Festivalında iştirak ediblər. İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış “Mən gəldim, qızlar” tamaşası ilə çıxış edən teatr festivalın xüsusi mükafatına layiq görülüb.

Bu barədə kulis.az-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

“Əsərdə müharibədə gözləri kor olmuş, ancaq ümidini itirmədən ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur. İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər”, – deyə teatrın mətbuat katibi qeyd edib.

Share: